Alimlər insan tarixində ən uzun miqrasiyanın sirrini açdılar
Bu gün, 12:58

Science: qədim asiyalılar 20 000 km yol gedərək Cənubi Amerikaya çatmışdılar
Tribunainfo.az xəbər verir ki, Sinqapurun Nanyan Texnologiya Universitetinin alimləri beynəlxalq tədqiqatçılarla birlikdə qədim insanların Şimali Asiyadan Cənubi Amerikanın ucqar cənub nöqtəsi olan Odlu Torpağa qədər keçdiyi miqrasiya marşrutunu bərpa ediblər. Bu 20 000 km-lik yol, insan tarixində qeydə alınmış ən uzun miqrasiya hesab olunur. Araşdırmanın nəticələri Science elmi jurnalında dərc edilib.
Genetik analizlər göstərib ki, təxminən 14 min il əvvəl qədim insanlar Şimali Asiyadan çıxaraq Cənubi Amerikanın şimal-qərb sahillərinə qədər gəlib çıxıblar. Buradan əhali dörd əsas qrupa bölünüb: bir hissə Amazon hövzəsində qalıb, digərləri isə Səhralı Çako, Patagoniya və And dağlarına üz tutublar.
Tədqiqatda müasir genetik analiz üsullarından istifadə olunub və nəticələrə görə, qədim asiyalılar düşündüyümüzdən daha zəngin genetik müxtəlifliyə malik olublar. Alimlər bildirir ki, bu nəticə əvvəlki düşüncələri dəyişir – çünki əvvəllər ən yüksək genetik müxtəlifliyin Avropalılarda olduğu düşünülürdü.
Lakin bu uzun miqrasiya yolu nəticəsində həmin köçəri toplumların genetik müxtəlifliyi azalıb.
“Onlar yalnız əcdadlarının genetik fondunun bir hissəsini daşıyırdılar, bu da immun sistemlərinin zəifləməsinə səbəb ola bilərdi”, – deyə tədqiqatın müəlliflərindən biri Kim Hi Lim bildirib. Bu, min illər sonra Avropalılar tərəfindən gətirilən xəstəliklərə qarşı yerli xalqların niyə bu qədər həssas olduğunu izah edir.
Tədqiqat həmçinin göstərib ki, bu qədim insanlar sərt mühitlərə – Patagoniyanın buzlu düzənliklərindən tutmuş And dağlarının yüksəkliyinə qədər – uyğunlaşa bilmişdilər. Alimlər bu uyğunlaşma qabiliyyətini insanlığın sağ qalması və yeni əraziləri mənimsəməsi üçün əsas amil hesab edirlər.
Qeyd edək ki, daha əvvəl alimlər Pireney dağlarının son buzlaşma dövründə ibtidai insanlar arasında canlı ticarət mərkəzi olduğunu da müəyyən etmişdilər.