Xaləddin İsgəndərova seçki cəzası verilməsinin sensasion təfərrüatı - ÖZƏL
26-03-2018, 20:26

Xaləddin İsgəndərova seçki cəzası verilməsinin sensasion təfərrüatıBinəqədi Rayon İcra Hakimiyyəti 11 aprel prezident seçkilərindən kənarlaşdırılıb. Buna səbəb icra hakimi Xaləddin İsgəndərovun yola salınmasına hazırlıqdır.
Bu barədə FİA.Az-ın əldə etdiyi məlumata görə, aprel seçkilərindən sonra X.İsgəndərov vəzifəsindən rəsmən kənarlaşdırılacaq.
Əslində, işə formal gəlib-gedən icra başçısı sərəncamdan agahdır. O, bilir ki, işdən çıxarılıb və yalnız seçkilərin yekunlaşmasını gözləyir.
X.İsgəndərovun “qələmi qırılıb” və səbəbi sabiq vergilər naziri Fazil Məmmədovun qohumu olmasıdır. Vergilər naziri dəyişəndən sonra Binəqədi icra başçının da erası bitib.
X.İsgəndərov indi imkan düşdüyü qədər boş yerləri satmağa çalışır ki, pul qazansın. Məsələn, Bakının Rəsulzadə qəsəbəsində piyada keçidini bağlayaraq magistral yolun üstündə obyekt tikirlər.
Piyadalar üçün şərait isə qətiyyən nəzərə alınmayıb. Avtomobil saxlanması üçün yer də nəzərdə tutulmayıb.
Sakinlərin sözlərinə görə, piyada keçidinin bağlanması onların gediş-gəliş imkanınını çətinləşdirib.
Onlar deyirlər ki, bu hal misli görünməmiş qanunsuzluqdur. Binəqədi icra hakimi Xaləddin İsgəndərovu qınayan sakinlər deyirlər ki, ərazini satan özüdür.
Feysbukda yazılan şərhlərin birində qeyd olunub ki, həmin obyekt deputat hacı Madər Musayevə aiddir. Binəqədinin deputatı olan hacı Madər biznesmen kimi da çox tanınır.
İcra başçısı da həmin yeri ona sataraq gethagetdə pul qazanıb. X.İsgəndərov bilir ki, son fürsətlərdir.
Binəqədi rayonu İcra Hakimiyyətinin rəhbəri Xaləddin İsgəndərov işdən azad edildiyini minval.info da yazıb. Prezident seçkilərindən sonra bu barədə ictimaiyyətə açıqlama veriləcəyi gözlənilir.
Xaləddin İsgəndərov haqqında yerli mediada dəfələrlə yazılar dərc edilib. Onun nəzarəti altında olan Binəqədi rayonunda yaşıllıqların məhv edilməsi, yerində də binaların tikilməsi adi hal almışdı.
Həmçinin eks başçının dövründə xeyli müddət Binəqədinin yollarındakı problemlər kəskin narazılığa səbəb oldu.
Bərbad yolların təmiri belə sakinlərin yaşam tərzinə ciddi təsir etdi. Buna görə də, dəfələrlə Binəqədi sakinləri etiraz edib, ölkə rəhbərliyinə müraciət ünvanlayıblar.
Qeyd edək ki, Xaləddin İsgəndərov vəzifədə olduğu müddətdə rayonda yerləşən hündürmərtəbəli binada 10-dan çox insanın ölümü ilə nəticələnən güclü yanğın baş verib.
Xatırladaq ki, vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad edildikdən sonra ona yaxın adamları və bir neçə qohumu işdən uzaqlaşdırıldı.
FİA.Az-ın əldə etdiyi məlumata görə, icra hakimiyyətləri seçkinin təşkilində iştirak edirlər, Mərkəzi Seçki Komissiyasına və Yeni Azərbaycan Partiyasına kömək edirlər.
Ancaq Binəqədi RİH və onun rəhbəri bu prosesdən təcrid olunub. Bu da ona hakimiyyət tərəfindən verilmiş cəzadır.
Eyni cəza sabiq metro rəisi, YAP-ın Yaamal təşkilat sədri Tağı Əhmədova da şamil olunub. Bu haqda ayrı yazıda geniş məlumat verəcəyik.
Xaləddin İsgəndərovun fəaliyyəti, xüsusilə maliyyə maxinasiyaları, torpaqların qanunsuz satılması, büdcə vəsaitlərinin mənimsənilməsi haqda mətbuatda yayılan yazılarda göstərilən məlumatlar yoxlama mövzusudur. Üzə çıxanlar isə çox ilginc faktlardır.
Araşdırmalar zamanı məlum olub ki, təkcə Binəqədi Rayon İcra Hakimiyyətinin qarşısındakı parkın salınması adı ilə büdcə vəsaitinin 28 milyon manatı mənimsənilib.
Faktiki isə həmin məbləğin hətta üçdə biri xərclənsəydi, ərazidə daha rahat və gözoxşayan park salmaq mümkün idi.
Üstəlik, parkdakı kafe-restoranın kimə məxsus olması da aydınlaşdıırlıb. Belə məlum olub ki, park salınarkən inşa olunan kafe-restoran başçının oğluna yaxın şəxsin adına rəsmiləşdirilib.
Yəni dövlətin puluna tikilib, amma özəl mülkiyyət kimi Xaləddin İsgəndərovun oğlu Elnur İsgəndərovun çoxsaylı obyektləri sırasına qatılıb.
Amma digər şəxsin adına isə sənədləşdirilib. O da bilinir ki, park salınarkən orada görülən işlərə Elnur İsgəndərov nəzarət edib.
Xaləddin İsgəndərov Binəqədi rayonu “Zeytunluq” adlanan ərazidəki yarımçıq tikilidə yaşayan insanların yeni mənzillərə köçürülməsi prosesi ilə bağlı külli miqdarda maliyyə yeyintilərinə yol verib.
Məlumatda həmçinin o da qeyd olunur ki, yeni mənzillərə köçən insanlara təqdim olunan evlərin sahəsinin genişliyinə görə onlardan əlavə pul alınıb.
Mənzillərin bölgüsü şəffaf aparılmayıb. Bildirilir ki, artıq prokurorluq və polis tərəfindən birgə istintaq qrupu yaradılıb.
Binəqədi RİH-nin mövqeyini dərc etməyə hazırıq.