“BU, HEYDƏR BABAYEVİN YENİ İXTİRASI İDİ…” – Sabiq nazirin zavodunda nələr baş verib?
2-08-2017, 16:56

“Zavodun icraçı direktoru Məhəmməd Abbasov Heydər Babayevlə birləşib hər il milyonlar qazanırdılar, zavodu 21-ci əsrin qul əməyinə çevirmişdilər”
Qarabağ müharibəsi veteranı, məcburi köçkün, ixtisasca jurnalist Sərməst Seyidəliyev “AzPolitika.info”ya şikayət məktubu ünvanlayıb. Ailəsini halal zəhmətilə dolandırmaq üçün 2004-cü ildə AB Standart Şirkətlər Qrupunun tərkinindəki “Dərnəgül Boru Zavodu” QSC-də fəhlə kimi işə düzələn Sərməst Seyidəliyev, zavodda gördüyü qanunsuzluqları, haqsızlıqları qələmə alıb. Onun məktubunu qısa ixtisar və zəruri redaktə ilə dərc edirik:
“Bu günlərdə saytınızda respublikanın keçmiş baş prokuroru, çox hörmətli İlyas İsmayılovla müsahibəni diqqətlə oxudum. Müsahibədə hamımızın ağrılı yerinə toxunulub.
Kimin əlində imkanı varsa harınlamaq üçün geniş əl-qol atır, başçılıq etdiyi müəssisəni şəxsi mülkiyyətinə çevirir. Rəhbərlikdə çalışan qohumu olmayanlar iş tapa bilmirlər.
Mən jurnalistəm. Qırx il mətbuatda çalışmışam. Korrektorluqdan redaktorluğa kimi yüksəlmişəm. Bütün vəzifələrin öhdəsindən əsil jurnalist kimi gəlmiş, həmişə həqiqətə və dəyərlərə xidmət etmişəm. Heç vaxt haqqı nahaqqın ayağına verməmişəm. Təəssüflər olsun ki, bunu axıra kimi davam etdirə bilməmişəm. Bunun günahı isə məndə yox, bir qrup harınlanmışlarda, qanundan qorxmayanlarda, guya qanun keşikçilərindədir. Bunu sübut etmək üçün başıma gələnləri nəql etmək kifayətdir.

Taleyimə köçkünlük qismət olandan sonra Bakıya gəldim, ailəmlə birlikdə uşaq bağçasında məskunlaşdım. 21 ildir bağçada yaşayıram. Qəzetdə işləməklə ailəmi dolandırmaqda çətinlik çəkirdim. Ona görə də başqa iş axtarmağa başladım. 2004-cü ildə AB Standart Şirkətlər Qrupunun (Qrup keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin atasının adı ilə getsə də, sahibkarı özüdür) “Dərnəgül Boru Zavodu” QSC-də fəhlə kimi işə düzəldim. Gənclik dövründən özümü zəhmətə alışdırdığıma görə işdə heç bir çətinlik çəkmirdim.

Zavodun işləri ilə tanışlıqdan sonra burada böyük qanunsuzluqların olduğunu görürdüm. Zavodun icraçı direktoru Məhəmməd Abbasov (O, əvvəllər Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini işləmişdir) qanundan qorxmayaraq, zavodu şəxsi mülkiyyəti kimi idarə edirdi. Heydər Babayevlə birləşib hər il milyonlar qazanırdılar. Onlar zavodu 21-ci əsrin qul əməyinə çevirmişdilər.
İşə götürənlə işçilər arasında bağlanan əmək müqaviləsinin surəti heç kimə verilmirdi. Kimsə əmək müqaviləsində nə yazıldığını bilmirdi. Fəhlələr qeyri-iş günlərində adi qaydada çalışırdılar. Mən əmək müqaviləsinin surətini əldə edə bilmişdim. Əmək müqaviləsində göstərilən maddələrdən bir-ikisi istisna olmaqla, heç birinə əməl edilmirdi. Alıcıları şirnikləndirmək üçün buraxılan plasmas boruların üzərində “Dərnəgül boru” əvəzinə “Firat boru”, “Farat boru” sözləri yazdırırdı.