Afət Mirzəyevin “test” üsulu

23-09-2015, 16:22           
Afət Mirzəyevin “test” üsulu
Qəzetimizin ötən saylarında biz artıq bir neçə dəfə Dövlət Yol Polisinin müxtəlif rayon bölmələrinin fəaliyyətlərində yer almış bu və ya digər qanun pozuntularından bəhs edən tənqidi materiallar dərc etmişik. Həmin materiallarda bəzi rayonlarda yerli DYP bölmələrinin əməkdaşları tərəfindən açıq şəkildə özbaşınalıqların törədilməsi mövzusuna toxunulmuş və konkret rayonlarda baş vermiş bəzi insidentlər nümunə kimi təqdim edilmişdi. O cümlədən qəzetimizin səhifələrində dərc olunmuş materiallarda Masallı Dövlət Yol Polisi bölməsinin fəaliyyətində yer almış ciddi qanun pozuntularından bəhs edən açıqlamalar da təqdim edilmişdi. Həmin materialların dərcindən xeyli müddət ötsə də, nə Masallı Dövlət Yol Polisi bölməsinin işində, nə də bölmənin rəisi Afət Mirzəyevin öz davranışında müsbətə doğru heç bir dəyişiklik olmamışdır. Əksinə, aldığımız məlumatlarda son vaxtlar Masallı DYP-nin əməkdaşları tərəfindən rayon ərazisindən keçən avtomobillərin saxlanılaraq sürücülərdən həyasızcasına pul tələb olunma hallarının daha da artdığı bildirilir. Eyni zamanda da ölkənin digər informasiya vasitələrinə təqdim olunan məlumatlarda Masallı DYP-nin fəaliyyətində korrupsiya hallarının son zamanlar xüsusilə artdığı bir daha təsdiq olunur. Bu günlərdə mövzuya dair redaksiyamızın elektron ünvanına daxil olmuş bir vətəndaş mürciəti də diqqəti xüsusilə cəlb edir. Müraciətdə deyilir: “Bildirmək istəyirəm ki, Masallı DYP şöbəsində özbaşınalıqların sonu görünmür. Bütün iş prinsipini yalnız və yalnız pul yığımları məqsədinə tabe edən Afət Mirzəyevin tətbiq etdiyi üsullar artıq təkcə sürücüləri deyil, hətta onun öz tabeliyində çalışan bir çox əməkdaşları da bezdirib. İş burasındadır ki, Afət Mirzəyev onun müəyyən etdiyi gündəlik “plan”ı yığıb gətirə bilməyən DYP əməkdaşlarını sadəcə işdən qovmaqla deyil, hətta həbs etdirəcəyi ilə də hədələyir. Masallı DYP şöbəsində olan etibarlı mənbənin verdiyi məlumata görə, 25.07.2015 tarixində içkili vəziyyətdə saxlanılan Kərimov Hikmət Aydın oğludan alınan 1400 manat puldan, həmin vətəndaşı tutan işçiyə “pay” çatmadığı üçün şöbədə biabirçılıq yaranıb. “Zəhmət haqqı”nı tələb edən işçi Afət Mirzəyev tərəfindən təhqir edilib. Belə ki, 90 AB 915 dövlət nömrə nişanlı avtomobilin sahibi, Dövlət Radiotezliklər idarəsinin Masallı şöbəsinin müdiri Hikmət Kərimov (hüquqi şəxs) içkili vəziyyətdə saxlansa da, şəxsən Afət Mirzəyev tərəfindən alınan rüşvət hesabına fiziki şəxs kimi rəsmiləşdirilərək, buraxılıb. Amma qanunlara əsasən bu mümkün deyil. Çünki içkili vəziyyətdə saxlanılan sürücü fiziki şəxs kimi 270 manat cərmə ödədiyi halda, hüquqi şəxslər onun 3 və ya 5 mislinə qədər cərimə ödəməyə məcburdur. Afət Mirzəyev bunu yaxşı bildiyi üçün, vəziyyətdən yararlanaraq karlı çıxıb. Yəni, 90 AB 915 seryalı avtomobilin sahibindən aldığı 1400 manat rüşvətin 270 manatını çərimə yazaraq, qalanını cibinə qoyub...” Daha sonra məlumatda qeyd olunur ki, əslində son 4 ay ərzində Masallıda ümumiyyətlə alkoqol-test cihazı işləmir. Afət Mirzəyev isə, içkili sürücülərin sərxoşluq dərəcəsini onların “gözlərinə baxmaqla” müəyyən edir. Digər bir məlumatda isə deyilir ki, bu yaxınlarda Afət Mirzəyev Qızılavar kənd ərazi nümayəndəliyində çalışan məmuru da içkili vəziyyətdə avtomobil idarə edən zaman tutaraq, öz testerindən keçirib və ondan da 550 manat alaraq, günahını bağışlayıb.Ehtimal etmək olar ki, Afət Mirzəyevin belə dözülməz “iş” üsulları rayonda hər kəs kimi, Masallı Rayon Polis Şöbəsinin rəhbərliyinə də məlumdur. Hər halda vətəndaş tərəfindən qaldırılmış bu konkret problemli məsələnin bütün məqamlarına tam aydınlıq gətirilməsini tələb etməyə həm mətbuatın, həm də ictimaiyyətin bütün haqqları vardır.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.