“Alatava 2. Avtonəqliyyat” ASC-də biabırçı mənzərə... - səhmdarlara 40-50 manat verdilər, onlar isə...

16-06-2015, 13:30           
“Alatava 2. Avtonəqliyyat” ASC-də biabırçı mənzərə... - səhmdarlara 40-50 manat verdilər, onlar isə...
“Bu biabırçılığa nə vaxt son qoyulacaq?”

Virtualaz.org saytına müraciət edən “Alatava 2. Avtonəqliyyat” ASC-nin səhmdarı Vəzir Rəcəbov şikayətinə bu sualla başlayır.


V.Rəcəbov deyir ki, onu narazı salan məsələ “ASC-nin səhmdarlarının ümumi yığıncağı” adlı insidentdir: “Bu yığıncaqdan xeyli vaxt keçsə də hələ də özümə gələ bilmirəm. Artıq 16 ildir, yəni ASC təsis olunandan onun səhmdarlarından biriyəm. Məni də bu yığıncağa dəvət etmişdilər. Oğlumla mən ASC-nin təxminən 1000 səhminin sahibiyik. Yığıncağın gündəliyində duran məsələ səhmdarlara divident verilməsi ilə bağlı idi. Buna sevindim. Çünki ASC-yə qoyduğum sərmayədən bu 16 ildə bir qəpik də gəlir götürə bilməmişdim. Amma bu sevincim uzun çəkmədi. İclasda zalda oturan ASC sədri Arzuman Murtuzayevin əvəzinə nəyə görəsə baş mühasib Təranə Kərimova hesabat məruzəsi ilə çıxış etdi. Halbuki Kərimova heç səhmdar da deyil. Bu da qanun pozuntusudur.

Təranə Kərimova dedi ki, müəssisəsinin balansındakı ərazi 21600 kvadratmetrdir. Onun da yalnız 1000 kvadratmetri icarəyə verilib və müəssisə digər kommersiya fəaliyyəti ilə məşğul olmur. Hərçənd icarəyə verilən sahənin dəfələrlə az göstərildiyini o dəqiqə sezmək olar. Burada məqsəd aydındır: ASC-nin ümumi gəlirinin az olduğunu sübut etmək. Kərimova dedi ki, müəssisənin xalis gəliri keçən il 34366, xərcləri isə 34072 manat olub. Yəni xalis gəlir cəmi 294 manat, vergini çıxandan sonra isə 150 manat təşkil edib. Səhmlərin 1 faizi mənimlə oğluma məxsusdur. Bizim ikimizə bir yerdə divident kimi 1 manat 50 qəpik verdilər ki, onun da 10 faizini vergiyə ödəməli idik”.



V.Rəcəbovun sözlərinə görə, belə çıxır ki, hər bir səhm ona il ərzində qəpiyin neçədə bir hissəsi qədər gəlir gətirib: “Təbii ki, bu “qazanc”dan imtina etdim. “Alatava 2. Avtonəqliyyat” ASC rəhbərliyinə narazılığımı bildirdim. Onda mənə rəhbərliyin dəvətini qəbul edib iclasa gəldiyimə görə “hörmət” kimi 100 manat təklif etdilər. Məni bu yolla satın almaq istəyirdilər. Bunu da rədd etdim. Amma digər səhmdarlar başqa cür hərəkət etdi. İclasa qatılan 30 nəfərə yaxın səhmdar hərəsi 40-50 manat “hörmət”ini alıb sevinə-sevinə evinə getdi. Mənsə meydanda ASC rəhbərliyi və digər səhmdarlarla tək üzbəüz qaldım”.

Şikayətçinin sözlərinə görə, ASC-də son vaxtlar xeyli belə “səhmdar” peyda olub. Onlar bu cür müəssisələrin bir neçə səhmini alır, ümumi iclaslara qatılır, protokolu imzalayır, 5-10 manat “hörmət”lərini alıb gedirlər. Bu da onlara sərf edir. Çünki il ərzində aldıqları pulun məbləği səhmlərinin real qiymətindən də artıq olur. ASC-lərin real, əsl sahibləri isə bunun əvəzində dövlət orqanları qarşısında hesabat vermək üçün onlara gərək olan formal sənədləri əldə edirlər.

İlk baxışda hamı razıdır - kiçik bir qrupdan başqa. Bu qrupa iri səhmdarlar və sadəcə prinsipial adamlar daxildir. V.Rəcəbov da özünü həmin qrupa aid edir.

Xatırladaq ki, haqqin.az və virtualaz.org saytları iki ay əvvəl “Alatava 2. Avtonəqliyyat” ASC-nin digər səhmdarı Yusif Əliyevin də şikayətini işıqlandırmışdı. Y.Əliyev bildirirdi ki, divident almaq hələ bir yana dursun, son 4 ildə onu səhmdarların ümumi iclasına bircə dəfə də çağırmayıblar. ASC rəhbərliyi onunla sadəcə hesablaşmır.

Ən maraqlısı bu idi ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu məqaləyə görə ASC rəhbərliyini yox, redaksiyanı yalanda, əsassız iddialarda günahlandırmışdı. “Alatava 2. Avtonəqliyyat” ASC-nin qanunsuz fəaliyyəti barədə isə heç nə deməmişdi. Buradan belə çıxırdı ki, Y.Əliyevin ASC-dən halal dividentlərini ala bilməməsinə, ümumi iclaslara çağırılmamasına görə günahkar ASC yox, redaksiyamızdır.

Komitənin cavabının Y.Əliyevi qane edib-etmədiyini deyə bilmərik. Amma biz komitənin diqqətini müxtəlif səhmdar cəmiyyətlərinin səhmdarlarla pis işləməsi faktına sonralar da yönəltmişik. Komitə isə buna reaksiya verməyib. Halbuki biz onu bu “qara” kontorlarda qayda-qanun yaratmağa çağırırıq.

“Alatava 2. Avtonəqliyyat” ASC-nin artıq digər səhmdarı - Vəzir Rəcəbov da eyni problemi qaldırır. Onun dedikləri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən daha səlahiyyətli və ciddi qurumlar tərəfindən yoxlanılmalıdır.

V.Rəcəbovun sözlərinə görə, ASC-nin hesabatından elə çıxır ki, “Alatava 2. Avtonəqliyyat” ASC-də cəmi 8 icarədar var. Halbuki müəssisənin həyətində azı 20 icarədarın olduğunu adi gözlə də görmək mümkündür. Lakin onların gerçəkdən də icarədar, yoxsa “Alatava 2. Avtonəqliyyat” ASC-nin burada heç bir sənəd-sübut olmadan böyük bazar açmış sahiblərinin - Qalib və Fərəməz Məmmədov qardaşlarının yaxınları olduğunu dəqiq söyləmək çətindir. Maraqlıdır ki, ASC buradakı obyektləri icarəyə verməkdən savayı da hər hansı fəaliyyətlə məşğul deyil. Nəyə görəsə belədir.

“Özünüz fikirləşin, burada səhərdən axşama qədər dolu olan, müştəri qıtlığı hiss etməyən çayxana və kafelər, mebel sexi, emalatxanalar, qapı-pəncərə sexi, daş sexi fəaliyyət göstərir. Bura şəhərin mərkəzidir. Orada şıdırğı tikinti materialları alveri gedir. 16 ildir burada baş verənlərdən xəbərim var. Burada sadəcə quru ərazinin icarəyə verilməsi ASC-yə burada fəaliyyət göstərən onlar sex və obyektdən yüz dəfələrlə çox gəlir gətirir” - deyə V.Rəcəbov bildirir.



Maraqlıdır, “Alatava 2. Avtonəqliyyat” ASC-nin artıq etimad göstərmədiyi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə yox, virtualaz.org saytının redaksiyasına müraciət edən digər səhmdarının dediklərinin nə dərəcədə düz olduğunu bu dəfə kim yoxlayacaq?

Əgər ASC-nin fəaliyyətini yoxlayanlar tapılacaqsa, onda T.Kərimovanın hesabat məruzəsində dilə gətirdiyi daha bir maraqlı detalı xatırladaq. Öz səhmdarlarına bir qəpiyin neçədə bir hissəsi məbləğində divident verən ASC abadlıq işlərinə 40 min manat ayırıb. Səhmdarlar bu işlərin nədən ibarət olduğunu soruşanda isə T.Kərimova bütün günahları Yasamal Rayon İcra Hakimiyyətinin üstünə atıb. ASC-dən belə bir tələb olubmu? Bu sualı ASC rəhbərliyinin vicdanına buraxırıq. Lakin baş mühasib bu və ya digər obyektin necə, kimə, neçəyə icarəyə verilməsi kimi sadə suallara da cavab verməkdə çətinlik çəkib, karıxıb qalıb. Halbuki bunları həm məruzəçi, həm də baş mühasib kimi bilməli idi. Özü də icarədarların kağız üstündə göstərilən rəsmi sayı elə də çox deyil - cəmi 8 nəfər! Mühasiblərin güclü yaddaşı olur. Burada isə adamı çaşdıran heç bir mürəkkəblik yoxdur ki, rəqəm içində itib-batasan, xatırlamayasan...

Sovet vaxtı baş mühasiblərin işə götürülməsi ilə bağlı test yada düşür. Rəhbər soruşur ki, iki vur iki neçə edir. Qarşı tərəfin cavabı isə belə olur: bəs sizə nə qədər lazımdır? Bəs bu sualı səhmdar versə, onda necə? Təzə şəraitdə hələ konkret cavab yoxdur. Haradan olsun? Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi çirkli işlərin müdafiəsi ilə məşğuldur, hüquq-mühafizə orqanlarının isə məsələni dərindən araşdırmaq kimi bir öhdəliyi yoxdur. Amma səhmdarlarla iş kimi bu vacib sahədə kimsə nəhayət ki, qayda-qanun yaratmalıdır. Yoxsa “hörmət-hörmət” oyunu ilə nə iş aşmaz, nə də iqtisadiyyat inkişaf etməz...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.