"Aqrolizinq"in filial direktorunu həbs təhlükəsi gözləyir - Masallıda

30-06-2015, 15:25           
"Aqrolizinq"in filial direktorunu həbs təhlükəsi gözləyir - Masallıda
Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrinə əsasən "Aqrolizinq" ASC-nin Masallı rayon Aqroservis filialında maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb. Audit yoxlaması zamanı bir sıra nöqsan və çatışmazlıqlara, habelə qanun pozuntularına yol verildiyi aşkar olunub. Auditin nəticələri ilə bağlı materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.

Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrinə əsasən "Aqrolizinq" ASC-nin Masallı rayon Aqroservis filialında maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb. Audit yoxlaması zamanı bir sıra nöqsan və çatışmazlıqlara, habelə qanun pozuntularına yol verildiyi aşkar olunub. Auditin nəticələri ilə bağlı materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb. Xatırladaq ki, Masallı rayon Aqroservis filialında cərəyan edən qanun pozuntuları və filialın direktoru Eldar Hüseynovun fəaliyyətindəki nöqsanlar haqda bir müddət əvvəl mətbuatda silsilə yazılar dərc olunmuşdu. Belə ki, şikayətçilər bildirmişdi ki, Masallıda kənd təsərrüfatı istehsalçılarına dövlət hesabına güzəştli şərtlərlə verilməli olan azot gübrəsi anbarlarda yığılıb qalıb. Yerli əhali "Aqrolizinq" ASC-nin Masallı rayon filialının direktoru Eldar Hüseynovu fermerlərə çatdırılmalı olan gübrənin 1 tonunu 280 manata başqa-başqa şəxslərə satmaqda ittiham etmişdi: "Azot gübrəsinin 1 tonunun "Aqrolizinq"də satış qiyməti 384 manatdır. Onun 50%-i, başqa sözlə, 192 manatı büdcədən ödənilir. Gübrənin 1 tonu faktiki olaraq 192 manata düşür. Amma burada məqsədli şəkildə elə bürokratik əngəl var ki, onu bu qiymətə almaq da çoxlarına sərf etmir. "Aqrolizinq"də hər 50 kq-lıq kisəyə əlavə 2 manat tələb olunur ki, bu da 1 tonda 40 manat təşkil edir. Sənədləşdirmə, məhsul qəbulu üçün o qədər get-gəl olur ki, bəzilərinin əsəbi axıradək davam gətirmir. Bu vəziyyətdən istifadə edən lizinq rəhbərliyi işbazlarla əlaqəyə girir və azot gübrəsinin 1 tonunu onlara 280 manata satır, hər tona görə 88 manat təmiz qazanc götürür. Büdcə vəsaiti hesabına alınmış məhsul beləcə "qara bazar"a çıxır, bürokratik əngəllərə görə fermerlərin bir çoxu onu elə buradan əldə edir. Rayonun yaşayış məntəqələri üzrə əsas kənd təsərrüfatı bitkiləri olaraq buğda, arpa, noxud, kartof, kələm, pomidor, xiyar, bibər, badımcan, soğan, sarımsaq, limon, mandarin, feyxoa əkilir. Yerli icra və bələdiyyə orqanları dövlətdən güzəştli şərtlərlə gübrə və subsidiya qoparmaq üçün çox vaxt əkin sahələrini süni surətdə şişirdir. Bu şişirtmədə "Aqrolizinq"lə yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin maraqları üst-üstə düşür". Məlumat üçün qeyd edək ki, Masallı rayonunun ümumi ərazisi 72 097 hektar, məhsuldar torpaqların sahəsi isə 32 571 hektardır. İddialara əsasən sənədlərdə kənd təsərrüfatına yararsız torpaq sahəsi kimi göstərilən 22 863 haərazi də elə müxtəlif şəxslər tərəfindən istifadədir. Məlumata görə, heyvandarlıq üçün nəzərdə tutulan 3 893 ha otlaq sahəsinin yarıdan çoxu təyinatından kənar istifadə olunur. Yerli sakinlər həmçinin Masallıda texnikanın kasıb əhaliyə iki qat artıq qiymətə, vəzifəli və imkanlı şəxslərə isə daha ucuz qiymətə satıldığını dilə gətiriblər: "Rayonda əkin-biçin vaxtı əhali kənd təsərrüfatı texnikasının çatışmazlığından əziyyət çəkir. Buna görə də bir çox hallarda kəndlilər ya əkinlərini vaxtından əvvəl əkə bilmirlər, ya da məhsullarını vaxtında toplaya bilmədiklərindən ziyanla üzləşirlər. Bunun əsas səbəblərindən biri filiala məxsus texnikaların təyinatı üzrə istifadə olunmamasıdır. Dövlətin Masallı Aqroservisi kifayət qədər texnika ilə təmin etməsinə baxmayaraq, rayonda taxıl biçini zamanı ciddi şəkildə kombayn və texnika çatışmazlığı meydana çıxır. Fermerlər hər il bu problemlə üzləşirlər. Kasıb kəndlilər Salyan və Neftçalada biçin qurtardıqdan sonra həmin rayonlardan gələn texnika ilə öz məhsullarını toplayırlar. Bu bir tərəfdən məhsulun böyük itkiylə toplanmasına səbəb olur, digər tərəfdən isə kənar rayonlardan gələn texnika sahibləri xidmət haqqını iki qata çıxarırlar. Masallı Aqroservisdə texnika kifayət qədər olsa da, filialın direktoru Eldar Hüseynov həmin texnikaları baha qiymətə ətraf rayonlara və Masallıdakı imkanlı, vəzifəli şəxslərə icarəyə verir. Bu üzdən də kasıb insanların məhsulu batır. Eldar Hüseynovun 200 hektardan çox torpaq sahəsi var. Filialın tabeliyindəki müasir texnikalar taxıl biçini zamanı birinci növbədə onun və digər vəzifəli şəxslərin əkin sahələrində çalışır". Maraqlıdır ki, mətbuatda silsilə yazılar dərc olunan vaxt aidiyyəti dövlət qurumları baş verənlərə münasibət bildirməmişdilər. Məsələyə indi kənd təsərrüfatı naziri Heydər Əsədovun birbaşa müdaxilə etməsi bəzi məqamlardan xəbər verir. Özəl qaynaqlardan aldığımız məlumatlara görə, nazirin göstərişi əsasında Masallı Aqroservis filialında aparılmış audit yoxlaması zamanı çox ciddi qanun pozuntularına yol verildiyi aşkarlanıb: "Filial rəhbəri ilə bağlı bütün zəruri materiallar artıq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Direktor yaranmış problemi yerindəcə həll etməyə razı olsa da, nazirlik rəsmiləri bununla razılaşmayıblar. İstintaq orqanına təqdim olunan materiallar üzrə araşdırmalara start verilib. Bu araşdırmaların yekununda filial rəhbərinin barəsində cinayət işi açıla və həbs-qətimkan tədbiri seçilə bilər". Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək istəsək də, cəhdlərimiz bir nəticə vermədi. Bununla belə filial direktorunun da münasibətini dərc etməyə hazırıq. \\ gundelik-baku.com \\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.