ŞAİRİ DÖYƏNİN OĞLU SAXTA ELMİ MÜDAFİƏ DİPLOMU ALIB?
10-04-2017, 00:59

AYB ÜZVÜ FƏZAİL İSMAYIL: “RAUF ASLANOVUN OĞLU RASİM ASLANOVUN YAZDIĞI ELMİ İŞİ İFŞA EDƏCƏK ƏLİMDƏ FAKTLAR VAR”.
Xəbər verdiyimiz kimi, AYB üzvü F.İsmayıl bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin katibi Rauf Aslanov tərəfindən eləcə AYB ofisində, sədr ANAR-ın qəbul otağında döyülüb, ona bədən xəsarəti yetirilib... Bu gün "Təzadlar"a zəng edən F.İsmayıl dəhşətli faktları söylədi:
– Fəzail bəy, Kütləvi İnformasiya Vasitələrində Azərbaycan Yazıçılar Birliyində məruz qaldığınız fiziki təzyiqlə bağlı getmiş yazılardan sonra eşitdiyimizə görə sizə təzyiqlər artıb. Bu doğrudanmı belədir?
–Məlum hadisədən sonra, hələ mən xəstəxanada yatarkən, bir sıra mətbuat nümayəndələri baş vermiş hadisə ilə əlaqədar xəstəxanaya gəlmiş və məndən müsahibələr götürmüş , məsələni işıqlandırmışlar. Elə buna görə də başıma gələnləri diqqətdə saxladıqları üçün həmin şəxslərə minnətdarlığımı bildirirəm. Amma həmin yazıların dərcindən sonra Rauf Aslanov mənə qarşı daha da aqressiv mövqe tutmağa başlayıb. O, mənim telefonuma nömrəsiz zənglər etdirir, şikayətimi geri götürməyəcəyim təqdirdə məni öldürtdürəcəyi ilə hədələtdirir. Düzünü deyim ki, mən hər gün evdən çıxanda evdəkilərlə vidalaşıram. Çünki bu cür adamlardan hər cür hərəkət gözləmək olar. Rauf Aslanov məni döyüb, dişlərimi sındırıb və digər ağır xəsarətlər yetirdiyi halda inanıram ki, öldürtdürə də bilər. Çünki onun qeyri-qanuni yolla əldə etdiyi pulları çoxdur. Mətbuatdan oxumuşam ki, Rauf sələmçilik fəaliyyəti ilə məşğuldur. Bu yolla böyük pullar qazanır və bu kimi qeyri-qanuni əməllərini həyata keçirir.
– Aldığınız xəsarətlə və dediyiniz hədələrlə bağlı hüquq mühafizə orqanlarına müraciətləriniz olubmu?
– Bəli, məni təcili yardım maşını ilə xəstəxanaya apardıqdan sonra həkimlər başımın gicəllənməsini, ürək bulanmanı və qusmanı görüb qorxdular. Onlar dərhal polisin 102 çağrı mərkəzinə zəng etdilər. Səbail rayon Polis İdarəsinin 39-cu bölməsindən əməliyyatçılar gəldi və məni dindirdilər. İşin araşdırmasını həmin bölmənin təhqiqatçısı Rövşən Şahkərəmov aparır. O, məni üzləşdirmək məqsədilə Azərbaycan Yazıçılar Birliyinə hadisə baş verən yerə apardı. Rauf yenə dəcəllik etməyə başladı və hoppanıb düşdü. Təhqiqatçının yanındaca üzümə tüpürdü. Polis məmuru Rövşən Şahkərəmov onu ədəbli olmağa, intizama dəvət etdi... Mən möhtərəm Prezident İlham Əliyevə, 1-ci Vitse-Prezident xanım Mehriban Əliyevaya, Baş prokuror Zakir Qaralova, Bakı şəhər prokuroru Əziz Seyidova, Səbail rayon prokuroru Natiq Əsədova, mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə müraciətlər etmişəm. Mən dövlətimə, Prezidentimə və millətimə arxalanıram. Rauf kimilər gəldi gedərdi. Mən Azərbaycan yazıçısıyam. Tarix Rauf kimiləri bir neçə ildən sonra süpürüb atacaq. Mən 20-dən çox kitab müəllifiyəm.
– Müsahibələrinizin birində Rauf Aslanovun, hətta ali təhsili belə olmadığını vurğulamısınız? Belə bir adam Azərbaycan Yazıçılar Birliyinə necə yol tapa bilib?
–Bilmirəm harada oxumuşam, istedadsız adamlar özlərinə onsuz da yer tapır. İstedadlılara yol göstərmək, yollarına işıq tutmaq gərəkdir. Bəli, mən qətiyyətlə bildirirəm ki, Rauf Aslanovun ali təhsili yoxdur. O, həmişə sələmçilik fəaliyyəti ilə məşğul olub, bu gün də o işlə məşğuldur. Bunu bütün Bakı bilir. Cidanı çuvalda gizlətmək olmaz. Rauf Aslanovun oğlu Rasim Aslanov testdən kənar Bakı Dövlət Universitetinin bakalavr və magistr pillələrini bitirib. Hətta, Bakı Dövlət Universitetinin insan hüquqları üzrə aspirantı olub. Bu adam latın qrafikasında yazıb-oxumağı bacarmır. Amma rəhmətlik Mələk nənəm demişkən, iki uzunqulağın yemini bölə bilmir. Hüquq elmləri namizədidir. Mən bu günlərdə Ali Attestasiya Komissiyasına müraciət edəcəm və onun oğlu Rasim Aslanovun “yazmış olduğu” elmi işin plagiat olduğunu üzə çıxaracam. Bu barədə əlimdə tutarlı faktlar var. Geri çəkilən deyiləm. Rauf Aslanov hansı yollarlasa oğlu Rasim Aslanovu Bakı Hava Limanında gömrük-keçid məntəqəsinə işə düzəldə bilib. Hansı ki, hörmətli akademikimiz Ramiz Mehdiyev dövlət məmurlarının elmi işlə məşğul olmasını qəti şəkildə çıxışında pisləyib. Çünki bu cür adamlar necə vaxt tapıb elmi araşdırma aparır? Mən bütün bunlar barədə bü günlərdə AAK-ya müraciət edəcəm və Rasim Aslanovun elmi işini və namizədlik diplomunu ləğv etdirməyə çalışacam. Çünki bu cür adamlar Azərbaycan elminə ləkədi, yamaqdı.
– Müraciətlərinizlə bağlı yenilik varmı?
–Bəli, var. Səbail rayon Prokurorluğundan Tural adlı müstəntiq mənə zəng etdi və 1-ci gün prokurorun qəbuluna çağırdı. Sözsüz ki, mən Səbail rayon prokuroruna inanıram. Bilirsiniz ki, o, Azərbaycanın qeyrətli oğlu, ilk milli şəhidlərimizdən olan keçmiş daxili işlər naziri Məhəmməd Əsədovun yadigarıdır. Allah onun atasına qəni-qəni rəhmət eləsin. Mən ondan ədalətsizlik gözləmirəm. İnanıram ki, Rauf Aslanov cəzasına çatacaq. Bu məsələ cənab Prezidentin və Baş prokurorun nəzarətindədir. Rauf Aslanov layiqli cəzasını almayınca susan deyiləm..
Dinlədi: Səbuhi
P.S.”Azərbaycan Hava Yolları” QSC-nin işçisi olan Rasim Aslanovla əlaqə saxlamağa cəhd etməkdəyik... Həmçinin onun atası Rauf Aslanovla. Lakin hələki əlaqə yaradaraq hər iki şəxsin mövqeyini öyrənmək cəhdimiz baş tutmur... Bununla belə, Azərbaycan AAK-ın rəsmi saytına daxil olaraq orada son illər müdafiə edən (bütün ixtisaslar üzrə) şəxslərin siyahısını götürdük. Lakin bu siyahıda həqiqətən də R.Aslanovun adına rast gəlmədik... Eləcə də keçmiş TQDK, indiki Dövlət İmtahan Komissiyasına rəsmi sorğu göndərildi ki, son illərdə Aslanov Rasim Rauf oğlu Aslanov adlı magistrin olub-olmamasını, test imtahanından keçib-keçmədiyini dəqiqləşdirmək mümkün olsun... Bir daha, “Təzadlar” olaraq tərəfləri ortaq məxrəcə gəlmələrini arzulayırıq...
Mövzuya qayıdacağıq.tezadlar.az/