Ziya Məmmədovun idarəsi Taleh Ziyadovdan alınıb nazirə verilmədi - Şok iddialar
1-05-2017, 11:05

Baş Nazir Artur Rasi-zadə "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edib
Dəyişikliyə əsasən, keçmiş Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyəti İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib.
Adıçəkilən Müdriyyət 2011-ci ilin avqust ayında Nazirlər Kabinetinin qərarı ilə Ələt qəsəbəsində inşa olunan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci fazasının inşasına nəzarət etmək üçün yaradılıb.
Bu qərardan sonra iki nəticə çıxır: qurum nə NN-in birləşdiyi yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilir, nə də Taleh Ziyadovun direktoru olduğu kompleksin səlahiyyətində saxlanır.
Bu müdiriyyət birbaşa İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib. Bununla həm yeni nazirin səlahiyyətlərini daha çox genişləndirmək istənilməyib, həm də T.Ziyadovdan ölkə rəhbərliyinin narazılığı ifadə olunur.
Ulus.Az xəbər verir ki, T.Ziyadov prezidentin fəaliyyətindən narazı olduğu məmurlardan birinə çevrilib. Onun haqqında mətbuatda kifayət qədər ittiham və faktlar var.
Bildirilir ki, Limanın xidmətlərindən istifadə edən şəxslərdən qanunsuz ödəniş tələb edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov faktiki olaraq xarici iş adamlarını Azərbaycandan qaçaq salmaqla məşğuldur.
Bu halda ölkə prezidentinin iqtisadi layihələrini boykot edir. Ona görə də struktur dəyişikliyi edilərək səlahiyyəti azaldılır və nazir Şahin Mustafayevə etimad göstərilir.
Ölkə prezidenti xarici və yerli iş adamlarına ölkəmizdə hər cür şəraitin yaradılması ilə bağlı göstərişlərinə baxmayaraq, Taleh Ziyadov məhz şəxsi mənfəətlərinə görə iş adamlarını incidir, onları ölkəmizdən kənar keçən yollardan istifadə etməyə zorlayır.
Bunun müqabilində isə hər il dövlət büdcəsinə külli miqdarda ziyan dəyir. Eyni zamanda yeni rabitə naziri Ramin Quluzadənin də böyüməsinə imkan verilmir. Halbuki ləğv olunmuş NN-nin nəzdindəki qurum ona verilə bilərdi.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəhbərliyinin, xüsusən də baş direktor Taleh Ziyadovun və baş direktorun müşaviri İlham Mehrəliyevin Türkiyədə dövlət çevrilişinə cəhd etməkdə suçlanan FETÖ terror təşkilatının Azərbaycan şəbəkəsinin önəmli simaları olmaları barədə məlumatlara Azərbaycan mətbuatında son zamanlar davamlı olaraq rast gəlinir.