Taleh Qaraşovun oğlunun bazar biznesi: rayon qarışdırılır
17-08-2015, 00:35
Azərbaycan məmurlarının övladlarının macəraları bitib tükənmək bilmir. Bir zamanlar avtoxuliqanlıq, bahalı avtomobillərlə selfi çəkdirməklə gündəmə gələn məmur övladları son vaxtlar biznes dünyasındakı xəbərləri ilə diqqət çəkir. Bu dəfə xəbərini aldığımız şəxs isə Lənkaran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Vüsal Qaraşovdur. Ən maraqlısı isə odur ki, atası Lənkaranda rəhbər olan övladın biznes dünyasındakı xəbəri başqa bir rayona, Beyləqana aiddir.
Beyləqan rayonunda yeni tikilən bazar iş adamı İlham Qasımovun aldğı bildirilir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, həmin bazara iş adamı 600 min manat xərc çəkərək alıb. Məlumatlarda o da göstərilir ki, iş adamının bazardakı şəriki Lənkəran icra başçısı Taleh Qaraşovun oğludur. Belə ki, alınan bazarın pulunun xərcinin yarsını məhz icra başçısının oğlu verib. Amma icra başçısının oğlu ilə iş adamının bazar sevdası hələ tam reallaşmayıb. Çünki rayonda sovetlər dönəmindən qalan kolxoz bazarı fəaliyyətini davam etdirir və əhali əsasən bu bazara üstünlük verir. Onu da bildirək ki, Beyləqan şəhərinin mərkəzindəki kolxoz bazarı Beyləqan rayonunun keçmiş icra başçısı Xasay Əhmədova məxsusdur. İş adamı ilə icra başçısının oğlu kolxoz bazarındakı antisanitariya, özbaşınalıqdan istifadə edərək satıcıları yeni bazara çəkmək istəyindədirlər. Hətta bu bazardakı antisanitariya haqda media və tv-lərdə reportajlar verilməsinə yardımçı olublar ki, bu bazar bağlansın və öz obyektlərini işə salsınlar. Aldığımız məlumatda deyilir ki, hazırda bazar məsələsi ilə bağlı Beyləqanda ciddi narazılıq var. T.Qaraşovun oğlu ilə onun şəriki İ.Qasımov isə bu rayonda başqa böyük obyektləri də almaq niyyətindədirlər.
Qeyd edək ki, İlham Qasımov icra başçısının oğlunun Türkiyədə şərikli biznes işləri ilə məşğul olması, həmçinin paytaxtın Nəsimi rayonunda hündürmərtəbəli bina tikintisi həyata keçirtdikləri deyilir. Bu biznes ortaqlarının adları isə son illərdə bir sıra qalmaqallarda hallanıb. İcra başçısının oğlu ilə iş ortağının Tiflisdəki macəraları ilə bağlı müxtəlif məlumatlar dolaşır. V.Qaraşov v polis rəisi olmaqdan daha çox geniş imkanlara malik biznesmen kimi tanınır və həm atasının, həm də özünün pullarını biznes ortağı İ.Qasımov vasitəsilə müxtəlif sahələrə yatırır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.