"Onların efirdəki sözlərinə baxanda adam qalır məəttəl ki, bunun alimi belə danışırsa..."
18-10-2018, 09:42
Aparıcıların əksəriyyətinin dialekt sözlərdən istifadə etməsi, ləhcə ilə danışması da artıq adət halını alıb. Nitqlərində loru, kobud ifadələrə yol verirlər. Lakin bunlar hamısı ədəbi dilə ziddir. Televiziya kanallarına baxan adamlar oradakı hər bir sözü, hər bir ifadəni çox ciddi qəbul edirlər. sayt-ın əməkdaşı Azərbaycan efir məkaının qızıl səsi, xalq artisti, əfsanəvi diktor Əli Məhəmmdoğluyla həmsöhbət olub: – Bu gün Azərbaycan efir məkanında demək olar ki, sizin kimi diktorlar azdır, qeyri-peşəkar aparıcılar üstünlük təşkil edir. Telekanallardakı nöqsanlar, aparıcıların dil normalarını kobud şəkildə pozması, dialekt sözlərdən istifadə etməsi TV-lərdə səlis danışığı, düzgün üslubu, görünüşü ilə seçilən peşəkar diktorlara ehtiyac olması məsələsini gündəmə gətirir. Telekanallardakı bu kimi nöqsanlar nədən qaynaqlanır?- Bu göstərdiyiniz hallar məni həddindən artıq hiddətləndirir. Təsəvvür edin ki, necə mənə təsir edirsə, bəzən arxaik sözlərdən istifadə edirəm. Yəni, mən ümumiyyətlə senzuranın əleyhinəyəm. Amma mən indi görürəm ki, sensura lazımıymış. Bizim vaxtlarda mətndən çıxmaq söhbəti olmazdı. Mətni verərdilər, oxuyardın, orda bir nöqtəni-vergülü əgər səhv eləmiş olardıqsa, o verlişi qəbul etməzdilər. Əlbəttə, bunun özü də düzgün olan şey deyil. Bu həm nitqi məhdudlaşdırır, həm də sərbəstliyin qarşısını alır. Amma görürsünüz, tam sərbəst buraxanda da gətirib nəyə çıxarır. Elə kimin ağlına nə gəlir danışır, həyatda necə danışırsa, efirdə də elə danışır. Yəni efir danışığıyla, ara danışığının arasında çox böyük fərq var. Ən acınacaqlı hal odur ki, dilçi alimlər çıxıb efirə elə sözlər danışır ki, adam qalır məəttəl ki, bunun alimi belə danışırsa, bunun sıravi adamı necə danışacaq. Bunun hamısı nəzarətsizliyin nəticəsidir. Bu nəzarətsizlik, sonda dili uçuruma sürükləyəcək. – Əli müəllim, televizyaya və radioya gələn gənclərin səviyyəsi sizi qane edirmi?- Çox qəribədir ki, indi diktorluğa ya aparıcılığa gələn gənclərdən 10 nəfər gəlirsə və onun 2-si düzgün oxuya bilirsə, bu məni sevindirir. Amma, bizim vaxtımızda bu belə deyildi. Üzündən oxumaq söhbəti yoxuydu. Burda obyektiv və subyektiv səbəblər var. Bizim vaxtımızda əlbəttə indiki texnika yoxuydu. Hətta mənim orta məktəbdə oxuduğum illərdə heç televiziya yoxyudu. Ancaq radioya qulaq asırdıq. Əsas işimiz oxumaq və mütaliə olurdu. Çox güman ki, o mütaliənin sayəsində oxu vərdişi yaranırdı. Amma indiki gənclər demək olar ki, heç nə oxumurlar. Heç qəzet də oxumurlar. Her şeyi internetdə axtarıb tapırlar. – Televiziya aparıcılarının heç bir məktəb görmədən dərhal aparıcılıq etməsinə münasibətiniz necədir?- Bizi işə qəbul edəndə, əvvəlcə 11 ay müddətinə təcrübəçi diktor kimi götürürdülər. Əgər 11 ayda biz özümüzü təsdiq eləməsəydik, əmrin verib işdən çıxardırdılar ki, bu özünü doğrultmadı. Əmri də o vaxt verirdilər ki, artıq sən efirə tam hazırsan. Yoxsa əmri verim, səni hazırlaşdırım elə söhbət yoxuydu. Efirə tam hazır olandan sonra əmri verirdilər. Bununla bərabər, yenə 2 ay təcrübəli diktorlarla studiyalara girib çıxırdıq. Onlar oxuyurdu, biz isə qulaq asırdıq. Bizim radioda gənclərlə mən məşğul oluram. Çox qəribə bir şeydir ki, nəsillər arasında körpü yuxarıya yox, aşağıya doğru gedir. Amma biz işləyən vaxtlarda mənə elə gəlirdi ki, bu hardasa yüksəkdədi. Biz özümüzdən qabaqki nəsli heç vaxt əvəz edə bilməzdik. Onlar bizim müəllimlərimiz idi. Məsələ burasındadır ki, biz onlardan öyrənmişdik, amma onlar heç kimdən öyrənməmişdi. Onlar bu məktəbi özləri yaratmışdı. Hazırda onlardan öyrəndiklərimizi, təcrübə nəticəsində, özümüz öyrəndiklərimizi gənc nəsilə ötürürük. 51 ildir ki, artıq bu sahədəyəm. Hər halda öyrətmək imkanım da var və öyrətməyi çox istəyirəm. Adamın heyfi gəlir ki, bu qədər bildiklərini özünlə aparasan. Mümkün qədər öyrənmək istəyənə böyük həvəslə öyrədirəm. Bunlar mənim deyil. Bunu mənə borc kimi veriblər, indi də mən bu borcu qaytarıram. – Diktorluq peşəsinə yeni gələn gənclərə nə məsləhət görərdiniz?- Yeni gələn gənclərə məsləhət görürəm ki, daha çox mütaliə etsinlər. Mütaliəsiz bu peşədə çətin olur. Əgər düzgün mütaliə olunsa, heç bir universiteti qurtarmağa gərək qalmır. Maksim Qorki deyirdi ki, “mən özümdəki bütün müsbət keyfiyyətlərə görə, kitablara borcluyam”. Həqiqətən də elədir. O kitab ki, insanda həm müsbət keyfiyyətlər yaradır, həm də savadlandırır. Elə adamlar var ki, orta məktəbi də tam bitirməyib, amma gözəl mütaliəsi olduğuna görə işində peşəkardır.- Xəbər aparıcılarının xəbərləri ləhcə ilə aparmasında sizcə günahkar kimdir?- Ləhcəylə oxumaq əlbəttə ki, yolverilməzdir. Mən daha çox ATV xəbərləri izləyirəm. Onların xəbər aparıcılarından mən razıyam. Öz televiziyamızın xəbər aparıcıları yaxşıdılar. Düzdür, başqa kanallara mən çox qulaq asmıram. Sadəcə olaraq, vaxt məhdudiyyətinə görə izləmək imkanım olmur.Elşən Yəhyayev
mənbə : moderator.az