"Azərinşaat" iflasa uğrayır? - 4 aydır işçilərin maaşı verilmir

21-09-2015, 17:53           
"Azərinşaat" iflasa uğrayır? - 4 aydır işçilərin maaşı verilmir
Beynəlxalq Bankın idarə heyətinin sədri Cahangir Hacıyevə məxsus olduğu iddia edilən "Azərinşaat" MMC şirkəti 4 aydır ki, işçilərinin maaşını vermir.

Ölkə.Az-a "Azərinşaat" şirkətinin işçilərindən daxil olan məlumata görə, şirkətdə iyun, iyul, avqust aylarının maaşları hələ verilməyib. 10 gün sonra sentyabr ayının bitəcəyini nəzərə alsaq, artıq 4 aydır ki "Azərinşaat" MMC işçilərinin maaşını vermir.

"Azərinşaat" MMC-nin işçilərinın verdiyi məlumata görə, şirkət işçilərin maaşlarını vermədiyi azmış kimi, onları qeyri-qanuni işlədib.

"İşə girərkən şirkətlə əmək müqaviləsi bağlamışıq. Müqavilədə gündə 8 saat iş rejimi nəzərə tutulsa da, işçiləri 12 saatdan çox işlədirlər. Səhər saat 07:00-dan, axşam saat 20:00-a qədər işlədirlər. İşçiləri hətta bazar günləri də işlədirlər. Bu qədər işləməsinə baxmayaraq işçilərin maaşı 4 aydır ki verilmir. İş rejiminə işçilər narazılıq edəndə isə rəhbərlikdən bildirirlər ki, "xoşun gəlmir, çıx hara istəyirsən get". Ötən həftənin cümə günü Lənkəran şəhəri Port-liman ərazisində yerləşən ofisin qarşısında

"Azərinşaat" MMC-nin işçiləri aksiya keçiriblər. Ancaq aksiyamızın da bir nəticəsi olmayıb. İşçilərə bildiriblər ki, bazar ertəsi işçilərin maaşlarının nə zaman veriləcəyini deyəcəklər. Bu isə o deməkdir ki, işçilərin maaşı yaxın zamanda verilməyəcək" - işçilərin saytımıza verdiyi məlumatda belə deyilir.

İşçilərin bildirdiyinə görə, "Azərinşaat" MMC-nin külli miqdarda borcu olduğu üçün işçilərin maaşını verə bilmir. Sentyabrın 15-dən artıq işçilər işi dayandırıblar.

Xatırladırıq ki, "Azərinşaat" MMC respublikada birinci dərəcəli yolların tikintisi ilə məşğuldur. "Azərinşaat" MMC-nin Lənkəran-Masallı layihəsində 250 işçisi çalışır və 4 aydır ki bu işçilərin maaşı verilmir. Şirkətin işçilərinə ümumilikdə 2 milyon manata yaxın borcunun olduğu deyilir.

Qeyd edək ki, “Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyev həbs olunub. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə M.Əliyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

"Azərinşaat" MMC-nin layihə rəhbəri Qüdrət adlı Türkiyə vətəndaşının isə ölkədən qaçdığı deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru