Bakıya heyran qalan məşhur fransalı yazıçı: “Həyatımdan keçən bütün qadınları çılpaq...” - MÜSAHİBƏ
17-10-2018, 10:26
Publika.az-ın özəl qonağı Fransanın məşhur yazıçısı, fotoqraf Giyom de Sardesdir.
- Duyğularınızı yazıya tökmək ehtiyacınız haradan qaynaqlanır?
- Düşünürəm ki, yaradılışın bir hərəkət axını var. Bu axını yazı prosesində daha aydın duya bilirəm. Yazmaq ruhun təcrübəsidir, meditasiyadan da güclü özünüdərk yoludur. Şüurumuzun bir köşəsində unudulmuş xatirələrin oyanışıdır.
- Heminquey düşünür ki, yazıçının borcu hökm vermək yox anlamaqdır... Ona haqq verirsiniz?
- Dövrün, hakimiyyətin qanunlarına baş əyən əsərdən daha rəzil heç nə yoxdur. Özündən qaçıb, zəmanəsinin əqidəsinə bənzəməyə çalışan yazarın kitabını toz bassa yaxşıdır. Axı roman əxlaq dərsi, yaxud tərbiyənin təbliğatı deyil. Mənim üçün ədəbiyyat incəsənətdir. Özümüzü, hisslərimizi, hiddətimizi, hətta yalnızlığımızı daha aydın anlamağımız üçün ən mühüm vasitədir. Məsələn, Jan Jenenin kitabını oxumaq onunla görüşə, söhbətə bənzəyir. Əsər akademik xarakter daşımamalıdır, bu tədris vasitəsi deyil. Əksinə yazıçı vasitəsilə özünü səhifə-səhifə kəşf etməlisən. Heç kimə bənzəmədən mükəmməl mənini yaratmağa çalışmalısan. Sadaladıqlarımı sizə aşılamayan qanun keşikçilərinı yazıçı adlandırmıram.
- Bir neçə dəfə ölkəmizə səfər etmisiniz. Bakı haqda ən səmimi etiraflarınızı gözləyirəm...
- Bakı məni çox heyrətləndirdi. Bu dərəcədə avropalaşmış şərq şəhəri görəcəyimi gözləmirdim. İnsanlarınız müxtəlif mədəniyyətlərə qucaq açırlar. Bir neçə dildə danışırlar. Çox təəssüflənirəm ki, fransızlar Bakı haqda az məlumatlıdırlar. Axı bizim ortaq tariximiz var. 19-cu əsrdə Azərbaycana ən çox sərmayə qoyan ölkələrdən biri də Fransa olub. Azərbaycanlı zadəganlar Fransaya səfər etməyə üstünlük veriblər. O illərdə Bakını “Şərqin Parisi” adlandırırdılar. Həmin dövrün teatrları, restoranları, kabareləri, Osmanlı üslubunda tikilən iqamətgahları istər yazıçı, istərsə də fotoqraf kimi diqqətimi çəkməyə bilməz. İki ölkə arasında daha çox körpü salmalıyıq. Bakıda zəngin fransız dilinin tədrisi daha geniş vüsət almalıdır. Həmçinin qarşılıqlı mədəni tədbirlərin sayı çoxalmalıdır.
- Yəqin razılaşarsınız ki, bəzən hisslərimizi ifadə etməkdə sözlər aciz qalır. Fotoqrafiya sözlə ifadə edə bilmədiyimiz ən gözəl sənətdir. İkinci peşənizə marağınızın səbəbi budur?
- Əfsanəvi yazıçı Rolan Bart fotoqrafiyanı həyatın ən gözəl təsviri adlandırır. Hər bir foto doğulduğu məkanın, məqamın işığını, nurunu daşıyır. Lakin hətta bu tərif belə fotoqrafiyanın təsvirində acizdir. Bir məqam var ki, izləyici həmin məqama toxuna bilmir. Odur ki, Parisin "Avropa evi" adlanan böyük sərgi salonunda əsərlərim nümayiş etdiriləndə, hər bir fotonun altına bir neçə cümlədən ibarət hekayələr yazdım. Yazılı təsvirlər fotoları sanki tamamladı. Əslində bu dialoqla cəmiyyətə mesaj verdim. Yazı fotonun görmədiyini göstərir, foto isə hekayənin susduğu məqamları dilə gətirir.
- Hərdən mənə elə gəlir ki, fotoqrafiya fransızların qanındadır. Xüsusən də nude fotoların hamısında zəngin fransız ruhu yaşayır. Bu baxımdan sizi əsl fransız hesab edə bilərik?
- Bir çox fotoqraf kimi mən də nude fotolar çəkirəm. Klassik rəssamları xatırlayın, axı onlar da dəfələrlə bu janra müraciət ediblər. Amma məni digərlərindən bəlkə də bir cəhət fərqləndirir. Yalnız həyatımdan gəlib keçən qadınları çılpaq təsvir edirəm. Qəribədir ki, ən qüsursuz modellərin bədənindən də yüksək məbləğ qarşılığında ilhamlana bilmirəm. Mən qadının vücudunda onunla keçən xatirələrimi, sevincimi, kədərimi, ehtirasımı görməliyəm. Özü də maraqlıdır ki, nude fotoları yalnız evimdə çəkə bilərəm. Çünki istər bir ay, yaxud bir neçə il olsun, qadınımla keçirdiyim anlar divarlara hopmadan çılpaq ruhunu görmədən, bədənini kadrda əbədiləşdirə bilmərəm.
- Otağınızın divarlarına ən dərin hopan qadın varmı?
- 2017-ci ildə “Gecənin Edeni” adlı son romanım nəşr olundu. Elə bu il “Sevgi hekayəsinin fraqmentləri” adlı kitabım da işıq üzü gördü. Əminliklə deyirəm ki, son iki ildir ilham qaynağım Regina Demina adlı xanımdır. O, çox istedadlı qadındır. Həm rəssamdır, həm də musiqiçi...
ÐаÑÑинки по запÑоÑÑ guillaume de sardes photographe
- Məncə, rastlaşdığımız insanlardan çox doğulduğumuz torpaq, böyüdüyümüz mühit də ruhumuzu formalaşdırır. Milyonların xəyalını qurduğu Fransanın övladı olmaq necə hissdir?
- Fransanı sevirəm. Əsrlərdən bəri gələn zəngin mədəniyyəti ilə fəxr edirəm. Fransız ruhu çox qəribədir, qarışıqdır. Həm məsafəli, həm ironik, həm də zadəgan pessimizminin vəhdətidir. Müqayisə üçün deyim ki, amerikalıları bu baxımdan çox kasad hesab edirəm. Həyatı daha üzdən, dayaz yaşayırlar. Heç vaxt amerikalılarla ortaq məxrəcə gələ bilməmişəm. Fransa sevgisindən əlavə içimdə həyatın faciələrindən doğulan slavyan yatır. Anam əslən yarı ukraynalı, yarı polyakdır. Yəqin ki, bunun da təsiri var. Bilmirəm... Ümid edirəm ki, illər keçdikcə Fransa şərqə daha da doğmalaşaq.