"Qayıbulaq"da havalanan başlar... - İTTİHAM VAR
22-09-2015, 22:31
Daimi oxucularımız qəzetimizin səhifələrində mütəmadi olaraq müxtəlif əxlaqsızlıq yuvalarının ifşa olunmasına həsr olunmuş tənqidi materiallar dərc etdiyimizi yaxşı bilirlər. Təəssüflər olsun ki, bu gün istər paytaxt Bakıda, istərsə də respublikanın digər şəhər və rayonlarında da müxtəlif adlar altında pərdələnən əxlaqsızlıq yuvalarına arzuolunmaz dərəcədə çox rast gəlmək mümkündür. Həm də əksər hallarda biz hətta hüquq-mühafizə orqanlarının da onların fəaliyyətinin qarşısının alınması üçün kifayət qədər səy göstərmədiklərinin şahidi oluruq. Biz dəfələrlə bu mövzuya müraciət edərək, sözün əsil mənasında cəmiyyətimizin mənəvi və fiziki deqradasiyasına xidmət edən bu “çirkab quyularını” və onların mövcudluğuna şərait yaradan himayədarlarını ifşa etməyə çalışmışıq. Eyni zamanda da dərc etdiyimiz materiallarda biz dəfələrlə belə bir faktı vurğulamışıq ki, bu gün ölkəmində fəaliyyət göstərən, həm öz vətəndaşlarımıza, həm də Azərbaycana turist kimi üz tutan qonaqlara mədəni xidmət edən ictimai iaşə obyektlərinin sayının gün-gündən artması sevindirici və təqdirəlayiq haldır. Əlbəttə ki, bu tendensiya maddı rıfahın yüksəlməsini, istirahət və əyləncə məkanlarına maraq və tələbatın artdığını vurğulayan göstərici kimi qiymətləndirilməlidir. Son zamanlar isə ölkəmizin həm də sevilən turizm mərkəzlərindən birinə çevrilməsi fonunda, beynəlxalq standartlara cavab verən kafe və restoranlar şəbəkəsinin inkişaf etdirilməsi həm də iqtisadi baxımdan zəruridir. Lakin bunu da nəzərdən qaçırmaq olmaz ki, məhz son illər ərzində həm paytaxtda, həm də bölgələrimizdə kafe, restoran, istirahət mərkəzi adı altında müxtəlif yeni pritonların yaranmasında xüsusi dinamika müşahidə olunur. Artıq qeyd olunduğu kimi, redaksiyamıza bir müddət əvvəl daxil olmuş növbəti məlumatda Qusar rayonunda, Sağ sahil ərazisində fəaliyyət göstərən “Qayıbulaq” ailəvi istirahət mərkəzinin də məhz bu tip müəssisələrə aid olduğu bildirilmişdi. Biz hər zaman xüsusi olaraq vurğulamışıq ki, bu gün istənilən inzibati ərazi vahidinin hüdudları daxilində hər hansı qeyri-qanuni fəaliyyət növü ilə məşğul olmaq və eyni zamanda bu fəaliyyəti həmin ərazinin hüquq-mühafizə orqanlarından gizlin saxlaya bilmək prinsip etibarı ilə mümkün deyil. İstər əxlaqsızlıq yuvası olsun, istər narkopriton, istərsə də qumarxana - əgər belə bir obyekt davamlı fəaliyyət göstərirsə deməli, istənilən halda əraziyə nəzarət edən hər hansı polis orqanının bu işdən xəbəri var və ehtimal ki, bu fəaliyyət üçün həmin orqanın rəhbərliyindən qeyri-rəsmi icazə də alınıb. Elə aldığımız məlumatlara görə, “Qayıbulaq” istirahət mərkəzinin sahibi Hacı Şövkət də iddia edir ki, o, obyektinin “rahat” fəaliyyət göstərə bilməsi üçün hər ay rayonun hüquq-mühafizə orqanlarının bəzi yüksək çinli əməkdaşlarına külli-miqdarda pul ödəyir. Həmçinin açıqlamalarda belə bir məqam da qeyd olunur ki, bir müddət əvvəl “Qayıbulaq” istirahət mərkəzinin Əhməd və Zaur adlı iki əməkdaşı DİN-in İnsan Alveri ilə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdılar. Məlumata görə, bu şəxslər vətəndaşları cinsi istismara məruz qoymaqda ittiham edilirdilər. Lakin təəssüflər olsun ki, Şövkət Əbdürəhmanov malik olduğu əlaqələri vasitəsilə həmin şəxslərin də sərbəst buraxılmalarına nail ola bilmişdi. Mövzuya dair ötən sayımızda dərc etdiyimiz materialda biz göstərmişdik ki, aldığımız açıqlamalarda irəli sürülən ittihamlara aydınlıq gətirmək üçün biz həm Qusar Rayon Prokurorluğu ilə, həm də Qusar Rayon Polis Şöbəsilə əlaqə saxlamışıq. Həmin vaxt RPŞ-nin rəisi cənab Arif Əsədovla danışmaq mümkün olmasa da, növbətçi hissənin əməkdaşı məlumatı qəbul edərək, bu xüsusda rəhbərliyə məruzə edəcəyini bildirmişdi. Digər tərəfdən isə, əməkdaşımız Qusar rayon prokuroru cənab Zahid Vəliyevlə şəxsən danışaraq, aldığımız açıqlamalar barədə onu da məlumatlandırmışdı. Bunun müqabilində isə, Zahid müəllim deyilənləri diqqətə alaraq, ən qısa zamanda təqdim olunan məlumatlar əsasında araşdırma aparılacağını bildirmişdi. Lakin təəssüflər olsun ki, aradan kifayət qədər vaxt keçməsinə baxmayaraq, bu günədək nə Quasar Rayon Polis Şöbəsindən, nə də rayon prokurorluğundan heç bir əlavə məlumat almamışıq. Bunun əvəzində isə, rayondakı mənbələr Şövkət Əbdürəhmanovun onun obyektində “yoxlama” keçirildiyini söylədiyini bildirirlər. Açıqlamada iddia olunur ki, “Qayıbulaq” istirahət mərkəzinin sahibi bu dəfə də yoxlamaya gələn RPŞ əməkdaşlarını “həmişəki qaydada yola saldığını” bəyan edib...\\bizimdovr.az\\
Materialda adı keçən bütün müəssisə və qurum rəhbərlərinin mövqeyini dərc etməyə hazırıq.