Adam döyən deputat iqtisadçıya pul “atıb
2-05-2017, 08:39

Milli Məclisin Lerikdən deputatı İqbal Məmmədov bu günə kimi müsbət bir fəaliyyətlə gündəmə gəlməyib
Millət vəkilinin adı həmişə qalmaqallarda hallanıb.
Buna səbəb də onun deputatlıqdan daha çox biznesinə vaxt ayırmasıdır. Parlamentin “lal” üzvlərindən olan İ.Məmmədovun obyektləri barəsində bilməyən az adam olar.
Onun Masallıda quşçuluq ferması, Bakıda balon biznesi, Lerikdə “Relax” istirahət mərkəzi və onlarla maşın kolleksiyaları, villaları deputat mandatı hesabına toxunulmazlıq statusu qazanıb.
Başqa tərəfdən, SOCAR prezidenti Rövnəq Abdullayevin hamilik etməsi Lerikin deputatını arxayınlaşdırıb. Ona görə də ötənlərdə mühafizəçini döyməklə gündəmə gəlmiş İ.Məmmədov bu dəfə iqtisadçını söyməklə yenidən diqqət mərkəzinə düşüb.
İqtisadçı Qulu İbrahimlə deputat İqbal Məmmədov arasında qalmaqal yaranıb.
Buna səbəb illər əvvələ dayanan borc məsələsi olub. Belə ki, bir neçə il bundan əvvəl Q. İbrahimli İ. Məmmədova məxsus şirkətlərdən birinin maliyyə işlərini görüb.
İqtisadçıya külli miqdarda borclanan deputat əvvəlcə borcu ödəyəcəyini bildirsə də, sonradan bundan boyun qaçırıb.
Bir neçə gün əvvəl iqtisadçı yenidən İ.Məmmədova mesaj yazaraq, pulunu tələb edib. Millət vəkili isə onun mesajına cavab olaraq, "sən kimsən ki, mənə mesaj yazmısan” deyib və iqtisadçını söyüb.
Q.İbrahim Feysbukda yazıb ki, deputatın söyüşünə beşqatını qaytarıb: “Telefonu bağladı. Xaricdən gəlsin, onu himayə edənlər davamıza tamaşa etsinlər. Qorxub geri çəkilsəm, başıma arvad yaylığı bağlayıb profil şəkli edərəm.
Söyməzdi, nəvəsi yaşda adamdan beşqatını da eşitməzdi. Mesaj da yazdım ki, şikayət etmək üçün əlində sübut da olsun. Bilsin ki, ondan qorxan yoxdur.
Mən 8 ildir İqbal Məmmədova deyirəm 1 manat, lap elə 20 qəpik qoysun ortaya, halallaşaq. Amma o, özünə sığışdırmır, guya güc göstərir”.
Deputat Xətai rayonunun 11/56 ünvanında Fazil Bayramov adlı mülki şəxsi döymüşdü. Seçiciləri də deputatın onlarla nə vaxt görüşdüyünü xatırlamır.
Məsələn, Lerikin Vedi kəndinə yol çəkilməsi yerli camaatın pulu hesabına reallaşıb. Bu problemin həllində deputatın əhalinin yanında olmayıb.
"Kaspi Yıldız” şirkəti və "Relax” istirahət mərkəzi sahibi olan millət vəkili Lerikdə yüzlərlə hektar torpaq sahəsini öz nəzarətinə keçirərək təsərüfat qurub.
Rayonun icra başçısı Rövşən Bağırovla yaxın münasibətləri olan deputat Lerikin əksər gəlirli sahələrini öz nəzarətinə keçirib.
Deputatın qardaşı Çingiz Məmmədovun rəhbərlik etdiyi "Kaspi Yıldız” şirkətinin istehsal etdiyi yanğınsöndürmə qurğuları əslində illərdir ki, bütün ölkə boyu sahibkarlara məcburi şəkildə və fantastik qiymətlərlə satılır.
Bundan başqa dövlət qurumlarının, komitələrin və digər dövlət müəssəsələrinin binalarının əksəriyyətinin yanğınsöndürmə avadanlıqlarını məhz bu şirkət quraşdırıb. Bütün tərəfləri dinləməyə hazırıq.
Ulus.Az