Astara gömrüyünün şefi ittiham olunur... - "Yuxarıların" nəzər-diqqətinə...
19-09-2015, 11:46
Məlum olduğu kimi, gömrük xidməti - ölkənin iqtisadi təhlükəsizliyinin keşiyində duran və nəticə etibarilə onun suverenliyinin qorunmasında fəal iştirak edən etibarlı qüvvədir. İqtisadi inkişafın dərinləşməsi, daxili bazarın yad təsirlərdən qorunması, beynəlxalq iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, eləcə də dövlət büdcəsinin gəlir hissəsinin formalaşmasında gömrük xidmətinin rolu böyükdür.
Ölkənin iqtisadi təhlükəsizliyinin və daxili bazarının qorunmasında, beynəlxalq iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsində gömrük sisteminin müstəsna rol oynadığı qeyd olunan "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı" dövlətin gömrük siyasətinin həyata keçirilməsində mühüm mərhələ olmaqla, 2007-2011-ci illərdə bu sahənin daha sürətlə inkişafı ilə bağlı əsas vəzifələri, istiqamətləri və yerinə yetirilməli olan tədbirləri müəyyənləşdirdi. Dövlət Proqramı qanunvericilik bazasının və gömrük tənzimlənməsinin təkmilləşdirilməsini, gömrük nəzarəti metodlarının beynəlxalq standartlara uyğunlaşdırılması və gömrük prosedurlarının avtomatlaşdırılmasını, qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsini, gömrük infrastrukturunun inkişaf etdirilməsini, kadrların hazırlanması və beynəlxalq əməkdaşlığın genişləndirilməsini nəzərdə tutub. Son illər ölkə rəhbərliyi tərəfindən gömrük sisteminin təkmilləşdirilməsinə diqqət daha da artırılıb. Bir müddət əvvəl isə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin imzaladığı əmrlə bəzi idarə rəisləri tutduqları vəzifələrdən xaric ediliblər. Bu sahədə aparılan islahatlara rəğmən, hələ də bəzi gömrük idarələrində, keçid məntəqələrində müxtəlif problemlər cərəyan etməkdədir. Astara Gömrük İdarəsinin adı qalmaqallı hadisələrdə daha çox çəkilir. Xatırladaq ki, bu ilin may ayında Aydın Əliyevin əmri ilə Sücəddin Hüseynov idarəyə rəis təyin edildi. Buna qədər isə o, Xudafərin Gömrük İdarəsinin rəisi vəzifəsində çalışırdı. Dünən mötəbər mənbələr Sücəddin Hüseynovun fəaliyyəti, eləcə də Astara Gömrük İdarəsində yaşanan hadisələrlə bağlı redaksiyamıza bəzi maraqlı məqamları açıqlayıblar. Mənbənin bildirdiyinə görə, artıq bir neçə aydır bu posta təyinat alan rəis idarədəki köhnə problemləri həll etmək üçün cəhd belə göstərmir: "İdarənin qarşısında hər gün eyni mənzərə müşahidə olunur. Belə ki, Astara Gömrük İdarəsinin qarşısına hər gün toplaşıb İrana gedənlər yaşayış tərzlərindən beziblər. Hətta bəziləri bu cür yaşamağın mümkünsüz olduğunu dilə gətirirlər, ancaq razılaşmaya da bilmirlər. Çünki başqa yerdə iş təminatı yoxdur ki, ora üz tutsunlar. Burada hara addım atırsan, nəysə umurlar. İdarənin yerləşdiyi ərazi bütövlüklə dəmir barmaqlıqlarla əhatə olunub. İran tərəfə "şirinlik" verməmiş keçmək mümkün deyil. Yəni 20 manat ödəməklə növbə gözləmədən İran tərəfə keçmək mümkündür. Bu məbləğdən bir az ödəyənlər isə bir neçə saat yubadılır. Növbədə gözləyən vətəndaşların səs-küyündən qulaq tutulur. İran gömrüyü burdan gedənlərə şərait yaradır. Düzdür, məhsullarını gətirib onlara xeyir veririk. Ancaq yoxlama zamanı azərbaycanlıları o qədər də incitmirlər. Yubatma çox nadir hallarda olur. Ərzaq alıb Astara tərəfə keçəndə isə "rüsum" tələb edirlər. Adi bir kağız parçası da vermirlər ki, ödədiyimiz pulun miqdarı ora yazılsın. 10 kiloqrama qədər ərzaqdan "rüsum" almırlar. 10 kq-dan artıq oldusa, başlamalısan nəysə paylamağa. Bir ərzaqdan çox gətirsən artıq səndən şübhələnirlər. Hər bir alınan malın özünün "rüsum" qiyməti var. Qiyməti bir az baha olan ərzağa görə çox pul verməlisən". Məlumat üçün deyək ki, Nazirlər Kabinetinin qərarına görə, 50 kq-a qədər yükü pulsuz gətirmək olur. Bizə verilən məlumatda bildirilir ki, idarə rəisi Sücəddin Hüseynov hökumətin qərarına hörmətsizlik edir: "Astara Gömrük İdarəsində dövlətin yox, Sücəddin müəllimin "qanunları" işləkdir.
Deyilənə görə, İrana vizasız gediş-gəliş onun əsas gəlir sahələrindən biridir. Adı "vizasız gediş-gəliş" olsa da, bu gün sərhədi adlayan hər kəsdən "qiymətli kağız" alınır. Dəfələrlə olub ki, İrana mal keçirmək və yaxud da İrandan mal gətirmək istəyən sadə vətəndaşlar rəisin adamları tərəfindən incidilib". Qeyd olunan məsələləri qarşı tərəflə aydınlaşdırmağa çalışsaq da, cəhdlərimiz bir nəticə vermədi. Sücəddin Hüseynovun fəaliyyətindəki nöqsanlarla bağlı araşdırmalarımız isə davam edir. Yaxın günlərdə Astara Gömrük İdarəsindəki digər qanunsuzluqlarla bağlı araşdırma yazısı dərc edəcəyik.