İcra başçısı ilə vəkilin maraqlı RÜŞVƏT DİALOQU
16-09-2015, 16:44
on dövrlər yerli icra hakimiyyətlərinin qanunsuzluqları artıq heç bir əndazə tanımır. İnsanların halal, dövlət tərəfindən verilmiş reyestrdən çıxarışla olan torpaqları belə cürbəcür uydurmalarla özlərinə ikinci dəfə satılır, tikdirdikləri obyektlərə görə hər yeni gələn başçı sökəcəm adı ilə yenidən rüşvət alır. Əgər əvvəlllər şikayətlərdən çəkinirdilərsə, indi heç nədən qorxmurlar. Artıq özləri göstərib deyir: ”Prokuror filan yerdə oturur, get şikayət elə”.
AFN.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov bildirib. Onun sözlərinə görə, bu vəziyyətin yaranmasının bir günahı vətəndaş olaraq bizim özümüzdədi: "Biz onların qabağından qaçırıq, qiymət alveri edirik, minnətçilər salırıq. Soruşmuruq ki, maaşı min manat olmayan başçının özü və ailə üzvləri hansı pullarla yüz minlik maşınlarda gəzir, milyonlarla ölçülən villalarda şellənirlər, bizlərə isə “səndən iy gəlir, aralı dur” deyirlər. Bunların qabağından qaçdıqca bunlar nəinki pullarımızı, özümüzü də yeyəcəklər, çünki bunlarda doymaq hissiyatı, abır-həya anlamı yoxdur. Ona görə də sosial şəbəkənin imkanından istifadə edib bunları addımbaşı ifşa etmək, daban-dabana izləmək, gördüyümüz hər bir qanunsuzluğu ictimailəşdirmək lazımdır. Təki, mənə xeyri yoxdur deməyin və bu barədə şərhlər də yazmayın".
Hüquqşünas Sabunçu rayon icra başçısı Adil Vəliyev haqqında yazılar yazacağını, şəxsən vəkil kimi özünün məşğul olduğu işlər üzərindən faktlarla başçını ifşa edəcəyini qeyd edir.
Daha sonra Abbas Quliyev adlı şəxslə bağlı baş verənləri nəql edir: "Bu şəxsin Dövlət Reyestrindən çıxarışı əsasında Kürdəxanı qəsəbəsində 24 sot torpaq sahəsi var. Başqaları tərəfindən zəbt olunmasın deyə (icra hakimiyyətinin rəsmiləri tərəfindən torpaqların heç bir əsas olmadan başqalarına satılması hallarına görə) 5 daş, yəni 1 metr hündürlüyündə hasar çəkmək istəyir. A.Quliyev ustaların köməyi ilə hasar tikərkən Sabunçu rayon İcra Hakimiyyətinin Həbib adlı nümayəndəsi gəlib işi dayandırır, özünü isə İcra Hakimiyyətinə dəvət edir. Bax, burada açıq-aşkar alver başlayır. Həbib bildirir ki, hasarın tikilməsi üçün hər sota 3000 AZN, A.Quliyev narazılığını bildirdikdə isə 2500 AZN-lə kifayətlənir. Bütün söhbətlər Sabunçu İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin adından aparılır. A.Quliyev bildirir ki, o torpağı elə özü 2500 manata onlara satmağa hazırdır. Söhbət qısa olur: ya pul verəcəksən, ya da hasar olmayacaq və torpaq əlindən alınacaq.
Tanıdığım bir şəxs Quliyevə mənə müraciət etməyi tövsiyə edir. Mənə bu barədə müraciət olduqdan sonra icra başçısı Adil Vəliyevlə danışdım. Bilirdim ki, o, əvvəllər “Porsche” mağazası işlədib, icra hakimiyyəti ilə mağazanı dəyişik saldığını isə söhbətdən sonra bildim. Birinci danışıqda mənə bildirildi ki, sənədlər artıq məhkəməyə göndərilib. Bütün məhkəmələri axtarıb işin məhkəmədə olmadığına əmin olduqdan sonra yenidən A.Vəliyevlə əlaqə saxlayıb ona bildirdim ki, sənədlər məhkəmədə yoxdur, işçiləri qanunsuzluq edirlər. O, kobud şəkildə dedi ki, heç bir hasar tikintisinə icazə verməyəcək, çünki sənədlər qanunsuzdur. Sənədlər Azərbaycan Dövlətinin adından Dövlət Reyestr Xidməti tərəfindən verilib dedikdə isə bildirdi ki, hamı bilir ki, rüşvət alıb veriblər. A. Vəliyevə bildirdim ki, heç kimdən rüşvət alınmayıb. Hasarın çəkilməsi üçün isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində deyildiyi kimi, hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə heç bir icazə tələb olunmur, ancaq icra hakimiyyətinin nümayəndələri torpağın hər sotuna görə 2500 manat rüşvət istəyirlər. İcra başçısı kobud şəkildə “yaxşı edirlər” dedi.
14 sentyabr 2015-ci il tarixdə artıq mənim iştirakımla hasar tikintisi yenidən aparılarkən özlərini İcra Hakimiyyətinin nümayəndələri kimi təqdim edən idmançı formasında olan 4 nəfər NİVA maşınında, eyni görkəmli Rafael adlı şəxs isə 10 SD 300 avtomobil nişanlı 200 minlik Mersedes G Klass avtomobilində gəlib işləri yenidən dayandırdılar. Şikayət edəcəyimi bildirdikdə isə “hara istəyirsən yaz” deyib, məni davaya çəkməyə başladılar. Onların dava salmaq istədiklərini görüb əvvəldən hazırladığım sənədləri, Reyestrdən çıxarışı, qanunlardan qeydləri, A.Vəliyevin özünə və yaxınlarına məxsus dəyəri milyonlarla ölçülən maşınların şəkillərini və haqqında mətbuatda getmiş şikayətlərin surətlərini ona təqdim edib, dərhal oranı tərk etdim.
Bu barədə icra hakimiyyətlərinin tabe olduğu Prezident Administrasiyasının məsul işçilərinə artıq müraciət etmişəm. Bundan başqa, ətraflı ərizə ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə və Baş Prokuror Zakir Qaralova da müraciətlər yollamışam.
Gələn yazılarımda Sabunçu İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin və üstümə gələn qoçularının başqa qanunsuzluqlarını, yüz minlərlə dəyəri olan avtomobillərinin, milyonlarla ölçülən digər əmlaklarının şəkillərini səhifələrimdə yayımlayacam".
P.S. Sabunçu rayonunun rəsmi saytında İcra Hakimiyyətinin hüquq şöbəsinin hüquqşünası kimi çalışdığı bildirilən Abdullayev Rafaelə şəxsi torpaq sahəsində hasar çəkməyə qadağa qoymaq səlahiyyətini kim verib? Rəsmi 300 AZN civarında maaşı olan bir şəxs hansı resurslar hesabına dəyəri 200.000-lik avtomobildə gəzərək vətəndaşlardan hərac yığır? Vəkilin qoyduğu bu kimi sualların cavabı zatən məlumdur.
Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.