Gədəbəydə kuryoz: başçı sahibkarın obyektini belə hördü - FOTOFAKT
10-11-2017, 17:36

“Cənab prezident və Mehriban xanım, artıq altı ilə yaxın bir müddətdir ki, Gədəbəyin icra başçısı Ramiz Yediyarovun qanunsuz əməlləri ilə üz-üzə qalmışam”.
Bu sözləri Gədəbəydən sahibkar Bağırov Fəxrəddin Fərəməz oğlu AzEuroNews.com-a ünvanladığı məktubda qeyd edib.
Prezidentə və I vitse-prezidentə üz tutan iş adamının sözlərinə görə, R.Yediyarov icra başçısı təyin olunan ay ona məxsus obyektin girişini kərpic divarla hördürüb, üzərinə plakat yapışdırıb.
“Sonra bu plakatı gecə ilə oğurladıb, şaxtalı havada obyektin qarşısına ağac əkdirdi. Ekologiya nazirinin rayona gəlişi ərəfəsində bu ağacları da çıxarıb, yerinə gül əkdirdi.
Dəfələrlə müraciət etməyimə baxmayaraq heç bir əhəmiyyəti olmayan bu divarı obyektin qarşısından sökdürmədi və rəsmi müraciətimə cavab yazdı ki, divarı özün hördürmüsən”, – deyə sahibkar bildirir.
F.Bağırov deyir ki, foto şəkillərdən də göründüyü kimi, divarın onun obyektinə düşən günəş şüasının qarşısını kəsməkdən və Heydər Əliyev prospektinin görünüşünü pozmaqdan başqa heç bir əhəmiyyəti yoxdur:
“Mən bir neçə gün bundan əvvəl obyektimə işıq düşməsi üçün həmin divarın bir hissəsini sökdüm. Yediyarov isə bu gün yenidən həmin yöndəmsiz divarın tikilməsinə göstəriş verib və həmin divar yenidən hörülür.
Sizdən xahiş edirəm ,Yediyarov tərəfindən mənim şəxsi mülkiyyətimə qanunsuz müdaxilənin qarşısını alınması üçün müvafuiq orqanlara göstəriş verəsiniz, ona verdiyiniz səlahiyyətin şəxsi qisas vasitəsinə çevirməsinə imkan verməyəsiniz”.
Gədəbəy RİH-nin mövqeyini dinləməyə hazırıq.



