Şamaxı Humanitar Kollecində nə baş verib?

20-09-2015, 22:38           
Şamaxı Humanitar Kollecində nə baş verib?
Kollecdə yaşananlara və təqaüd yaşlı müəllimlərin etirazlarına təhsil naziri Mikayıl Cabbarovun reaksiyası necə olacaq?
Şamaxı Humanitar Kollecinin rəhbərliyi təqaüd yaşında olan bəzi müəllimlərlə yollarını ayırmaq qərarına gəlib. Bu barədə direktor Rauf Əliyevin göstəriş verdiyi bildirilir. Lakin bu göstəriş nədənsə, kollecdə çalışan bir neçə təqaüdçü müəllimə aid edilməyib.İşdən uzaqlaşdırılanlar bu addımın səbəblərini izah etməyi direktor Rauf Əliyevdən tələb etsələr də, qaneedici cavab ala bilməyiblər. Təqaüdçü müəllimlərə münasibətdə kollec rəhbərliyinin sərgilədiyi ikili standartlar uzun illərdən bəri kollektivdə çalışan pedaqoqların aşkar etirazlarına səbəb olub. Şamaxıda bu aksiyanı şişirdərək hətta təqaüdçülərin “qiyamı” kimi qiymətləndirənlər var.

Belə şişirtmələr təbii ki, kollec rəhbərliyinin hadisəni geniş ictimaiyyətin diqqətindən yayındırmaq cəhdlərinin məntqi davamı sayıla bilər.Belə ki, işdən kənarlaşdırılmış müəllimlərin etiraz aksiyası barədə informasiya əldə etmək istəyən jurnalistlər ümumiyyətlə, kollecə buraxılmayıb. Bu səbəbdən, Şamaxının nüfuzlu təhsil müəssisəsində konkret nələrin baş verdiyi bir çoxlarına qaranlıq qalıb. Lakin kollecdə baş verənlər barədə sosial şəbəkələrdən müəyyən bilgilər əldə etmək mümkün olub. Belə ki, kollecdəki etiraz aksiyalarından sonra sosial şəbəkələrdə baş verənlərə maraqlı münasibətlər yer alıb. Lakin çox çəkməyib ki, həmin yazılar silinib.Qeyd edək ki, məhz belə hallar şayiələrə yol açan məqamlardır. Əldə etdiyimiz məlumata görə, müəllimlərin qiyamından xəbər tutan rayon icra aparatı rəhbərliyinin səlahiyyətli nümayəndələri təcili kollecə gələrək baş verənlərlə maraqlanıblar. Onların arasında Təhsil Nazirliyinin Bakıdan təcili olaraq Şamaxıya ezam olunmuş əməkdaşının də olduğu bildirilir. Təqaüd yaşına çatmış müəllimlər işdən uzaqlaşdırılmaları barədə verilmiş qərarın ləğv edilməsini və kollecin direktorunun cəzalandırılmasını tələb ediblər. Hələlik, bu məsələ ilə bağlı əlimizdə səhih məlumat olmadığı üçün sosial şəbəkələrdən əldə etdiyimiz bəzi ittihamları diqqətinizə çatdırmaq məcburiyyətindəyik. Qeyd edək ki, sosial şəbəkələrdə Şamaxı Humanitar Kollecində bir neçə gün öncə yaşanan xoşagəlməz olaylarla bağlı məlumatlar yetərincədir. Həmin məlumatlara inansaq, baş verənlərdə səbəbkar kimi kollecdə əsas vəzifələrdə özünə kök salmış bir neçə təqaüdçü müəllimin adları çəkilir. Onlardan biri direktor müavini Vilyanus Əliyevdir. Pensiya yaşı çoxdan keçmiş Vilyanus müəllim tələbələrin qarşısında özü barədə söhbət açmağı xoşlayan ağsaqqaldır.Müavin haçansa işdən kənarlaşdırılacağı ilə heç cürə barışa bilməyəcəyini həmişə vurğulayır. Tədris işləri üzrə müavin Qənirə Balakişiyevanın isə dərsləri açıq-aşkar hərraca qoyduğu barədə işini itirən təqaüdçü müəllimlər az qala dastan açar. Eşitdiklərimizə inansaq, deyirlər ki, Qənirə xanım oklad yarım dərsi “bazar” qiymətlərindən də yuxarı- 150-yə satır. Bu biabırçılıqlarda Təhsil Nazirliyinin xəbərinin olub-olmadığını deyə bilmərik. Yəqin, müvafiq araşdırmalar üçün əldə əsaslar az deyil. Lakin kollecdə baş verən maxinasiyalarda daha çox adı hallanan metodist Elmira Əfəndiyevadır.Elmira xanımın təqaüd yaşının çoxdan keçməsinə baxmayaraq kollecdə onun bir sözünü iki eləyə bilən yoxdur. Hətta direktor Rauf Əliyevin də bu xanımdan ehtiyat elədiyi deyilir.

Kollecə yenicə qəbul olunmuş tələbələrin sənədlərinin toplanmasına nəzarət edən pensioner müəllimənin buna görə hər tələbədən 30 ödəniş tələb etdiyi bildirilir. İş o yerə çatıb ki, Esmira Əfəndiyeva qiyabi şöbənin müdiri Rafiq müəllimin bəzi səlahiyyətlərini də özününküləşdirib. Məlumata görə, baş verən neqativlərə nəzarət etməyə şöbə müdirinin ixtiyarı çatmır. Belə nəzarətsizlik şəraitində Esmira müəllimənin qiyabiçi tələbələrə biz demirik a, onu deyirlər “ver-imtahana gəlmə, get otur evində” nominasiyası üzrə 500 “taksa” qoyubsa, bunun da birbaşa məsuliyyəti direktor Rauf Əlyevin üzərinə düşür. Nəzərə alsaq ki, kollecdə təhsil alan 500-ədək tələbədən 200-ə qədəri qiyabi şöbədə təhsil alır, bu “taksa”nın nə demək olduğu üzə çıxar. Əyani şöbə tələbələri üçün dövlət imtahanlarının “optovoy” məbləği isə deyilənə görə 300 təşkil edir.Belə ciddi ittihamların müqabilində direktorun belə xəbərlərə soyuq münasibətinin səbəbini ehtimal etmək çətin deyil. Görünür, ortada hansısa maraqlar gizlənir. Ümumilikdə, kollec tələbələrinin söylədiklərinə görə, Esmira Əfəndiyeva kollecdə özünü heç də metodist kimi aparmır. Onun qarşısında nəinki müəllimlər,heç rəhbərlik də duruş gətirə bilməz. Bundan istifadə edən xanım kollecdə iki qızını da işlə təmin etməyi bacarıb.Yeni dərs ilinin ilk günlərindən Şamaxı Humanitar Kollecində baş verən belə xoşagəlməz olaylar göstərir ki, regionlarda fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin əksəriyyətinin rəhbərləri işini müasir tələblər səviyyəsində qurmaq barədə belə düşünmür. Hər halda, ümid edirik ki, kollecdə yaşananlara və təqaüd yaşlı müəllimlərin etirazlarına təhsil naziri Mikayıl Cabbarovun reaksiyası özünü çox gözlətməyəcək.
gundelik-baku.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.