40 ilin namazqılanı ilə 40 ilin fahişəsinin həcc ziyarəti - Aydın Can yazır...
Bu gün, 10:32

Bugünlərdə çox ciddi saydığım imzanın çox yaxşı tanıdığım biri haqqında yazısını oxudum: ürəyim ağrıdı!
Düzdür, mənim demirəm bir neçə, lap onlarca, hətta yüzlərlə bəytərifi sayılacaq yazılarım olub – o yazılarda mütləq şərt qəhrəmanın peşəkarlığı, istedadı, işgüzarlığı, savadı prioritet olub, fəqət onların heç birində mənim qəhrəmanım nəinki cəmiyyətə, heç kiməsə ziyan vurmuş naqis adam deyil. Haqqında oxuduğum yazı qəhrəmanı isə dünyanın ən əskik işlərinə imza atmış biri olsa da, əxlaqlı, mömin, dəyərli olaraq təqdim olunması iyrənc gəldi mənə!
İnsan təvazökar olmalıdır – özünü tanımalıdır, haqqında deyilən sözün nə qədər haqlı olduğunu özü müəyyən etməlidir. Mən haqqında yazdıqlarımı “yarkiy, soçnıy” təqdim edirəm, parıltısından zövq alıram, dopdolu olmağından ləzzət alıram, adam özü və ya kimsə deyəndə ki, çox abartmısan, bircə söz deyirəm: gətir haqqında yazdığımdan yaxşısını təqdim elə, gör ondan necə yazıram - bir dəfə İlahə Fədadan “İlahi səsin İlahəsi” yazmışdım, “Ayna” qəzetinin məsul əməkdaşı qayıtdı ki, elə yazmısan, elə bil Rəşid Behbudovdan yazmısan, qayıtdım ki, mən Rəşid Behbudovdan yazanda onu da oxuyarsan, onda utanarsan bu iradına görə!
Əgər PORTRET yazırsansa, içdən və içindən yazırsan və o halda başqalarına təqdim edirsən ki, başqaları o ştrixləri görmür, o rakursdan proyeksiyası yoxdur adamın, hətta əclafdırsa da belə, təqdim edəndə xüsusi vurğulayırsan ki, “on podlets, no naş podlets”, bununla da aydın olur ki, bu yazı düşmən gözü çıxarmaq üçündür, bundan başqa kimsə yox!
Söhbət açdığım yazı isə... sadəcə, bir buqələmunun bir saf insanı uzun illər mənafe və məqam toqquşması olmadığı üçün, eyni zamanda onu “hamam suyu” ilə özünə dost tutmasının ifadəsiydi - əgər tanıdığı bu illər ərzində BİRCƏ dəfə imkan düşsəydi, adamın manatı öpüb möhür yerinə səcdəyə getdiyini anlayardı! Onu mömin, əxlaqlı və gözəl dost obrazında təqdim etməzdi – ondan bir pillə yüksək olması üçün isə dünyanın ağlagəlməz əclaflıqlarına imza atması üçün dost dediyinin onu axmaq adlandıracağına, hətta az qala həbsə layiq olduğunu dilinə gətirəcəyinə şahid olardı!
Ona görə bu hədisi yazdım – düzdür, həzrət Əli deyirdi ki, kin insanı qocaldır, ancaq həqiqəti söyləmək də insanı təhlükələrdən qoruyur, hərçənd deyilən anda oda atsa da! Həyat nə dünəndir, nə bu gün, həyat sabahlarıyla, təhlükəsiz və əclaflarsız sabahlarıyla gözəldir!
Bir gün 40 il namaz qılan biri həcc ziyarətinə hazırlaşır, yola düzəlir, bir də görür ki, 40 il fahişəlik etmiş qonşu qadın da düşüb bunun dalınca. Hirslənir ki, sən fahişəsən, mən həccə gedirəm, dalımca düşmə. Qadın yalvar-yaxar edir ki, hirslənmə, razılaş, göz dumanlı, tutqun görüncə aralı gələrəm, hesab elə sənin dalınca gəlmirəm. Namazqılan razılaşır. Bir neçə həftə yol getdikdən sonra çölü-biyabanda bir ağac görünür. Namazqılan görür ağacın dibində bir it bağlanıb. Daşlayır, aralı saxlayır, quyudan su çəkir, dəstəmaz alır, yeməyini yeyir, yoluna davam edir. Amma bu 40 il fahişəlik edən qadın ağaca çatanda birinci itə su verir, birinci ona yemək atır, gözdən itirməsin deyə tez-tələsik namazqılanın ardınca yola düzəlir.
Uzun sözün qısası, gəlib çatırlar Məkkəyə. 40 ilin namazqılanı görür ki, ziyarətgah xidmətçiləri onu buraxıb ardınca gələn qadını isti qarşıladılar, ona təlimatlar verdilər, ona yardımçı oldular, ona istirahət şəraiti yaratdılar, amma bunu vecinə alan yoxdur. Mərasim bitəndən sonra da qadını həqiqi hacıxanım ranqında, rütbəsində hörmət-izzətlə yola saldılar. 40 ilin namazqılanı özünü sxlaya bilmir, hikkəsini büruzə verir:
- Mən 40 ilin namazqılanıyam, məni elə qarşılamadınız, amma o, 40 ilin fahişəsi, elə hörmət-izzətlə qarşıladınız, yola saldınız, eləyə bilmədim dinməyim!
- Sən 40 il namaz qılan görşənişi yapmısan, amma o 40 il özünü! Çölü-biyabandakı zəncirdə olan it sənin son sınağın idi – sən ona bir içim su, bir tikə yal qıymadın! İti ağacda zəncirdə yaradan da Allahdır, səni namazqılan obrazında, o qadına fahişə həyatı yaşadan da! Həyat imtahandır – imtahandan it də, fahişə də alnıaçıq, üzüağ çıxdı, sən yox!
Mənim o dostun bu tanışım haqqında yazdığı yazıya iradım o itə münasibət rakursundan idi! Sadəcə, yazdım ki, ağacda bağlanan itin susuzluğuna, aclığına laqeyd olanlara, heç olmasa, fahişə gözü ilə baxmağı bacarmayanlara namazqılan şərəfi verməyək!
Dostları incitmiş olursunuz, oluruq!
p.s. Azərbaycan elə bir ölkədir ki, burada ən ağlasığmaz yalanlarla ən əndazəsiz mərhəməti özlərinə yönəldənlər var: mən ilyarım sonranı indidən amiranə şəkildə iddia və təsdiq etmə gücündən xaricəm və avantüristlikdən uzağam, necə ki, 2020-ci ildə ruş qoşunlarının Azərbaycanda olmasına görə hay-həşir salanlara demişdim: əzizlərim, biz 2025-ci ili indidən kəbinləməyək, bəlkə daha tez zamanda onlar Azərbaycanı tərk edəcək – gedişatı doğru təhlil etmək qabiliyyəti olsun!
Bu gün cəmiyyətə sırınan yalanlar, yalançı obrazlar uzağı ilyarım sonra ayrı rakursda bəlli olacaq: yalnız mələklər Göydən həqiqəti görür, bizə 40 ilin namazqılanları ilə 40 ilin fahişələrinə fərq qoymaq bacarığı lazımdır!
Hər birimizin qarşısına quyunun yaxınlığında ağaca bağlanan ac it çıxır!
Arada habitus prizmasından da təhlili bacarmaq lazımdır!
Altından çıxılması mümkün olmayan yalanlar olduğu kimi, altından çıxılması mümkün olmayan yazılar da var!
O yazılara imza atmamaq lazımdır!
Çünki.... ilyarımdan sonra o sırınan yalanların sorunu olacaq! Əgər bu gün o yalanla cəmi ilyarımı qazanırıqsa, itirdiyimiz... bütün və böyük gələcək olacaq!
Hər yazı... alın və portret yazısı deyil! Nəinki rəssam, hətta bir fahişə də onu cənnət yazısı edə bilər!
Bunu bacarmırıqsa, namazqılanları bihörmət etməyək: onların haqq etdiyini layiq olmayanlar üçün yazmayaq!
Bu qədər... qarşınıza ağaca bağlanan itlər çıxanda su və bir tikə quru çörək verin!
Aydın Can
TEREF