“Sadıxlı” gömrük-keçid məntəqəsində nələr baş verir - Aydın Əliyev hara baxır?
24-08-2015, 10:13
DİA.AZ olaraq bu günlərdə Tovuz Gömrük İdarəsinin fəaliyyəti yeni bərpa olunmuş “Sadıxlı” gömrük-keçid məntəqəsində yaşanan bəzi olaylarla bağlı məlumatı diqqətinizə təqdim etmişdik. Redaksiyamıza ərizə ilə müraciət etmiş Ağstafa rayonu, Sadıxlı kənd sakini Asim İsmayılov, ona qarşı gömrük-keçid məntəqəsinin bəzi əməkdaşları tərəfindən haqsızlıq edildiyini bildirmişdi. Öz ərizəsində Asim İsmayılov bildirmişdi ki, o, qonşu Gürcüstandan ölkəmizə iri buynuzlu mal-qara gətirməklə məşğul olur.
Bu yaxınlarda isə, növbəti dəfə bu məqsədlə Gürcüstana keçməzdən əvvəl Asim vəziyyətlə maraqlanmaq üçün yeni açılmış gömrük-keçid məntəqəsinə gəlir. Burada isə, onun Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqovun sürücüsü, cangüdəni və nəhayət doğma əmisi oğlu olan Yaşarla xoşagəlməz, eyni zamanda da maraqlı söhbəti olur. Asim İsmayılov bildirir ki, o, məntəqəyə gələrək öz niyyətini bildirib və xahiş edib ki, ən azından onun Qarabağ müharibəsi veteranı olduğu nəzərə alınaraq, gətirəcəyi mal-qaraya görə sadəcə dövlət rüsumu alınsın. Yəni əlavə rüşvət tələb olunmasın. Bunun müqabilində isə, Yaşar təhqiramiz ifadələrlə ona cavab verib ki, biz maya qoyub məntəqəni sənin üçün açmamışıq. Şikayətçinin deməyinə görə, Yaşar bu zaman hidddətləndiyini nümayiş etdirmək üçün hətta vətəndaşı əli ilə itələyib və deyib ki, bizim arxamızda Kəmaləddin Heydərov durur, ona görə də heç kimdən qorxmuruq. Bundan sonra isə, Yaşar ağzından bəzi maraqlı ifadələr çıxarıb. Bildirib ki, məntəqə “Cahan Holding”in rəhbəri Vüqar Abbasovun maliyyə vəsaitləri hesabına təmir olunub. Bunun müqabilində isə, “Sadıxlı” gömrük-keçid məntəqəsinə onun bir qohumu rəis təyin olunacaq. Biz həmçinin qeyd etmişdik ki, Vüqar Abbasov həm də Mehman Sadıqovla kirvədirlər. Deməli holdinq rəhbərliyi indi də öz biznes şəbəkəsinə dövlət strukturlarını “əlavə etmək” niyyətindədir.
Dünən isə, Asim İsmayılov yenidən redaksiyamıza müraciət etmişdir. Vətəndaş bildirmişdir ki, bu günlərdə o, yenidən “Sadıxlı” gömrük-keçid məntəqəsində xoşagəlməz anlar yaşamalı olmuşdur. Vətəndaş deyir ki, gömrükdən sadəcə dövlət rüsumu ödəməklə mal-qara keçirməyin mümkünsüzlüyünü gördükdən sonra, o, əvvəllər məşğul olduğu və daha ucuz başa gələn meyvə ticarətinə keçmək qərarına gəlib. Məntəqədən keçərkən isə, Asim növbə rəisi Sabirlə qarşılaşıb. Asim deyir ki, bir dəfə Sabir onu keçid məntəqəsində saxlayaraq, Gürcüstandan gətirdiyi limonları ayaqıayıb-əzmişdi. Buna görə də, Asim bu məmurdan rayon prokurorluğuna şikayət etmişdi. İndi də həmin hadisəni xatırlayan Sabir, Asimi gördükdə qəzəblənərək, “bunu bura kim buraxıb” – ifadəsini işlədib.
Elə bu zaman Mehman Sadıqovun sürücüsü Yaşar da onlara yaxınlaşıb. Böyük ehtimalla, qəzetimizdə dərc olunmuş materialla tanış olan Yaşar da öz növbəsində Asimi belə təhdid etmişdir: “Bu bizdən ora-bura yazan həmin adamdır. Bunun ağzından “sıxmaq” lazımdır...”
Belə məlum olur ki, “Sadıxlı” gömrük-keçid məntəqəsinin əməkdaşları buranı dövlətin qurumu kimi deyil, öz şəxsi obyektləri kimi görürlər. Buna görə də məntəqədən kimlərin, necə və ən əsası da neçəyə keçə biləcəyinə də özləri qərar verirlər...