“Zəngəzur” şadlıq sarayı hepatit və digər xəstəliklərin mənbəyidir

15-08-2015, 13:55           
“Zəngəzur” şadlıq sarayı hepatit və digər xəstəliklərin mənbəyidir
Müəssisənin direktoru Şükür Məmmədov barəsində müvafiq ölçü götürülməlidir



Çünki o, 100-ə yaxın insanın zəhərləndiyi şadlıq evinin fəaliyyətini icazəsiz olaraq özbaşına bərpa edib

Avqustun 8-də Bakının Binəqədi rayonu ərazisində yerləşən və Şükür Məmmədovun direktoru olduğu “Zəngəzur” şadlıq sarayında keçirilən toy mərasimində kütləvi zəhərlənmə qeyd alınıb. Nəticədə 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq üçün müvafiq tibb müəssisələrinə müraciət edib. Qeyd edək ki, hadisə ilə bağlı danışan toy sahibi Əlibaba Əliyev bildirib ki, sözügedən tarixdə şadlıq evində qızının toyu olub, toydan sonra gecəyarı ailə üzvlərində ürəkbulanma, qusma başlayıb, onların hərarəti qalxıb və təcili xəstəxanaya çatdırılıblar.

“O gecədən indiyə ancaq xəstəxanaya xəstə daşımaqla məşğuluq. Hazırda Tibbi Kliniki Mərkəzdəyəm, burada xəstələrimizin sayı 40 nəfəri ötüb, ümumilikdə isə zəhərlənənlərin sayı 100 nəfərdən çoxdur. Dayanmadan qohum-əqrəbadan zəng edirlər, sancılardan, ürək bulanmasından şikayətlənirlər. Toydan əlavə 500 manat pul qalmışdı, onu da ancaq xəstələrin daşınmasına sərf etmişik. Ailə üzvlərimdən həyat yoldaşım, qızım, nəvəm, kiçik oğlum zərər görüb. Kiçik oğlum hazırda “Şərq” bazarının yaxınlığındakı 7 saylı xəstəxanada yerləşdirilib. Vəziyyəti yaxşı deyil” deyən toy sahibinin sözlərinə görə, bəylə gəlin yemək yemədikləri üçün onların vəziyyəti normaldır: “Mən də ayaq üstə olmuşam, qonaqları qarşılamışam deyə yemək dadmamışam. Bilmirəm qonaqlar hansı səbəbdən bu vəziyyətə düşüblər?” Əlibala Əliyev şadlıq evinin rəhbərliyi ilə müqavilə bağlayıb-bağlamadığı sualına cavabında qeyd edib ki, belə bir müqavilədən xəbərsizdir: “Mənə heç bir müqavilə göstərilməyib. Bir ay öncə menyuya baxmışam, aparıb evdə ailəmə göstərmişəm, məsləhətləşib, “Zəngəzur”da toy etməyə qərar vermişik. İndiyədək hansısa toyda müqavilə bağlanması haqqında eşitməmişəm. Zəhərlənmədən sonra ölüm hadisəsinin olacağından ehtiyat edirəm. Ona görə də istəyirəm ki, bu hadisə ilə bağlı hüquq-mühafizə orqanları tədbir görsünlər. Təcili yardıma bir müraciət olanda polis orqanları xəbər tutur. Bu məsələ böyüyüb. Mən eşitdim ki, Səhiyyə Nazirliyi də işə qarışıb. Güman edirəm ki, bir tədbir görülər”.

Bu arada, onu da nəzərinizə çatdıraq ki, Şükür Məmmədovun direktoru olduğu “Zəngəzur”da baş verən kütləvi zəhərlənmə hadisəsi ilə əlaqədar açıqlama ilə çıxış edən Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirib ki, ilkin müayinələr zamanı hazır qidalarla bişməmiş qidaların bir yerdə saxlanılması, hazırlandıqdan sonra çirklənməsi halları qeydə alınıb: “Məlum olub ki, şadlıq evində qidaların, hazırlanan yeməklərin saxlanılmasında gigiyenik və saxlanma qaydalarında kobud pozuntuya yol verilib. Belə ki, şadlıq evindən ümumi gigiyena vəziyyətini aydınlaşdırmaq üçün 22 yaxma nümunəsi götürülərək analiz olunub. 22 yaxma nümunəsindən 9-da bağırsaq çöpləri aşkar edilib. Mikrobioloji çirklənmələr boşqablarda, salat qablarında, xüsusilə də işçilərin, eləcə də aşpazın, çörək doğrayanın, qabyuyanın əllərində (hansı ki, onların əlləri tərtəmiz olmalıdır) müəyyən olunub. Eyni zamanda, müəssisədəki suyu da yoxlamışıq. Suda heç bir problem çıxmadı”. Xəstələrin mədə yuyuntusu və nəcis kütləsindən də nümunələrin götürüldüyünü xatırladan şöbə müdiri bildirib ki, təxminən 30 xəstədən 60 nümunə götürülüb: “Bütün nümunələrdə proteus bakteriyaları aşkar olunub. Həmçinin xəstələrin mədə yuyuntusu və nəcis nümunələrində müxtəlif növ bakteriyalara rast gəlinib”. O, həmçinin qeyd edib ki, Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzi şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qəbul etdiyi qərarı həm sahibkara, həm də aidiyyəti dövlət qurumlarına təqdim edib: “Həmçinin 80 nəfərədək insanın zəhərlənməsi səbəbi ilə rayon prokurorluğuna müraciət edilib. Sahibkar müəssisənin fəaliyyətini icazəsiz olaraq özbaşına bərpa etmiş olsa, o zaman məsuliyyət daşımış olacaq. Bir məsələ də var ki, şadlıq evinin fəaliyyəti davamlı olaraq qadağan edilməyib. Sadəcə, baş verən hadisəyə səbəb olan nüanslar aradan qaldırılmalıdır”.

Gördüyünüz kimi, Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev açıqlamasında birmənalı şəkildə vurğulayıb ki, əgər “Zəngəzur” şadlıq sarayının sahibi müəssisənin fəaliyyətini icazəsiz olaraq özbaşına bərpa etmiş olsa, o zaman məsuliyyət daşımış olacaq. Belə çıxır ki, artıq adıçəkilən şadlıq sarayının direktoru Şükür Məmmədov barəsində müvafiq ölçü götürülməlidir. Çünki Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzi “Zəngəzur” un fəaliyyətinin dayandırılması barədə qərar qəbul etsə də, müəssisə fəaliyyətini davam etdirməkdədir. Bu isə o deməkdir ki, “Zəngəzur”da yaxın gələcəkdə zəhərlənmə halları və digər xoşagəlməz hadisələr təkrarlana bilər. Mövzu ilə bağlı əldə etdiyi önəmli bilgiləri redaksiyamızla paylaşan məlumatlı şəxs də məhz bu qənaətdədir ki, Şükür Məmmədovun direktoru olduğu müəssisədə hər an daha ağır nəticələrə səbəb olan faciə baş verə bilər: “Çünki şadlıq evinin mətbəxi sanitar normalara cavab vermir, mətbəxdə işləyən işçilər yemək hazırlayarkən əlcək, papaq və maskalardan istifadə etmirlər, anbarda məhsulların saxlanma rejiminə riayət olunmur. Bundan başqa, şadlıq sarayındakı zallarda istifadə olunan masa və oturacaqların ölçüləri, onlar arasındakı məsafələr AZS 746-2012 “Şadlıq saraylarının təsnifatı və qaydalar” dövlət standartının tələblərinə uyğun deyil, zalda qonaqların sərbəst hərəkət etməsi və personalın keyfiyyətli xidməti üçün müvafiq şərait yoxdur. Həmçinin istehlakçılara təqdim olunan kulinariya məmulatları (müxtəlif növ salatlar, yeməklər, ət yarımfabrikatları və s.) müvafiq qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır. Bu isə səhlənkarlıqdan, məsuliyyətsizlikdən xəbər verir. Məsuliyyətsizlik olan yerdə isə həmişə cinayət olur. Odur ki, gələcəkdə də kütləvi zəhərlənmələr ola bilər. Bir sözlə, “Zəngəzur” şadlıq sarayı hepatit və digər xəstəliklərin mənbəyidir…”


Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandımağa hazırıq.

Gundelik-Baku.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.