Fazil Mustafa: “Kimi hara vəzifəyə qoyursan özünə işləyir”

19-10-2018, 00:56           
Fazil Mustafa: “Kimi hara vəzifəyə qoyursan özünə işləyir”
“Maliyyə qurumlarının üzərinə nəzarət etmək məsuliyyəti daha çox düşür. Sadəcə, bizdə nəzarət mexanizmi işləmədiyinə görə məmurlar büdcə vəsaitlərini dədə malı kimi mənimsəyirlər”.

Bu sözləri AzEuroNews.com-a millət vəkili Fazil Mustafa Bakı Liftlər İdarəsi direktoru vəzifəsindən çıxarılan və maliyyə mənimsəmələrinə görə haqqında cinayət işi açılan Qüdrət Şükürovdan danışarkən bildirib.

Onun sözlərinə görə, kimi hara vəzifəyə qoyursan özünə işləyir: “Bu, dünənin yeyintisi deyil ki? İllərlə dağıdılan vəsaitlərdir. Ona görə Maliyyə Nazirliyinin nəzarəti olmalıydı.

Prezident məmura güvənir, inanır və onu vəzifəyə təyin edir, o da vəziyyətdən sui-istifadə edir, özünə işləməyə başlayır. Nəticəsi belə olur. Vətəndaşa xidmət göstərmirlər. Nəzarət mexanizmi güclənməlidir”.

Xatırladaq ki, deputat Aqil Abbas “Bakı Lift-Təmir” İstehsalat Birliyinin işdən qovulan sabiq rəisi Qüdrət Şükürovun 400 milyon yeyintiyə yol verməsinə görə Maliyyə Nazirliyini günahlandırıb. O big.az-a deyib ki, əsas məsələ Maliyyə Nazirliyinin bu qədər qanun pozuntusunu görməməzliyidir.

Sitat: “Deyilənə görə, 400 milyon yeyinti var. Maliyyə Nazirliyi deyilən bir qurum var. Həmin nazirlik ildə ən azı iki dəfə Prezident Administrasiyasından tutmuş bütün dövlət, özəl şirkətləri, hətta uşaq bağçasına qədər bütün qurumları yoxlayır. Bu gün ağıllarına gəlib ki, o, nə qədər pul yeyib? Əvvəllər onun nə qədər qanun pozuntusuna yol verdiyini görməyiblər? Görməyiblərsə, ya müfəttişlər savadsızdır, ya da nəyinsə qarşılığında göz yumublar”.

Deputat Fəzail Ağamalı isə bildirib ki, Qüdrət Şükürov kimi insanlara güzəşt edilməli deyil: “Bu pul xalqındır, dövlətindir, hər bir Azərbaycan vətəndaşınındır. Samir Şərifovun üzərinə yönəlmiş olan ittihamları qəbul etmirəm. Düşünürəm ki, bunlar düşünülmüş şəkildə cinayətkarın cinayətini onun üzərindən götürüb başqa istiqamətə yönəltmək cəhdidir. Bu cür yanaşmalar qeyri-obyektivdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.