Ağdam Təhsil şöbəsində 300 min manatlıq qalmaqal - TƏFƏRRÜAT
16-06-2015, 21:02
İcra başçısı Raqub Məmmədov direktorlardan məhz bu qədər pul istəyir
Ağdamda direktorların üsyanı ilə bağlı yeni təfərruatlar daxil olub.
Qeyd edək ki, bir neçə gün əvvəl Ağdamın məktəb direktorları adından prezident İlham Əliyevə və təhsil naziri Mikayıl Cabbarova şikayət xarakterli müraciət ünvalanıb. Mətbuatda dərc olunan həmin müraciətdə bildirilirdi ki, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun təzyiqlərinə və qərəzli münasibətinə dözüm gətirə bilməyən RTŞ-nin müdiri Elmira Şükürova ərizəsinə əsasən tutduğu vəzifədən uzaqlaşdırılıb, həmin vəzifənin icrası Raqub Məmmədovun yaxın qohumu, həmkəndlisi və sinif yoldaşı Rahil Allahverdiyevə həvalə olunub.
Rahil Allahverdiyevin RTŞ-yə rəhbərlik etdiyi 2 ay müddətində rayon təhsilində ciddi narazılıqlar yaranıb. Hətta vəziyyət o həddə çatdırılıb ki, 05 iuyn 2015-ci il tarixdə RTŞ-nin Şura iclası baş tutmayıb ciddi qalmaqal yaranıb. Qalmaqalın yaranma səbəbi isə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun 71 saylı köçkün tam orta məktəbin direktoru Nailə Rüstəmovanı şantaj etdirməsi olub.
Bu qalmaqalla bağlı daxil olan yeni məlumatda bildirilir ki, bir neçə gün əvvəl Rahil Allahverdiyev rüblük hesabat iclası keçirib. Həmin iclasdan Ağdam Təhsil şöbəsinin müdir əvəzi direktorları bir-bir otağına çağıraraq onlardan pul istəyib. Rahil Allahverdiyev bu istəyini Raqub Məmmədova 300 min manat verməli olması ilə əlaqələndirib və bu barədə də direktorlara açıq söyləyib. Pul verməyən direktorlar isə sadəcə işdən atılacaqları ilə bağlı təhdid olunublar.
Mənbənin bildirdiynə görə hazırda Ağdam təhsilində xaos hökm sürür. Rahil Allahverdiyev icra başçısının adından məktəb direktorlarına təzyiqlərini hər gün daha da artırır. Xüsusilə etiraz edən direktorlara qarşı şantaja əl atılır və həmin məktəblərin yoxlanılacağı bildirilir.
Qarşı tərəfin mövqeyini dərc etəmyə hazırıq.