Laçın səhiyyəsi iflic duruma salınıb - ŞİKAYƏT VAR

19-09-2015, 11:21           
Laçın səhiyyəsi iflic duruma salınıb - ŞİKAYƏT VAR
Bu günlərdə redaksiyamıza Laçın rayon prokuroru, kiçik ədliyyə müşaviri cənab Ceyhun Almasov tərəfindən imzalanmış rəsmi məktub daxil olub. Məsələ bundadır ki, biz bir müddət bundan əvvəl rayon prokurorluğuna Laçın Rayon Mərkəzi Xəstəxanasının (RMX) fəaliyyətində müşahidə olunan çeşidli qanun pozuntularının araşdırılması təklifi ilə müraciət etmişdik. Artıq uzun müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda xəstəxananın baş həkimi Rauf İsfəndiyarovun yol verdiyi rüşvətxorluq və digər korrupsiya hallarından bəhs olunur. Məlumatlarda bildirilir ki, Laçının səhiyyə sistemi bu gün olduqca bərbad haldadır. Rayon səhiyyəsində yaranmış arzuolunmaz duruma görə isə mənbələr məhz Rauf İsfəndiyarovun məsuliyyət daşımalı olduğu bildirilir. Artıq qeyd olunduğu kimi, hazırda Laçın Rayon Mərkəzi Xəstəxanası müvəqqəti olaraq Ağcabədi rayon Taxtakörpü qəsəbəsində yerləşir. RMX-nın tabeliyində isə, 18 xəstəxana, 19 ambulator poliklinika, 83 feldşer məntəqəsi və 1 təcili tibb yardım məntəqəsi fəaliyyət göstərir. Lakin vətəndaşlar öz müraciətlərində bütün bu səhiyyə ocaqlarının xidmətlərindən yetərincə yararlana bilmədiklərini vurğulayırlar. Rayon sakinlərindən aldığımız şikayət məktublarında bildirilir ki, rayonun səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən biri yalançı xəstəliklər səbəbindən vətəndaşlara əlillik dərəcəsi verilməsi və bunun əsasında həmin şəxslərin qeyri-qanuni pensiya almaları ilə bağlıdır. Sakinlərin xüsusi narazılığını doğuran daha bir fakt kimi xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlər göstərilir. Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Məlumatlarda göstərilir ki, Laçın rayon mərkəzi xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə bağlı təlimatları kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Digər tərəfdən də iddialara görə, mərkəzi xəstəxanada “ölü canlar” saxlanılır, yəni saxta xəstəlik tarixləri açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Həm də vurğulanır ki, RMX-də Rauf İsfəndiyarov tərəfindən “planlaşdırılan” çeşidli maxinasiyalar, rayonun bütün digər tibb müəssisələrində də həyata keçirilir. Digər tərəfdən də mənbələrin iddialarına görə, bəzi həkimlərin səriştəsizliyi və baş həkimin məsuliyyətsizliyi səbəbindən bu gün rayonda ana və uşaq ölümü hallarının sayı çoxalıb. RMX-nın doğum şöbəsində isə rüşvətxorluq indiyədək görünməmiş həddə çatıb. Apteklərlə həkimlər arasında şifahi bağlanmış “müqavilələr” xəstə sahiblərini müalicə üçün ehtiyac olmayan dərmanları zəmbil-zəmbil almağa vadar edir. Bütün bu deyilənləri nəzərə alaraq, biz də məsələnin araşdırılması üçün Laçın rayon prokurorluğuna müraciət etmişdik. Lakin təəssüflər olsun ki, bu cəhdimiz gözlənilən nəticəni vermədi. Rayon prokurorluğundan aldığımız məktubda bildirilir ki, qəzetimizin tənqidi material dərc olunmuş sayı müvafiq müraciət formasında göndərilmədiyindən və cinayətin törədilməsini təsdiq edən sənədlər ona əlavə edilmədiyindən baxılmadan geri qaytarılır. Bununla belə biz hələ də ümid edirik ki, çoxsaylı şikayətlər nəzərə alınaraq, ən azından Səhiyyə Nazirliyi tərəfindən Laçın Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətini təftiş etmək üçün müvafiq tədbirlər görüləcəkdir.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.