Habil Vəliyevi Laçının sabiq icra başçısı həbs etdirib?

2-05-2017, 09:01           
Habil Vəliyevi Laçının sabiq icra başçısı həbs etdirib?
Ramiz Cəbrayılov: “Əgər Habil Vəliyevin həbsində az da olsa rolum olubsa, özümü ən xoşbəxt insan hesab edərəm”

Məlumdur ki, ötən ilin dekabrında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları vətəndaşları şantaj etməklə məşğul olan bir qrup “jurnalist” dəstəsini həbs etdi. Onların arasında daha çox diqqəti çəkən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev var idi. Belə ki, bu yaxınlarda Habil Vəliyevin həbs müddəti daha 4 ay uzadılıb və onunla bağlı çoxsaylı epizodların istintaqı aparılır.

Bu günlərdə isə məlum oldu ki, hazırda DTX təcridxanasında saxlanılan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin həbsi ilə bağlı Rusiyanın Sankt-Peterburq şəhərində Rusiyanın 6 ictimai hərəkatının, həmçinin “Qolos Narodov” İctimai Hərəkatın, Regional İctimai Hərəkatın, Rusiyanın Çeçen Diasporu Nümayəndəliyinin və s. təşkilatların rəhbərlərinin iştirakı ilə müdafiə mitinqi keçirilib... Həmin mitinqin videosundan görünür ki, tədbirin xanım aparıcısı Habil Vəliyevin həbsini Azərbaycanda söz azadlığının kobud surətdə boğulması, jurnalistlərin hüquqlarının ciddi şəkildə pozulması kimi təqdim edir, Habil Vəliyevi Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparan patriot kimi qələmə verir, sonra Azərbaycan Prezidentindən Habil Vəliyevin dərhal azad edilməsini tələb edir... Habil Vəliyevi Azərbaycanın söz və mətbuat azadlığının xilaskarı kimi təqdim edən aparıcı xanım bildirir ki, guya Habil Vəliyevin həbsi Laçın rayonunun sabiq icra başçısı Ramiz Cəbrayılovun şikayəti əsasında baş tutub.

Bu iddianın nə dərəcədə doğru olub-olmadığına Ramiz Cəbrayılovla söhbətimizdə aydınlıq gətirdik.

- Ramiz müəllim, hazırda DTX təcridxanasında saxlanılan “Gündəlik Bakı” qəzetinin baş redaktoru olmuş Habil Vəliyevin həbsi ilə əlaqədar bu yaxınlarda Rusiyanın Sankt-Peterburq şəhərində Rusiyanın 6 ictimai hərəkatının, həmçinin “Qolos Narodov” İctimai Hərəkatın, Regional İctimai Hərəkatın, Rusiyanın Çeçen Diasporu Nümayəndəliyinin və s. təşkilatların rəhbərlərinin iştirakı ilə müdafiə mitinqi keçirilib. Həmin mitinqində Habil Vəliyevin sizin şikayətiniz əsasında həbs olunduğu bildirilir. Habil Vəliyevin həbsində nə dərəcədə rolunuz olub?
- Həmin videoda Azərbaycanın söz və mətbuat azadlığının dırnaqarası “xilaskarı” kimi təqdim olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin həbsi ilə bağlı Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən müdafiə mitinqinə sizin saytda mən də baxdım. Həmin mitinqdə mənim də adım hallanır. Guya Habil Vəliyev mənim şikayətim əsasında həbs olunub. Əslində isə, istərdim ki, Azərbaycan dövlətçiliyinə öz əməlləri ilə zərbə vuran belə bir adam məhz mənim şikayətim əsasında həbs olunaydı. O zaman mən özümü ən xoşbəxt insan hesab edərdim. Təbii ki, Habil Vəliyev barəmdə yazdığı və şantaj etdiyi yazılarına görə onun haqqında mən də hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişəm, məhkəmədə iddia qaldırmışam və o cəzalandırılıb... O ki qaldı Habil Vəliyevin ötən ilin dekabrında ayrı-ayrı şəxsləri şantaj etməsinə görə həbs olunmasına, mən də aidiyyəti istintaq orqanına onun şantajları ilə bağlı rəsmi ərizə ilə müraciət etmişəm, yəqinki istintaq bu epizodu da ciddi araşdıracaq... Bəli, Habil Vəliyevin həbsi Azərbaycan dövlətçiliyinə, cəmiyyətə qarşı yönələn zərbənin zərərsizləşdirilməsi deməkdir. Çünki bu adam rəhbərlik etdiyi “Gündəlik Bakı” qəzetində Azərbaycan dövlətinə, xalqına namusla, qeyrətlə xidmət edən insanlara düşmənin etmdiyi böhtanı, iftiranı yağdırırdı. Eyni zamanda, hədə-qorxu gəlməklə, şantaj etməklə yüksək məbləğdə pul tələb edirdi. Yəni, Habil Vəliyevdən təkcə mən şikayətçi deyildim, mənim kimi dövlətinə, xalqına vicdanla xidmət edən yüzlərlə insan var ki, onun hədəfi olub. Çox təəssüf ki, onların əksəriyyəti Habil Vəliyevlə hüquq-mühafizə orqanlarında, məhkəmələrdə üz-üzə gəlməkdən çəkiniblər. Yalnız mən təkbaşına olaraq haqqımı müdafiə etməyə qalxdım.
- “Gündəlik Bakı” qəzetində sizinlə bağlı yazılar nə vaxtdan dərc olunmağa başlayıb?
- 2011-2013-cü illərdə Laçın rayon İcra Hakimiyyətinin başçısı işlədiyim ərəfədə “Gündəlik Bakı” qəzetinin hər bir sayında haqqımda yalan, böhtan, şantaj dolu yazılar dərc olunurdu. Təsəvvür edin ki, Habil Vəliyev qəzetin hər sayında bir məqalə ilə kifayətlənmirdi, iş fəaliyyətimlə və şəxsi həyatımla bağlı şantaj xarakterli başlıqlarla 3-4 məqalə verirdi. Şantajlarında sərhəd tanımayan bu adam sonra ailəmlə bağlı yalanlar, böhtanlar yazmağa başladı. Belə olan halda, 2012-ci ildə Habil Vəliyevə və “Gündəlik Bakı” qəzetinə qarşı işgüzar nüfuzun, şərəf və ləyaqətin müdafiəsi, təkzib verilməsi, üzr istənməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etdim. İddia ərizəm üzrə mülki işə baxan hakim Anar Rzayev 20 iyul 2012-ci il tarixli qətnaməsi ilə iddiamı qismən təmin etdi. Qətnamədə bildirildi ki, “İddia qismən təmin edilsin. “Gündəlik Baki” qəzetinin 05 oktyabr 2011-il tarixli, № 181 (971) “Erməni faşistin qulağını kəsən Sultan bəy Xosrov və laçınlıların cibini kəsən”, 06 oktyabr 2011-ci il tarixi № 182 (972) “Repressiya maşını”, 08 oktyabr 2011-ci il tarixli № 184 (974) “Biz deyən oldu, olmadı?”, 11 oktyabr 2011-ci il tarixli № 188 “Ramiz Cəbrayilovun muzdlu “emissar”ları”, 14 oktyabr 2011-ci il tarixli № 188 (978) “Laçın icra başçısının qarnı sanki dibsiz quyu kimidir?”, 01 noyabr 2011-ci il tarixli, 200 (990) “Allahın və prezidentin ümidinə qalan laçınlılar...”, 12 noyabr 2011-ci il tarixli 206 (996) “Ramiz Cəbrayılov Laçında kadr tapmır?” başlıqlı məqalələrdə olan məlumatlar iddiaçı Cəbrayilov Ramiz Məhərrəm oğlunun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilsin. Cavabdeh “Gündəlik Baki” qəzeti materiallarının verildiyi səhifələrdə həmin şriftlə “Təkzib” başlığı altında təkzib verilsin. Təkzib qətnamə icraya yönəldiyi və təkzibin verilməsi tələbi “Gündəlik Baki” qazetinə daxil olduğu gündən sonrakı nömrədə verilsin. Həmin məqalələrdəki məlumatların yayılmasına görə cavabdeh “Gündəlik Baki” qəzeti iddiaçı Cəbrayılov Ramiz Məhərrəm oğlundan üzr istəsin. Cavabdeh “Gündəlik Baki” qəzetindən vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 (iyirmi min) manat tutularaq iddiaçı Cəbrayılov Ramiz Məhərrəm oğluna verilsin”.
Sonradan qarşı tərəf apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi Yasamal Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxladı.
Onu da qeyd edim ki, 2012-ci ilin iyul ayında Habil Vəliyevin barəsində həm də xüsusi ittiham qaydasında Yasamal Rayon Məhkəməsinə şikayət verdim.
- Bu şikayətə səbəb nə idi?
- Çünki o, məni ağır cinayətlərdə ittiham edirdi. Guya ki, mən bir çox ağır cinayətlər törətmişəm. Çox təəssüflər ki, 20 min manatın icraya yönələn və xüsusi ittiham qaydasında şikayətimə baxılan ərəfədə Habil Vəliyevin himayədarları tərəfindən mənə qarşı təzyiqlər başlanıldı. Mən məcburiyyət qarşısında qalaraq şikayətimi geri götürməli, dayandırmalı oldum... Beləliklə, Yasamal Rayon və Bakı Apellyasiya məhkəmələrinin xeyrimə çıxardığı qərar da yerinə yetirilmədi. Əslində, Habil Vəliyev mənim xüsusi ittiham qaydasında verdiyim şikayət əsasında həbs edilməli idi. Lakin bundan sonra Habil Vəliyevin himayədarlarının, havadarlarının sayəsində o, mənimlə bağlı şantajlarını daha da genişləndirməyə başladı. Çünki o, özü düşdüyü oyunun çox “zəif bəndi” idi. Necə deyərlər, Habil Vəliyev şahmat oyunundakı “peşka”lardan bir idi, nədən ki, onu idarə edən “şah”lar, “vəzir”lər vardı. Çox təəssüf ki, həmin adamlar dövlətin yüksək vəzifə postlarını tutanlar idi.

“İstintaqın gedişində Habil Vəliyevi bu işlərə təhrik edən havadarları da məlum olacaq...”

- Onlar kimlərdir, bəlkə...
- Növbəti müsahibələrdə bu barədə danışarıq... Məsələ burasındadır ki, bu dövlətə xidmət edən bəzi məmurlar öz çirkin niyyətlərini həyata keçirmək üçün Habil Vəliyevi öz həmkalarının üzərinə qaldırırdılar. İnanıram ki, hazırkı istintaqın gedişində Habil Vəliyevi bu işlərə təhrik edən havadarları da məlum olacaq.
- Siz Habil Vəliyevin işi ilə bağlı istintaqa cəlb olunmusunuzmu?
- Şəxsən özüm DTK-da aparılan istintaq qrupuna şikayət ərizəsi ilə müraciət etmişəm... Əminəm ki, haqq, ədalət öz yerini tapacaq. Yeri gəlmişkən, Habil Vəliyevin Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən müdafiə mitinqi ilə əlaqədar bir məsələyə toxunmaq istəyirəm. Habil Vəliyev həqiqətən öz dövlətinə, xalqına xidmət edirdirsə, niyə indiyədək Sankt-Peterburq şəhərində Azərbaycanın Ermənistan tərəfindən pozulan hüquqlarının müdafiəsi üçün mitinqlər keçirmirdi? Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində mitinq keçirmək adi məsələ deyil. Belə tədbirlərə külli məbləğdə pul vəsaiti xərclənir. Təbii ki, bu mitinqi təşkil edən Habil Vəliyevin həmin, məlum vəzifəli havadarlarıdır. Qeyd etdiyim kimi, inanıram ki, hazırkı istintaq dövründə Habil Vəliyevin himayədarları üzə çıxacaq və öz layiqli cəzalarını alacaqlar.
Bir məsələni də qeyd edim ki, Yasamal Rayon Məhkəməsinin 20 iyul 2012-ci il tarixli qətnaməsi qüvvədədir. Cavabdeh “Gündəlik Baki” qəzetindən vurulmuş mənəvi zərərin əvəzi olaraq 20 min manatın xeyrimə tutularaq verilməsi məsələsini yenidən qaldıracağam və həmin vəsaiti Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcəyəm. Sonda bir məqama da toxunmaq istəyirəm. Hər bir vəzifə müvəqqətidir. İnsanda isə daimi olan bir əqidə var. Mənim əqidəm bu günədək dəyişməyib, qəbr evinədək də dəyişməycək. Ulu Öndərimiz Heydər Əliyevin və bu gün Prezidentimizin cənab İlham Əliyevin apardığı uğurlu siyasəti dəstəkləmək mənim insanlıq və vəzifə borcumdur. İnsanın vəzifədən çıxandan sonra öz camaatı ilə alnıaçıq görüşməsi onun vəzifədən qazandığı ən böyük var-dövlətidir. Bu gün mənim ən böyük var-dövlətim Laçın camaatı arasına alnıaçıq çıxmağımdır... tezadlar.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.