Ağalar Vəliyevin "uşaqlıq arzusu"... - Yıxılmaqda olan nazirə "bir təpik də o atır"...
22-09-2015, 10:07
"Aqrartikinti”nin rəhbəri, deputat Ağalar Vəliyev "Azəryolservis” ASC-yə də sahib olmaq istəyir.
Bu barədə Arqument.az-a məlumat verən qaynaq bildirir ki, deputatın istəyi parlament seçkilərindən sonra reallaşa bilər. Bu işdə ona mane olmağa çalışan nəqliyyat naziri Ziya Məmmədovla "savaş”da ilk qələbəsini qazanıb.
Məlumatlara görə, Ziya Məmmədov son ana qədər deputatın adını bu il keçiriləcək parlament seçkilərində hakim YAP-ın namizədlər siyahısına salınmamasına çalışsa da, məqsədinə nail ola bilməyib. Hakim partiya 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Ağalar Vəliyevin namizədliyini irəli sürüb.
Arqument.az-a məlumat verən şəxsin sözlərinə görə, bu məsələdə Ağalar Vəliyevə prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov dəstək verir. Ziya Məmmədov da məhz bu səbəbdən yaxın adamı Saleh Məmmədovu "Azəryolservis”in sədri vəzifəsinə təsdiq etdirə bilmir.
Verilən məlumatda o da qeyd edilir ki, Ağalar Vəliyev sözügedən qurumun Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılmasının zəruri olduğunu "yuxarı”ların diqqətinə çatdırıb.
Bundan xəbər tutan Ziya Məmmədov deputata "savaş”a açsa da, hələlik istəyinə çatmayıb.