Gəncə səhiyyəsi əldən getmək üzərə - Nazirin müdaxiləsi zəruridir...

1-07-2015, 11:03           
Gəncə səhiyyəsi əldən getmək üzərə - Nazirin müdaxiləsi zəruridir...
Artıq neçə müddətdir ki, redaksiyamıza ardıcıl olaraq daxil olan məlumatlarda Gəncə 3 saylı şəhər poliklinikasının baş həkimi Rasim Hüseynovun öz işində yol verdiyi müxtəlif özbaşınalıqlar xüsusunda yerli sakinlərin şikayətləri əks olunmaqdadır. İlk növbədə poliklinikada yaranmış vəziyyətdən şikayətlənən xəstələr və yerli sakinlər poliklinikanın baş həkimini saxta arayışların verilməsində ittiham edirlər. Bu barədə məlumatlarda deyilir ki, poliklinikada müəyyən olunmuş məbləği ödəməklə, heç bir müayinədən belə keçmədən, tələb oluynan istənilən arayışı dərhal almaq olur. Hətta müəyyən maxinasiyalar vasitəsilə arayışların köhnə tarixlə qeydiyyatına nail olmaq mümkündür. Təbii ki, bu zaman ödənilən məbləğ bir neçə dəfə artıq olacaq. Digər tərəfdən isə, pul ödəmədikdə, bu poliklinikada həqiqi xəstəlik səbəbindən belə bülleten açdırmaq və ya sağlamlıq haqda arayış almaq demək olar ki, mümkünsüzdür. Daha sonra aldığımız açıqlamalarda vurğulanır ki, istisnasız olaraq bütün xəstələr 3 saylı poliklinikaya girdikləri andan çıxanadək burada xeyli pul xərcləməli olurlar. Bütün həkim və laborator müayinələri, istənilən tibbi prosedurlar və hətta ən ucuz tibbi ləvazimatlar (bint, pambıq, plastr və s.) üçün belə xəstələr pul ödəməli olurlar. Çünki, ödəniş olmayacağı təqdirdə xəstələrin nə müayinələri, nə də onlara doğru-dürüst müalicə təyin olunması mümkün deyil. Bəzi mənbələr isə, ümumiyyətlə 3 saylı poliklinikada pulsuz tibbi yardım almaq fikrinə düşməyin özünün belə artıq həyat və sağlamlıq üçün təhlükəli olduğunu vurğulayırlar. Bu kimi iddiaları dəstəkləyən məktublardan birində oxuyuruq: “Tutaq ki, bizim poliklinikada analiz üçün venadan qan verməlisən. Əgər tibb bacısı əvvəlcədən pulunu almasa, və ya ən azından bu pulu alacağına əmin olmasa, iynə ilə venanı o qədər dəlib-deşəcək ki, xəstəliyin də yadından çıxacaq. Bəhanə də bu olacaq ki, guya vena tapılmır. Amma əslində tapılmayan puldur. Elə ki, bir 5-lik tapıldı, vena da tapılır, hətta oradan axan qan da ən yüksək keyfiyyətə malik olur... ” Maraqlıdır ki, 3 saylı Gəncə şəhər poliklinikasının dövlətin balansında olmasına rəğmən, burada çalışan tibbi personal müəssisənin dərman preparatları və digər tibbi ləvazimatlarla təmin olunmadığını və bütün bunları öz vəsaitləri hesabına aldıqlarını iddia edirlər. Daxil olan digər bir məlumatda isə 3 saylı poliklinikada tətbiq olunan “ölü canlar” üsulu ilə dövlət vəsaitlərini mənimsəmə hallarından bəhs olunur. Bildirilir ki, poliklinikanın baş həkimi bu tibb müəssisəsinin kadrlar üzrə mufəttişi ilə əlbir olaraq, ştatdan əlavə şəxsləri poliklinikanın işçisi kimi rəsmiləşdirməklə adı olub, özü olmayan bu işçilərin əməkhaqlarını mənimsəyirlər. Belə ki, həmin şəxslərin hər birinin maaş cədvəlindəki adlarının qarşısına 70-80 manat pul yazaraq saxta imzalarla məvacibləri, o cümlədən onların adına yazılan yardım və mükafat pullarını da mənimsəyərək dövlətə külli miqdarda ziyan vururlar. Bu gün bir çox dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin aşağı keyfiyyəti və bunun müqabilində irəli sürülən qeyri-qanuni pul tələbləri mətbuat tərəfindən tez-tez ictimai müzakirələrə çıxarılan mövzulardandır. Biz də dəfələrlə bu müzakirələrə qatılaraq vurğulamışıq ki, hazırda rayon və bölgələrimizdə fəaliyyət göstərən və dövlət büdcəsindən maliyyəşən bir çox tibb müəssisələri var ki, onlar hələ də ölkə qanunlarından daha çox öz yazılmamış daxili “qanunlarına” riayət edirlər. Elə Gəncə 3 saylı şəhər poliklinikasında tətbiq olunan yarıtmaz idarəçilik üsulları da bu həqiqəti bir daha təsdiq edir.

Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.