Aslan İsmayılov casusla yaxalandı - vəkilin sükutunun pərdəarxası
11-04-2018, 11:35

Aslan İsmayılov casusla yaxalandı
Bu adamın tipi budu. Özünü başqa cür ifadə edə bilmir. İllərlə vəkil oldu, ictimai-siyasi mühitdə boy göstərməyə çalışdı. Gördü ki, alınmır, elə bir yol seçdi ki... Sonu xəyanət, biabırçılıq və uçurum olan yol...
Düzlükdən, doğruluqdan dəm vur, səsini başına at, videoroliklər çəkib paylaş, əyər-əskikləri göstərmək üçün gah dağa çıx, gah da bağa en... Bir yandan da korrupsiya piroqundan pay istə. Bizə də yox də, Aslan məllim. Qəzetçilər ölkənin ən məlumatlı adamlarındandır. Kimin kim olduğunu bizlər də babat bilirik. Sən get o nağılları məlumatsız adamlara danış, o populizm havalarını başqalarına at. Rəhmətlik Hacıbaba Bağırovun sözü olmasın, “bizə paçka basma”.
Şantajla varlanmaq hərisliyini zatən bu ölkədə bilməyən qəzetçi, iş adamı, məhkəmə hakimi, vəkil, siyasətçi yoxdu. Bu qədər çirkabın içində ola-ola üstəlik qəzetçilərlə dalaşmağını anlamadıq. Bizi də şantaj etmək istəyirsən? İş adamlarının parası var, onları sıxışdırıb, nəsə qoparmaq istəyirsən. Bizdən istədiyin nədir bəs? Pulumuz yoxdu, yaxşı bilirsən. Sənin yanında olub, şantaj tonqalına çırpı daşımağımızı istəyirsən olmaya?!
Xislətkarın Əli Kərimli də belə edir: “Ya yanımda ol, ya qarşımda” - deyə, şantaj və terror edir insanları. Xəstə ruhlu Cəbhə sədri ilə davamızın mahiyyətində onun bu anormal istəyi dayanır əslində. Hələ 90-ların ortalarından başlayaraq Rauf Arifoğlundan istəyi, hətta tələbi bu idi ki, onun avantürist siyasətinə media dəstəyi versin. Dəfələrlə deyib ki, “məni dəstəklə, prezident olum. Nə var İsa Qəmbərin yanında, ondan sənə lider və prezident olmaz”. “Yox” dedik, imtina etdik - üzərimizə iti-köpəyi qısqırtdı. İllərlə söyüş yağdırdı, şantaj etdirdi. Rauf bəyin və mənim e-mail ünvanlarımıza, facebook hesabımıza deyiləsi, yazılası mümkün olmayan söyüş və təhqirlər yazdırdı.
Aslan İsmayılov, indi də sən onun bu yaramaz işini davam etdirirsən. Məhkəmə çəkişməsində olduğun bir iş adamı ilə - Mürvət Həsənli ilə şəkil çəkdirmişik, onun 3-4 yazısını vermişik deyə üstümüzə hücuma keçmisən. Səndən icazə alacaq deyilik, hər halda buna görə. Sənin kimi demokratiya düşmənlərinin əhatəsində qəzet çıxarmaq, jurnalist fəaliyyəti göstərmək çox təhlükəlidi. Hər gün bizi sosial şəbəkələrdə söydürürsən, təhqir etdirirsən. Bunun əksi daha sivil, daha ağayana deyilmi? Məsələn, redaksiyaya müraciət edirsən, razı qalmadığın məqamlarla bağlı fikirlərini çap edirik. Yaxud mübahisə etdiyin tərəflə debata çıxırsan. Yoxsa nədir bu terror rüzgarı əsdirməyin?! Bizimlə hədə, şantaj dili ilə danışıb prosesdən uduşla çıxan kim olub? Ki, sən də onlara baxıb həvəslənəsən?! Qəzetçilərlə dalaşmaq, media patronları ilə düşmənçilik aparmaq qədər uğursuz əməl yoxdu.
Aslan İsmayılovun bizə qərəzi o qədər çoxdu ki, əleyhimizə olan yazıları ağına-bozuna baxmadan tirajlayır. İnsanın öfkəsi (hirsi) ağlını kölgələyəndə həmişə yanlışlar edir, özünü tələyə salır. Barəsində “Dövlətə xəyanət” və “Terrorçuluq” maddələri ilə cinayət işi açılan, beynəlxalq axtarışa verilən, ölkəmizlə düşmənçilik edən, istifadəsində olan nur-az.com saytında və facebook səhifəsində müstəqilliyimiz, bayrağımız haqda çirkin məqalələr yazan, şər-böhtan yayan İsgəndər Hüseynzadə ad-soyadlı bir gerçək vətən xaininin yazısını (+ videokollajını) özünün facebook səhifəsində paylaşıb bizim Aslan. Ötən yazıda bu barədə geniş bəhs etmişdik. Həmin yazının linki budur (http://musavat.com/news/eli-kerimlini-mudafie-eden-veten-xaini-cixdi-sensasion-melumatlar_516890.html)
Düşünürdük ki, o, bunun yanlış olduğunu anlayıb, cəmiyyətdən üzr istəyəcək. Bu məsələnin üzərindən sükutla keçən A. İsmayılov ictimai diqqəti etdiyi bu biabırçı hərəkətdən yayındırmaq üçün Rauf Arifoğlunun məqaləsindəki Bayıl türməsi epizodunu qabartdı. Hələ türmə epizodunu düz deyib, yoxsa yalan danışıb, bunu qoyuruq kənara. Bizim sözügedən məqalələrdə ona əsas sualımız bu idi ki, niyə, hansı məntiq və maraqdan çıxış edərək Azərbaycana düşmən mövqedə dayanan birinin - İsgəndər Hüseynzadənin məqaləsini facebookda paylaşmısan?! Üstəlik, bu adamın yazısını və videokollajını facebookun pullu reklam imkanlarından yararlanıb, daha da tirajlayırsan?! Belə çıxır, Aslan İsmayılovla İsgəndər Hüseynzadəni birləşdirən maraqlar çox ciddidir və vazkeçilməzdir.
Özünü hər mövzuda bilgili göstərməyə çalışan A.İsmayılov İsgəndər Hüseynzadənin gerçək kimliyindən həqiqətən xəbərsizdirmi? Tutaq ki, xəbərsizdir. Yazıb, xəbərdar etdik, arayış verdik. Ortaya fakt qoyduq. Niyə reaksiya vermir hələ də? Nədən bütün mövzulardan yazır, danışır, ancaq terrorçuluqda və dövlətə xəyanətdə ittiham olunan, İranın xüsusi xidmət orqanlarının agenti kimi tanınan bir adamın təbliğatını apardığına aydınlıq gətirmir? Onunla əlaqəsinin olub-olmadığını təkzib etmir?
Hər fürsətdə prezidentin köməkçisi Əli Həsənovu az qala cümlə günahların baiskarı kimi göstərən Aslan İsmayılov vətən xaini olan, 22 ildir Azərbaycandan qaçıb Qumda gizlənən İsgəndər Hüseynzadənin təbliğatı ilə məşğuldu.
Yeri gəlib, bir məqamı xatırladım. Əli Həsənov 2012-ci ildə Bakıda keçiriləcək “Eurovision" yarışması öncəsi qonşu ölkələrin birindən ölkəmizə yönələn təhdidlərə, antitəbliğata qarşı cəsarətli bir mövqe qoydu ortaya. Əslində bir siyasətçi, dövlət adamı üçün riskli addım idi. Necə ki, indi Azərbaycan prezidentinə, onun komandasına qarşı xaricdən yayımlanan qara PR kampaniyasının qarşısında durdu, o zaman da Azərbaycan dövlətinə qarşı yaxın xaricdən təşkil edilən rəngli PR kampaniyasının önünə çıxdı. Azərbaycana, dövlətə belə bir mövqe hava-su kimi gərək idi.
O vaxt Ə.Həsənovun bu çıxışından sonra qonşu ölkədən yönələndirilən təhdid və qara PR kampaniyası xeyli səngidi, cəmiyyət əslində nə baş verdiyini anladı...
Aslan İsmayılovun bir agentin müdafiəçisi və təbliğatçısı rolunda çıxış etməsi, adamı bəzi şübhələrə salır. Əcəba, bizim Aslanın əli ilə intiqammı alırlar...
Azər AYXAN,
“Yeni Müsavat”