İntihar edən polkovnikin məkrli planı - Hizbilər və yaxud ləğv edilmiş MTN-nin tör-töküntüləri
26-12-2016, 10:21

teref.az poçtuna gələn bu məqalə ilə sizi tanış edir:
Azərbaycan mentalitetində belə bir şey var ki, ölənin dalınca danışmazlar. Mən də bu fikri az-çox bəyənirəm. Çünki ölü nə təsdiq, nə də təkzib edə bilir. Nə qədər istəyirsən danış. Çifayda. Amma rəhmətə gedən də gərək sağlığında elə işlərlə məşğul olsun ki, sonradan müzakirə obyektinə çevrilməsin. Elə məsələlər də var ki, onunla məşğul olan insanlar dünyalarını dəyişəndən sonra da istər-istəməz xatırlamalı olursan. Ya yaxşı, ya da pis. Ləğv edilmiş MTN-nin Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev təxminən bir il bundan öncə təcridxanada intihar edib. Mən bu şəxsi tanımıram, törətdiyi əməllər və intiharı barəsində mətbuatdan məlumat almışam. Görünür, nəsə çox ciddi səbəblər varmış ki, rəis müavini bu yola əl atıb. Mənimsə bildiyim, eşitdiyim bəzi mətləblər var ki, bu adamın adı ilə bağlıdır. Söhbət ölkəmizin bir sıra rayonlarında radikal dindarların təşkilatlanmasından və fəaliyyətlərinin indi nə üçün önə çıxmasından gedir. Bu barədə mətbuat da yazıb və çoxsaylı misallar da gətirilib. Problemin təməli də ləğv edilmiş MTN-nin dövründə qoyulub. Aldığımız məlumatlara görə, məhz İlqar Əliyevin rəhbərliyi altında bu proses az qala bütün respublikada həyata keçirilib. Bəs nə idi onun məqsədi? Onsuz da yerlərdə sələfilər vardı və onlara qarşı mübarizə aparılırdı. Belə olan halda yeni radikal-dini ocaqların yaradılmasına nə ehtiyac vardı? Təhlil aparanda görürsən ki, bu boşuna bir proses və yaxud hansısa əməliyyat deyil. Xain bir plandır. Çox təəssüf ki, bu məkrli plan ölkənin təhlükəsizliyini qorumalı olan bir nazirlikdən idarə olunub. Mən misal da çəkə bilərəm. Xaçmazdakı sələfilər və azsaylı xavariclər Qobuqırağı kənd məscidində namaz qılırdılar. Aralarında hərdən ixtilaflar da olurdu. Amma bu böyük qarşıdurmalara gətirib çıxarmırdı. Məscidin imamı olsa da, sələfilər öz aralarından indi yaşı altımışı keçmiş Məhəmməd Cabbarovu ağsaqqal seçmişdilər. O, hər yerə dəvət olunurdu. Rayon icra hakimiyyətinə də, güc strukturlarına da, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi bəzi tədbirlərə də və s. Lakin güc strukturlarının birindən verilən göstəriş əsasında o, yanında gənc bir dindarı da gəzdirməli olurdu. Qəflətən vəziyyət dəyişdi. Gözlənilmədən göstəriş gəldi ki, həmin gənc mütləq məscidin ağsaqqalı olmalıdır. Özü də bu göstəriş elə-belə yerdən gəlmədi. Deyilənə görə, keçmiş MTN-nin Antiterror mərkəzindən. Dindarlar da gördülər ki, daha Məhəmməd Cabbarova “stavka” qoyulmur. Ona görə də, ətrafından çəkildilər. Tənha qalmış Məhəmməd kişi küncə sıxışdırıldı, ibadətini təkbaşına indiyədək davam etdirir. Radikal ideyalar məscidə hakim oldu. Dünənəcən dövləti müdafiə etdiklərini deyən, dinindən asılı olmayaraq hər bir kəsə hörmət bəslədiklərini söyləyən bəzi sələfilərin cildi dəyişdi. Dövlət də, onlarla olmayanlar da, dönüb oldular kafir. Az keçməmiş bu dəstə üzvləri Xaçmaz şəhərinin N. Nərimanov küçəsindəki məsciddə də qarışıqlıq salmaq istədilər. Alınmadı. Çünki oradakı dindarlar ustalıqla qarşıdurmadan yayındılar. Deyəsən, başa düşdülər ki, hansısa qüvvə onları tora salmaq istəyir. İndi biz yazanda ki, Qobuqırağı məscidi hizbilərin əlindədir, xoşları gəlmir. Keçmişlərini etiraf etməyə də cürətləri yoxdur. Onların kimlərlə görüşdüyünü, kimin maşınından istifadə etdiklərini, niyyətlərini gözəl bilirik. Çox ciddi obyektiv səbəblər ucbatından bunları açıqlamırıq. Lakin indi orada ibadət edənlər bilməlidilər ki, kiminsə əlində bir alət olublar.
Məsciddəki qarşıdurma yaranmamışdı, yaradılmışdı. Çünki keçmiş MTN-dəki Antiterror mərkəzinin rəis müavini İlqar Əliyev belə istəyirdi. Mən heç də sələfiləri müdafiə etmək məqsədini qarşıma qoymamışam. Yaddan çıxarmayaq ki, radikallar da məhz onların arasından çıxıb. Bir tərəfdən də öz ampulalarındadırlar. Demokratiya baxımından yanaşsaq, prinsiplər uyğun gəlmir. Onlar deyirlər ki, başda kim olur-olsun ona itaət edilməlidir. Əmirləri qeyd-şərtsiz yerinə yetirilməlidir. Məsələn, tanınmış sələfi alimi Şeyx İbn Useymin deyir: “Əgər rəhbər günah edirsə, biz onun əməlinə pis baxırıq, amma onu eşidib itaət edirik. Fərz edək ki, hansısa rəhbər içki içir, zina edir, yaxud hər-hansı günah işlədir. Belə halda biz onun əməlinə pis baxırıq, bu işindən razı qalmırıq. Necə ki, bu haqda hədislərdə deyilmişdir. Amma biz ona itaət etməkdə müxalif olmuruq.” Elə Azərbaycanın sələfi lideri Qamət Süleymanov da rəhbərə itaət məsələsində eyni fikirdədir. Söhbət konkret şəxsdən yox, ümumi rəhbərlərdən gedir. Səhv etmirəmsə, onun bu məsələdən bəhs edən bir bülleteni də çapdan çıxmışdı. Mən dünyəvi dövlətin, demokratiyanın və insan haqlarının qorunmasının tərəfdarıyam. Dindarların itaət məsələsinə bir qarışacağım yoxdur. Çünki demokratiya hər bir kəsin əqidəsinə hörmət tələb edir. Əlbəttə ki, əgər bu əqidə məmləkəti terrorla, qırğınlarla, qarşıdurmalarla və digər xoşagəlməz hallarla üz-üzə qoymursa. Bir daha deyirəm, bu sələfilərin öz işi və əqidəsidir. Alt qatda isə başqa problem vardı. Görünür, peşəkar əməliyyatçı İlqar Əliyevə belə əqidədə olan dəstə sərf etməyib. Ona görə də öz xain planını əməliyyat işi kimi yerlərə sırıyıb. Nəticədə bu günki vəziyyət yaranıb. Yəni dövlətini və millətini kafir adlandıranlar şəbəkələşib. Çox ehtimal ki, bu işə maliyyə də sərf olunub. İnanmıram ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları Ruhani İdarəsi bu məsələdən baş açmasınlar. Lakin susmağa üstünlük veriblər. Çünki kimin ağlına gələr ki, ölkənin təhlükəsizliyinə birbaşa cavabdeh olan şəxs və yaxud şəxslər belə çirkin işlərlə məşğul olsunlar. Gələcəkdə hansısa məkrli planlarını həyata keçirmək üçün radikal dəstələr formalaşdırsınlar. İndi üz-üzə gəldiyimiz hizbilər də keçmişin tör-töküntüləridir. Biçarələr başsız qalıblar. Gücləri bir şeyə çatır: Nəyin bahasına olursa-olsun ölkədə bir qarşıdurma yaransın. Lakin DTX-nın Xaçmazda və Ələtdə keçirdiyi son əməliyyatları sübut etdi ki, bu tör-töküntülərin öhdəsindən gəlmək dövlət üçün heç nədir. Ya həbs ediləcəklər, ya da öldürüləcəklər.
Ümumiyyətlə paytaxtda da , rayonlarda da dini məsələlərə çox həssaslıqla yanaşmaq lazımdır. Dini ayrı-seçkliyə, dinin siyasiləşməsinə, xarici müdaxilələrə, dindən bir alət kimi istifadə edənlərə qarşı amansız mübarizə aparılmalıdır. Heç bir məscid qeyri-qanuni fəaliyyət göstərməməlidir. Qeyd etdiyimiz xain planda iştirak edənlər tutduqları vəzifələrdə qalıblarsa, dərhal uzaqlaşdırılmalıdırlar. Təbii ki, bilərəkdən ediblərsə. Bir də ki, gözümüzün önündə Türkiyə, İraq, Əfqanıstan, Suriya, Liviya nə günə düşüb? Bu dövlətlərin təhlükəsizliyinə cavabdeh şəxslər və yaxud qurumlar yox idimi? Bəzi radikallar elə bu qurumların içindən çıxmadımı?
Yəqin ki, məni qınayanlar da tapılacaq. Mən də həyatda olmayan bir insanın eşitdiyim əməllərindən danışdım. Nə edim? Söhbət dövlətimdən və millətimdən gedir. O şəxsdən danışdım ki, yəqin ki, etdiklərinə dözməyib intihar edib. Mən belə düşünürəm.
Yadımasa bir hadisə düşdü. 1993-cü ildə Kəlbəcərdən və Laçından olan məcburi köçkünlər Xaçmaza gəlmişdilər. Köçkünlərdən biri deyirdi ki, kəlbəcərdən olan qız ermənilərin əlinə düşməmək üçün özünü qayadan ataraq intihar etdi. Həə, bu da intihar idi. Amma...
Müqəddəs Mehdiyev
“Şimal xəbərləri” qəzetinin baş redaktoru