"Qaz İxrac" İdarəsinin rəisi haqda ilginc iddialar
14-08-2015, 11:03
"Qaz İxrac" İdarəsinin rəisi Əkbər Hacıyevdən qardaşını işlə təmin etməsini xahiş edib
Onun rəhbərlik etdiyi müəssisədə əmək qanunvericiliyinə əməl olunmur
Son zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Qaz İxrac" İdarəsi ilə bağlı redaksiyamıza müxtəlif səpkili informasiyalar daxil olmaqdadır. Həmin məlumatlarda bildirilir ki, 1992-ci ildən neft sənayesində çalışan, ilk dəfə "Az. DNİ" trestinin 1 saylı Tikinti Quraşdırma İdarəsində usta, sonra bu idarədə TİŞ-in aparıcı mühəndisi vəzifəsində işləyən "Qaz İxrac" İdarəsinin rəisi Qağaməli Seyfullayev bir sıra neqativ hallara rəvac verib. Məhz onun nöqsanlı fəaliyyəti nəticəsində ARDNŞ daxilində bəzi problemlərin yaşandığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Qağaməli Seyfullayev hər şeydən öncə şəxsi maraqlarını təmin etməyə çalışır.
"Qaz İxrac" İdarəsinin rəisinin N.Nərimanov adına Neft Qaz Çıxartma İdarəsinin əsaslı tikinti şöbəsində rəis müavini işlədikdən sonra, yenidən "Az.DNİ" trestinin 1 saylı Tikinti Quraşdırma İdarəsində baş iş icraçısı kimi çalışdığını deyən mənbə qeyd edir ki, Qağaməli Seyfullayev 2002-2007-ci illərdə həmin idarənin baş mühəndisi işləyib: "O, daha sonra "Neftqaztikinti" Trestinin istehsalat şöbəsinin rəisi, kəşfiyyat nəzarət departamentinin rəisi, 7 saylı Tikinti Quraşdırma İdarəsinin rəisi, Bakı Dərin Özüllər Zavodu direktorunun birinci müavini vəzifələrində çalışıb. Nəzərinizə çatdırım ki, o, "Azəriqaz"ın rəhbəri Əkbər Hacıyevlə sıcaq münasibətlərə malikdir. Məhz elə buna görə də Qağaməli Seyfullayev bir neçə il öncə qardaşının işlə təmin olunması üçün Əkbər Hacıyevdən xahiş edib və "Azəriqaz" rəhbəri də öz növbəsində, bu xahişi yerinə yetirib. Beləliklə, 2011-ci ilin ortalarında "Qaz İxrac" İdarəsinin rəisinin qardaşı İxtiyar Seyfullayev Biləsuvar Qaz İstismar Sahəsinin rəisi vəzifəsinə təyin olunub. Halbuki onun qaz sahəsində bir gün belə iş təcrübəsi olmayıb. Lakin Qağaməli Seyfullayevin xahişindən sonra Əkbər Hacıyev onu işlə təmin edib".
"Qaz İxrac" İdarəsinin rəisinin Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovun himayəsinə arxalandığını qeyd edən məlumatlı şəxsin sözlərinə görə, Qağaməli Seyfullayev üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyi bacarmır: "Məhz elə bu səbəbdən də onun fəaliyyəti "Qaz İxrac" İdarəsinin əksər əməkdaşları tərəfindən ciddi etirazla qarşılanır. Çünki idarənin maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlər həyata keçirilsə də, Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovun himayəsinə arxalanan Qağaməli Seyfullayev tərəfindən yol verilən nöqsanlar həmin işlərin üzərindən xətt çəkir. Nəzərinizə çatdırım ki, "Qaz İxrac" İdarəsi əməliyyat şirkətləri, "Şahdəniz", AÇG və ARDNŞ-ə məxsus yataqlardan hasil olunan qazın qəbulu, respublika ərazisində magistral kəmərlər vasitəsilə nəqli, Dövlət Neft Şirkətinə məxsus qaz həcmlərinin daxili və xarici bazarlarda satışının təmin edilməsi, bağlanmış müqavilələrin yerinə yetirilməsi, dünyanın yanacaq-energetika bazarında ölkəmizin rolunun artırılması, qaz idxal edən dövlətlərə etibarlı və sabit şəkildə qazın təchiz olunması, ixrac marşrutlarının diversifikasiyası və tədarükü coğrafiyasının genişləndirilməsini həyata keçirir. İdarənin balansında 177 nəqliyyat və xüsusi texnika vasitəsi, o cümlədən 46 minik, 33 "pikap", 17 avtobus, 2 mikroavtobus, 32 yük, 23 xüsusi texnika vasitəsi, 10 ekskavator, 6 traktor, 4 avtokran və 4 qoşqu fəaliyyət göstərir.
Lakin buna baxmayaraq, Qağaməli Seyfullayevin rəhbərlik etdiyi "Qaz İxrac" İdarəsində işçilərin əməyinə düzgün qiymət verilmir, rəhbər vəzifələri tutan şəxslər sadə işçilərə yuxarıdan aşağı baxır, onların əmək hüquqlarını tapdalayırlar. Bir sözlə, "Qaz İxrac" İdarəsində əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekoloji təmizliyə, eyni zamanda əmək qanunvericiliyinə əməl olunmur. Bunun isə məsuliyyəti birbaşa Qağaməli Seyfullayevin üzərinə düşür".
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. /Gundelik-Bakı/