Qaradağ Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri qanunlara məhəl qoymur

21-08-2015, 15:51           
Qaradağ Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri qanunlara məhəl qoymur
Rasim Əhmədov Çingiz Sultanovun mülkiyyət hüquqlarını pozmağa çalışır
Bu cür əmələ görə cinayət məsuliyyəti nəzərdə tutulub

Ötən sayımızda qeyd etdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Rasim Rəsul oğlu Əhmədov Qaradağ rayon sakini Çingiz Zahid oğlu Sultanovun mülkünə göz dikdiyindən, onun adına sənədləşdirilmiş qeyri-yaşayış binasını əlindən almağa çalışır. Əldə etdiyimiz bilgilərə görə, kifayət qədər daşınmaz əmlakı, eləcə də ən son model bahalı avtomobilləri olan Rasim Əhmədov sözügedən obyektə sahiblənməkdən ötrü əlində olan imkanlara baş vurur və bu yolla qarşı tərəfi neytrallaşdırmağa çalışır.

Rasim Əhmədovun 15 ildən artıqdır ki, Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri vəzifəsində çalışdığını vurğulayan mənbənin iddiasına görə, adıçəkilən şəxsin rayon ərazisində bir neçə nəhəng obyekti var: "Rasim Əhmədov mənzil-kommunal təsərrüfatı birliyinin sədri kimi Qaradağ rayon sakinlərinin heç bir işinə yaramır. Belə ki, o, sakinləri narahat edən problemlərlə maraqlanıb onları yoluna qoymaq əvəzinə yalnız şəxsi maraqlarını təmin etmək barədə düşünür. Məhz elə bu səbəbdən də Rasim Əhmədov özünü böyük biznes qurmağa, çoxlu sayda daşınmaz əmlaka sahiblənməyə kökləyib. O, əlinə düşən hər fürsətdən istifadə edib daha çox gəlir əldə etməyə çalışır. Əgər müvafiq orqanlar Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, həm də onun sədrinin fəaliyyətini obyektiv şəkildə araşdırsalar, o zaman məlum olacaq ki, Rasim Əhmədov müxtəlif dövlət qurumlarının balansında olan obyektləri nəzarətində saxlamaqla, yəni onlardan gələn icarə haqlarını ört- basdır yanaşı, ayrı-ayrı vətəndaşlara məxsus olan qeyri-yaşayış sahələrini belə, ələ keçirməyə can atır". Deyilənlərə misal olaraq Qaradağ rayon sakini Çingiz Sultanovun başına gətirilən olayları göstərmək olar. Belə ki, Qaradağ rayonundakı bir çox obyekti özəlləşdirən, Lökbatan qəsəbəsində yerləşən "Xocahəsən" kafesinin yanındakı hamamı öz balansında saxlamaqla həmin obyektin icarə haqqından əldə olunan gəliri özünə götürən mənzil-kommunal təsərrüfatı birliyinin sədri indi də gözünü Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 5C ünvanında yerləşən qeyri-yaşayış binasına dikib. Halbuki bu obyekt Çingiz Sultanovun mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış, eyni zamanda Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasport da bunu təsdiqləyir. Lakin buna baxmayaraq, kor tutduğunu buraxmadığı kimi, Rasim Əhmədov da elə hey "həmin obyekt mütləq mənim olmalıdır" deyir. Bu isə birbaşa qanun pozuntusudur. Çünki Rasim Əhmədov Çingiz Sultanovun mülkünü onun əlindən almağa çalışmaqla ölkə vətəndaşının mülkiyyət hüququnu pozmağa səy göstərir. Halbuki iqtisadi hüquqlar arasında ən əsas hüquq mülkiyyət hüququdur. Mülkiyyət hüququ ən qədim hüquqlardandır. Mülkiyyət hüququ hər bir vətəndaşa məxsusdur və o, öz istədiyi kimi bu hüquqdan istifadə edə bilər. Yəni bütün insanların mülkiyyəti toxunulmazdır və əgər bir gün hansısa şəxs tərəfindən bu toxunulmazlıq pozularsa, o zaman dövlət bu hüququn bərpa edilməsi baxımından müəyyən addımlar atır. Qeyd edək ki, mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində öz əksini tapıb. Belə ki, konstitusiyanın 29-cu maddəsində deyilir ki, hər kəsin mülkiyyət hüququ var. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 6-cı maddəsində isə bildirilir ki, mülkiyyətin toxunulmazlığı prinsipi konstitusion prinsip olmaqla bərabər, həm konstitusiyada, həm də Mülki Məcəllədə öz əksini tapıb. Bu prinsipə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Bir sözlə, Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Rasim Əhmədovun diqqətinə çatdırmaq istərdik ki, mülkiyyət hüququnun toxunulmaz olduğu həm Azərbaycan Respublikasının Konstitusiyasında, həm Mülki Məcəllədə, həm də "İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında" Avropa Konvensiyasına əlavə edilmiş 1 saylı Protokolda göstərilib. Odur ki, siz nə qədər çalışsanız belə, Çingiz Sultanovun adına sənədləşdirilmiş qeyri-yaşayış binasını onun əlindən ala bilməyəcəksiniz. Çünki qanun buna imkan vermir və buna görə cinayət məsuliyyəti nəzərdə tutulub…


Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


(ardı var)
gundelik baki












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.