Yol Patrul Xidməti (YPX) Alayının komandiri, polis polkovniki Balakişi Əhmədov necə varlanır
31-07-2015, 18:12
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin rəis müavini, Yol Patrul Xidməti (YPX) Alayının komandiri, polis polkovniki Balakişi Əhmədovla bağlı son zamanlar redaksiyamıza müxtəlif səpkili informasiyalar daxil olmaqdadır.Verilən bilgilərdə qeyd olunur ki, YPX Alayının komandiri əlində olan imkanlardan yararlanaraq maddi vəziyyətini xeyli yaxşılaşdırmağa müvəffəq olub.
Belə ki, Balakişi Əhmədovun rəhbərliyi altında çalışan DYP əməkdaşları tərəfindən müxtəlif qanun pozuntularına yol verildiyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, alay komandiri bir müddət əvvəl Mingəçevir Olimpiya Kompleksinin yaxınlığında 2 hektar sahəni özününküləşdirib: «Deyilənlərə görə, hazırda həmin ərazidə bazar-ticarət kompleksi inşa edilir. Bundan başqa, o da bildirilir ki, Balakişi Əhmədov qonşu Rusiyada böyük biznes şəbəkəsinə malikdir. Onun qardaşı Moskva şəhərində fəaliyyət göstərən ən imkanlı iş adamları sırasında qərarlaşıb. Qeyd olunur ki, YPX Alayının komandirinin Rusiyadakı biznesi məhz qardaşı tərəfindən idarə olunur». Məlumatlı şəxs həmçinin onu da bildirir ki, ölkənin magistral yollarında bir çox neqativ hallara yol verən bəzi DYP əməkdaşları da məhz Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini tərəfindən himayə olunur: «Deyilənlərə görə, o, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yaşayır və hər gün səhər buradan öz iş yerinə yollanır. Sürücü isə Balakişi Əhmədovu götürmək üçün yarım saat əvvəldən təyin olunmuş yerə gəlir. Bu vaxtın hədər getməməsi üçün isə sürücü digər DYP əməkdaşlarının funksiyalarını yarım saatlığa öz üzərinə götürür və nəticədə avtomobilləri saxlayaraq, sürücüləri «cərimə»ləyir. Bir sözlə, Balakişi Əhmədov evdən çıxana qədər onun sürücüsü bir xeyli «iş» görür».
Bu arada, qeyd edək ki, Saray postu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının, yəni Balakişi Əhmədovun tabeliyindədir. Bu postdan isə tez-tez narazılıqlar olur. Belə ki, postda sürücünü saxlayıb «filan yerdə kamera çəkib, piyadaya yol verməmisən, cərimə yazacağıq» demək İnzibati Xətalar Məcəlləsinin 429-3-cü maddəsini kobud şəkildə pozmaqdır. Bu, həm də qanunlara hörmətsizlikdir. Kamera çəkib, lap yaxşı. Göndər ünvanına, cəriməni ödəsin. Həmin piyadanın DYP-nin adamı olduğunu qoyaq bir kənara, qayda pozuntusu kamera vasitəsi ilə qeydə alınıbsa, sürücünü sənədləşmə üçün saxlamaq qadağandır. Çünki həmin qayda pozuntusu Mərkəzi Məlumat Xilməti (MMX) tərəfindən qeydə alınır və dərhal sürücüyə heç kimin müdaxiləsi olmadan, əli dəymədən elektron protokol yazılır və ünvanına göndərilir. Saray postuna sürücünü saxlayıb sevinə-sevinə «filan yerdə qayda pozmusan» deyən yol polislərinin deyəsən, bu sistemdən xəbəri yoxdur. Əslində xəbəri olmaya bilməz. Çünki onların komandiri – Balakişi Əhmədov hər bir yenilik barədə işçilərinə məlumat verməlidir, təlimat keçməlidir. Lakin görünür, ya məlumat verilməyib, ya da təlimat düzgün oxunmayıb. İstənilən halda, bunun məsuliyyəti məhz Balakişi Əhmədovun üzərindədir…
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşlarının yol verdikləri neqativ halların daxili işlər orqanları strukturlarında həyata keçirilən mütərəqqi islahatlara kölgə saldığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, son dövrlər sürücülərin kütləvi narazılığına səbəb olan hallardan biri də çoxsaylı radarların yerləşdirilməsi ilə bağlıdır: «Məsələn, Bakı-Qazax magistral yolunda çoxlu sayda radar quraşdırılıb. Və həmin radarlar sürücülərə əlavə problemlər yaratmaq üçün bir vasitəyə çevrilib. Əvvəla, qanuna görə, magistral yolda radarın qurulması ilə bağlı xəbərdarlıq nişanı olmalıdır. Amma əksər yerlərdə belə nişanlar yoxdur. Radarlar isə yolun kənarı ilə bərabər, mülki avtomobillərdə qurulur. Sürət həddini aşan sürücüdən ya 60-100 manat arası «şirinlik», ya da sürücülük vəsiqəsinə 3 bal və 40-80 manat arası cərimə tətbiq edilir. Pozulan qaydaya görə cərimələrin də konkret olmaması səbəbindən sürücünön ödəyəcəyi məbləğin miqdarı da YPX əməkdaşının tələbi ilə müəyyən edilir. Bundan başqa, deyilənlərə görə, ölkə ərazisində fəaliyyət göstərən rayonlararası DYP postlarının hər birinə ayrıca «haqq» qoyulub. Odur ki, post komandirləri Balakişi Əhmədovun müəyyən etdiyi «şərt»lərlə razılaşmalı olurlar. Əks halda, vəziyyət xeyli qəlizləşə bilər…»
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.