Göyçay xəstəxanasında özbaşınalıq və rüşvət baş alıb gedir

23-07-2015, 11:39           
Göyçay xəstəxanasında özbaşınalıq və rüşvət baş alıb gedir
Göyçay rayon Qaraməryam kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu "Bizim Yol"a müraciət edərək avtomobil qəzası nəticəsində xəsarət alan şəxslərə tibbi xidmət göstərməli olan Göyçay Mərkəzi Rayon Xəstəxanasının (MRX) bir qrup səhiyyə işçisinin ondan rüşvət istədiyini iddia edir.

"Bu il iyulun 3-də Göyçay rayon Qarabaqqal kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində qardaşım Quliyev Akif Fəxrəddin oğlu, onun nişanlısı Yəhyayeva Vüsalə Teymur qızı və qonşumuz Quliyev Eyyub Nağı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb rayon xəstəxanasına yerləşdiriliblər.

Faciəmiz elə buradan başladı. Xəstələrimiz qaldı bir kənara, bizdən istənilən rüşvəti necə tapmaq üçün yol axtardıq. Faizlə borc götürməli olduq. Çünki həmin xəstəxananın cərrahı Famil Namazov başımıza müsibət açdı. Belə ki, o həkimliyi bir kənara qoyaraq "makler"liyə keçdi.
Travmatoloqlar Mərdəli və Elman adlı həkimlər də bizdən rüşvət tələb etdilər, xəstələrimizi düzgün müalicə etməyərək onları ölümcül hala saldılar",-deyə Səbuhi Quliyev bildirir.

Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən şəxslər əməliyyat olunandan sonra Bakıdan həkim heyətinin gəlməsinin vacib olduğu bildirilib: "Famil Namazov bizə dedi ki, Bakıdan ambulansla cərrah və professor gələrək xəstəyə baxış keçirməlidir. Biz razılaşdıq. O dediyi vaxtda Bakıdan ambulans gəlmədi. Bunun səbəbi ilə maraqlananda bildirdi ki, bunun üçün 3 min manat pul lazımdır. Biz bu özbaşınalığa etiraz elədik. Çünki artıq bıçaq boğaza dirənmişdi. Şəxsən F.Namazova birdəfəlik 700 manat vermişik. Hələ ona əlavə olaraq dəfələrlə 10-20 manat da verilib. Tibb bacılarına da "hörmət" edilib. Ümumilikdə Göyçay MRX-ında 4 min manat xərcimiz çıxıb.
Biz özbaşınalığa daha dözmək istəmədik. Odur ki, faktla bağlı Səhiyyə Nazirliyinə və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etdik. Nazirliyə müraciətdən sonra Bakıdan ambulans gəldi. Həkimlər xəstələrə baxış keçirəndə məlum oldu ki, xəsarət almış şəxslərin Bakıya aparılmasına ehtiyac yoxdur. Sadəcə onlara yüksək səviyyədə tibbi xidmət göstərilməlidir".

Şikayətçi bildirir ki, onlara dövlət xəstəxanasına hətta müxtəlif tibbi avadanlıqlar da aldırılıb: "Oksigen balonu üçün lazım olan reduktor aldıq. Reduktoru qəzada xəsarət alan qardaşıma bağlatırdılar. Bunu süni nəfəs üçün etmək lazım idi. Həmin balon partlaya bilərdi. Qardaşım ilk dəfə bunu edirdi. Bu insan həyatı üçün təhlükəlidir".

S.Quliyev deyir ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etdiyi üçün Göyçay MRX-sının baş həkim əvəzi Ləman Hacıyeva onu xəstəxanaya dəvət edib: "Ləman xanım zəng edərək məni xəstəxanaya çağırdı. O bildirdi ki, sözügedən idarəyə vurduğum teleqrama görə xəstəxanada araşdırma aparılır. Guya bunun üçün komissiya yaradılıb və mənim də iştirak etməyimi istəyirlər. Mən şikayətçi olduğumu təsdiqlədim. Xəstəxananın hüquqşünası Tahir Əzizə bildirdim ki, siz mənim qardaşımın həyatını təkrar təhlükəyə atmısınız. Oksigen balonuna reduktoru ona bağlatdırmısınız. T.Əziz dedi ki, xəstəxananın texniki işçiləri yerli icra hakimiyyəti tərəfindən rayonda aparılan abadalıq işlərinə cəlb olunduğu üçün xəstələrin özləri texniki işləri görməli olurlar".

Ləman Hacıyeva edilən şikayətlə bağlı şikayətçiyə cavab göndərib. Cavabda bildirilir: "Qardaşınız Akif Quliyevin müalicəsi üçün xəstəxananın həkimləri Famil Namazov və Mərdəli Hacıyevin sizdən 1000 manat tələb eləməsi iddası ilə etdiyiniz şikayətə Göyçay MRX-ı vətəndaşların ərizə və şikayətlərinin operativ araşdırılması üçün komissiyada baxılıb. Müəyyən olunub ki, F.Namazov və M.Hacıyev qardaşınızı müalicə etməyib, ona tibbi yardım göstərməyib. Odur ki, sizin bu həkimlər barəsində etdiyiniz şikayət əsassız hesab olunur".

S.Quliyev bildirir ki, özbaşınalıq bu gün də davam edir: "Vüsalə evdə yataq xəstəsidir. Ona Famil Namazov gəlib baxmalıdır. O, bizdən tələb edir ki, şikayətimizi geri götürək, tələbimizin olmadığını bildirək. Bundan sonra xəstəxanada tibbi xidmətin olacağını bildirib.

Biz iddia edirik ki, xəsarət alan şəxsin qara ciyərinə F.Namazov xəsarət yetirib. Bizə təsirlər göstərirlər. Qaraməryam kənd xəstəxanasının baş həkimi İsa müəllim Eyyub Quliyevdən izahat alıb ki, guya xəstəxanada bizdən rüşvət tələb olunmayıb".

S.Quliyev bildirir ki, şikayəti əsasında onu dünən Göyçay Rayon Prokurorluğuna çağırıb izahatını alıblar. O, şikayətin ədalətli şəkildə araşdırılacağına ümid edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.