Əli Həsənovun nəvəsi ilə ötüşən ''Mazda''nın əsl sahibi ''Maqa''dır - Kəmaləddin Heydərova qohum çıxdı
6-08-2017, 20:31

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə ötüşən ''Mazda'' markalı 99 FS 777 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün kimliyi məlum oludu. Həmin avtomobilin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərova məxsus olduğu bildirilsə də, sonradan təkzib olundu.
Criminal.az xəbər verir ki, N.Allahverdiyev Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin eks rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğlu, "Maqa" ləqəbli Məhəmməd İsmayılovla avtoşluq ediblər. Məhəmmədin Rauf adlı qardaşı da Nəsimi RPİ-nin 20-ci polis bölməsinin serjantıdır.
Əlövsət İsmayılov isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovun bacanağıdır.
Xatırladaq ki, N.Allahverdiyevin idarə etdiyi “Mercedes Gelandewagen” Heydər Əliyev prospekti boyu dövlət nömrə nişanı 99 FS 777 olan qırmızı rəngli “Mazda” avtomobili ilə ötüşürmüş. Şahidlərin sosial şəbəkələrdə yazdıqlarına görə hər iki avtomobildəkilər dəniz kənarından, çimərlikdən qayıdırmış və yol boyu sürət yarışına çıxıblar, avtomobilləri olduqca yüksək sürətlə sürərək dəfələrlə qəza şəraiti yaradıblar və nəhayət Heydər Əliyev Mərkəzinin yaxınlığında “məqsədlərinə” çatıblar. Qəzanı törədən şəxsin kimliyi rəsmən açıqlandıqdan sonra bəzi saytlar və sosial şəbəkə istifadəçiləri həmin “Mazda” avtomobilinin sahibinin kimliyi barədə iddia irəli sürüblər.
Qəza zamanı sükan arxasında N.Allahverdiyev olduğu ilk günlər təkzib olunsa da, sonradan əls həqiqət üzə çıxdı. Daxili İşlər Nazirliyi qəza zamanı N.Allahverdiyevin sükan arxasında olduğunu təsdiqlədi.
