Risq bölgəsi olan daha bir səhiyyə ocağı... - Nazirliyin nəzər-diqqətinə...

20-08-2015, 20:39           
 Risq bölgəsi olan daha bir səhiyyə ocağı... - Nazirliyin nəzər-diqqətinə...
İnkar etməz olmaz ki, bu gün ölkəmizin səhiyyə sistemində mövcud olan bir çox problemlər məhz respublikamızda fəaliyyət göstərən özəl tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müşahidə olunmaqdadır. İlk növbədə qeyd olunmalıdır ki, bu tibb müəssisələrində xəstələrə təklif olunan xidmətlərin qiyməti özünü doğrultmayacaq qədər yüksək olur. Bunun müqabilində isə göstərilən tibbi xidmətlər mahiyyət etibarı ilə aşağı səviyyədə, bəzən isə hətta sağlamlıq üçün ziyan doğura biləcək bir həddə olur. Təbii ki, lazımi səviyyədə xidmət göstərilməməsi ilə bağlı ittihamları heç də bütün özəl klinikalara qarşı irəli sürmək olmaz. Lakin belə müəssisələrin sayı da kifayət qədərdir. Bəzi hallarda isə, bu və ya digər özəl tibb müəssisəsinin Səhiyyə Nazirliyindən ümumiyyətlə lisenziya aimağa necə nail ola bilməsi də müəyyən suallar doğurur. İkinci bir tərəfdən isə, belə hallar da olur ki, müəyyən özəl tibb mərkəzinin fəaliyyəti hər hansı konkret dövlət tibb müəssisəsinin maraqları ilə ziddiyyət yaradır. Həm də bu zaman söhbət heç də sağlam rəqabətdən getmir. Məsələn, redaksiyamıza yeni daxil olmuş məlumatda təsvir olunan vəziyyət, hətta dövlət tibb müəssisəsinin fəaliyyətinin qismən sabotaj olunması kimi də qiymətləndirilə bilər. Məsələ bundadır ki, mənbənin iddiasına görə, dövlət tibb müəssisəsində işləyən həkim, bura gələn pasientləri sonrakı müalicə üçün özünün açdığı özəl tibb mərkəzinə yönəldir. Təbii ki, belə olan halda malik olduğu imkanları bu həkim üçün ideal şərait kimi qiymətləndirmək olar. Amma gəlin məlumatda qeyd olunan bəzi məqamları növbə ilə nəzərdən keçirək. İlk növbədə qeyd etməliyik ki, aldığımız açıqlamalarda barəsində söhbət gedən həkim Tamella Qurbanovadır. Mənbə bildirir ki, Tamella xanım paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evinin nəzdində fəaliyyət göstərən Qadın məsləhətxanasında çalışır. Eyni zamanda da Tamella Qurbanova yenə də Bakıxanov qəsəbəsində yerləşən “Ailə” tibb mərkəzinin rəhbəridir. Etiraf edək ki, tibb mərkəzi ifadəsini eşidərkən, adətən insanların təsəvvüründə hansısa böyük bir səhiyyə müəssisəsi canlanır. Amma “Ailə” tibb mərkəzi adi bir 5 otaqlı mənzilin divarları arasında fəaliyyət göstərən müəssisədir. Həkim kabinetlərinin sayı isə cəmi ikidir. Onlardan biri stomatoloji kabinet, digəri isə təbii ki, Tamella xanımın özünün xəstələri qəbul etdiyi ginekoloji kabinetdir. Əslində, belə məhdud sahədə fəaliyyət göstərəcək müəssisəyə Səhiyyə Nazirliyi tərəfindən müvafiq lisenziyanın hansı əsasla verildiyi də müəyyən suallar doğurur. Digər tərəfdən isə, mənbə ümumiyyətlə “Ailə” tibb mərkəzinin lisenziyasının vaxtının bitdiyini iddia edir. Tamella Qurbanova isə bu lisenziyanın vaxtının 2016-cı ilin aprel ayına qədər olduğunu bildirir. Amma istənilən halda bu “xırdalıqlar” “Ailə” tibb mərkəzinin fəaliyyətinə heç bir problem yaratmır. Ən əsası budur ki, 2 saylı Doğum Evinin Qadın məsləhətxanasının həkimi Tamella Qurbanova, özəl tibb mərkəzinin rəhbəri Tamella Qurbanovanı pasient sarıdan “korluq çəkməyə” qoymur. Qeyd edək ki, mənbə təqdim etdiyi açıqlamalarda “Ailə” tibb mərkəzinin yerləşdiyi mənzildəki darısqallıq və şəraitsizliklə bərabər, həm də burada adətən hökm sürən natəmizlik və antisanitar vəziyyətdən də bəhs edir. Eyni zamanda da, iddiaya görə Tamella Qurbanova rəhbərlik etdiyi mərkəzdə bəzi qeyri-qanuni əməliyyatları, məsələn bir neçə aylıq dölün alınmasını (abort) da həyata keçirir. Lakin bunu da qeyd etməliyik ki, əməkdaşımızla olan telefon söhbətində Tamella xanım bu ittihamı qəti olaraq rədd etmişdi...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.