"İnterpolun" axtarışında olan fırıldaqçı axtarışı 1 günlük necə ləğv etdi
13-08-2015, 11:15
11 avqustda “Yeni Müsavat” qəzetində “Ahıl qadın prezidentdən kömək istəyir” başlıqlı məqalə dərc olunub. Məqalədə Bakı şəhər sakini Svetlana Məmmədova dövlət başçısına müraciət edir: “Xalidə Sərvər qızı Məlikova ilə çoxdan tanış idik. Yay aylarında onun Mərdəkandakı bağ evində anası Firuzə ilə birlikdə dincəlirdik. Məlikovanın qızı və nəvələri Amerikada yaşayırlar. Bir gün Xalidə Amerikaya getmək niyyətində olduğunu bildirdi. Dedi ki, bağı bankda girov qoyulub, ölkədən çıxa bilmir, bağını girovdan çıxarmağıma yardımçı olmağıma xahiş etdi. Dedi ki, evimi banka girov qoyub götürdüyü pulun bir hissəsini bağını girovluqdan azad etməyə sərf edəcək, qalan hissəsinə isə oranı təmir edib bağı satacaq. Əldə etdiyi pulla isə mənim evimi girovluqdan çıxaracaq və Amerikaya gedəcək. Ona son dərəcə inandığıma görə bu işə razı oldum”. S.Məmmədova yazır ki, X.Məlikova onun evini girov qoymaqla “Bank Standart”dan 45 min 500 manat kredit alıb. Hər ay 2 min manat olmaqla banka bir müddət kredit ödəyib. Sonradan isə X.Məlikova ondan gizlənməyə və bankın kreditlərini ödəməməyə başlayıb: “Günlərin birində bağın qapısının ağzına gələndə orada bir neçə nəfəri gördüm. Dedilər ki, Xalidə Məlikova bağı satıb, özü də qaçdığına görə axtarışa verilib. Məlum oldu ki, Xalidə mənim kimi bu adamların da evlərini, qızıllarını girov qoymaqla bankdan kredit götürüb. Qapıda olanlar dedilər ki, Xalidə Məlikova ölkədən çıxa bilməyəcək, çünki barəsində cinayət işi başlayıb, barəsində axtarış elan olub. Əgər sərhədə getsə, orada dərhal həbs olunacaq. Sonradan bildim ki, onun barəsindəki axtarış işi 1 günlük dayandırılıb, Xalidə Məlikova Amerikaya uçub gedib və növbəti gün yenidən axtarış işi bərpa olunub. (musavat.com). 20 aprel 2013-cü ildə Azərbaycanın hüquq-mühafizə orqanları 2 nəfər barəsində İnterpol xətti ilə axtarış elan ediblər. Onlardan biri də 1954-cü ildə Türkmənistanda doğulan 58 yaşlı Xalidə Məlikovadır. O, külli miqdarda dələduzluqda ittiham olunur. (trend). Barəsində axtarış elan olunmuş şəxs ölkəni necə tərk edə bilər..? Məsələ ilə bağlı Svetlana Məmmədovanın özü ilə danışdıq. O, Qafqaz Xəbər Agentliyinə bildirdi ki, aldadılmış şəxslərin şikayətindən sonra Xalidə Məlikova barəsində cinayət işi açıldı: “Onun barəsində axtarış elan olundu. İnterpol onun ölkədən çıxmasına qadağa qoydu. Şənbə günü onun barəsində qadağa götürülüb. O, bazar ertəsi ölkəni tərk edib. Sonra qadağa bərpa olunub”. Məsələ ilə bağlı hüquqşünası Aslan İsmayılov aşağıdakıları söylədi: “ Ölkədən çıxmağa qadağa istintaq tərəfindən qoyulur. Müstəntiq Dövlət Sərhəd Xidmətinə elektron sorğu göndərir. Və axtarışda olan ölkəni tərk etmək istəyəndə saxlanılır. Pulla hər şeyi aradan qaldırmaq olar, qadağanı da..”
Məsələ ilə bağlı DİN-in mətbuat xidmərinin rəhbəri Ehsan Zahidov bildirdi ki, Svetlana Məmmədova qadağanın aradan qaldırılması ilə bağlı bilə bilməz: “ Bu barədə ancaq işi aparan müstəntiq bilir”. Müxbirimizin “Əgər qadağa aradan qaldırılmayıbsa, Xalidə Məlikova ölkəni necə tərk edib?” sualına mətbuat katibinin cavabı belə oldu: “ Bilmirəm, qoy, Məmmədova məsələ ilə bağlı sorğu versin”. DİN-in “MAPS Xidməti”nin əməkdaşı leytenant Xəlilov isə bildirdi ki, İnterpol ölkəyə giriş-çıxışla bağlı qadağanı özü qoyur və aradan qaldırır. Təəssüf ki, İnterpolun əməkdaşı barəsində axtarış elan olunmuş Məlikovanın Azərbaycanı necə tərk etməsi ilə bağlı sualımıza cavab vermədi.