"Bu insanları burada təşkil edən var, aranı qarışdırmaq istəyirlər" — Hadi Rəcəbli şəhid ailələri ilə görüşündən DANIŞDI

23-10-2018, 17:37           
"Bu insanları burada təşkil edən var, aranı qarışdırmaq istəyirlər" — Hadi Rəcəbli şəhid ailələri ilə görüşündən DANIŞDI
Milli Məclisin Əmək və Sosial-siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli bu gün Milli Məclisin qarşısına toplanan bir qrup şəhid ailələri ilə görüşərək, onların şikayətlərini dinləyib.
Komitə sədri H.Rəcəbli "Ölkə.Az"a açıqlamasında bildirib ki, şikayətçilər onlara veriləcək sığorta vəsaitlərinin ödənilməsi prosesi ilə maraqlanıblar.

H.Rəcəbli deyib ki, hazırda şəhid ailələrinin müraciətlərinə fərdi qaydada baxılır:

"Onların problemində mürəkkəb məsələlər var. Bu insanların arasında elələri var ki, vaxtilə sığortadan əmanət bankına ödənişlər edilib, indi həmin məbləğin dəyəri aşağı düşüb və sairə. Sığortadır, ola bilsin ki, kimsə vəsaiti əvvəlcədən alıb, ailəsi bundan xəbərsizdir. Elələri də var ki, onlara düşən vəsaiti başqası alıb, elə hal var ki, ad səhv yazılıb. Biri deyir ki, mənim adım düzgün yazılmadığı üçün vəsait verilmir. Biri də deyir ki, köçürülən vəsaitin dəyəri məni qane etmir. Yəni, bu cür məsələlər olduğu üçün hər bir müraciətə fərdi qaydada baxılır. Möhtərəm Prezidentimizin Fərmanı ilə 1997-ci ilin avqust ayına qədər pul almayanlar 11 min manatı alacaqlar. Ancaq bir qrup insanlar var ki, onlar bizim rəsmi statistikanın göstəricilərinə görə həmin vəsaiti alıblar. Yəni, Sığorta İdarəsi arayış verir ki, həmin insanlar pullarını alıblar. İndi bu adamlar isə gəlib müraciət edib bildirirlər ki, biz həmin vəsaitləri almamışıq. Halbuki 2500-2800 bu qrup insan var ki, onlar rəsmi siyahıdı vəsaiti alan adamlar kimi göstərilir. Hazırda fərdi qaydada onların məsələləri araşdırılır".

Deputat qeyd edib ki, artıq 8 minə yaxın şəhid ailəsi həmin vəsaitləri almağa başlayıb:
"Bilirsiniz, indi bu insanlar ürəklərini boşaltmaq üçün bizə müraciət edirlər. Biz də onların hər birini dinləyib, məsələlərini diqqətdə saxlayırıq. Cənab Prezidentin də bununla bağlı müvafiq tapşırıqları var. Bütövlükdə qeyd edim ki, Cənab Prezidentin verdiyi Fərman bu qrup insanlara göstərilən böyük diqqət və qayğıdır. Bu məsələlərin həll edilməsi üçün 100 milyon vəsait ayrılıb. Bu siyahıya 8 mindən çox adam düşür. Digər siyahıda isə 2500-2800 nəfər adam var ki, onlar həmin vəsaiti almış hesab olunur. Vaxtilə o adamlar necə edibsə, indi belə problemlər yaranıb. Misal üçün, elə hallar var ki, vaxtilə pulu anası alıb və sonradan rəhmətə gedib, ancaq indi övladı deyir ki, biz o pulu almamışıq və sairə. Bu cür və buna oxşar xeyli məsələlər var".

Komitə sədri vurğulayıb ki, bu gün Milli Məclisin qarşısına toplanan insanlar arasında Xaçmazdan, Zərdabdan gələn adamlar olub:

"İndi sual olunur ki, axı eyni vaxtda eyni yerə ayrı-ayrı yerlərdən insanlar necə gəlirlər? Deməli, bu insanları burada təşkil edən var! Burada da işi qarışdırmaq istəyənlər var. Parlamentin qarşısına toplanan insanlar arasında narahat adamlar var idi. Hansı ki, onlar bu işin təşkilatçılarıdır. Bütün bunlara baxmayaraq, mən onlara normal şəkildə vəziyyəti izah etdim. Allah cənab Prezidentimizi qorusun. Onun dəstəyilə bu problemlər də aradan qalxacaq. Cənab Prezidentimiz tapşırıqlar verib, artıq 8 min adama pul verilib və bu qrup insanların müraciətlərinə fərdi qaydada baxılacaq. Ümumiyyətlə, 2 il müddətinə bu məsələyə baxılacaq və həllinə nail olunacaq. Hazırda problemi olan 300 nəfərə yaxın adam görünür. Ancaq vaxtilə siyahı üzrə 2500-2800 nəfər pul almış adamların hamısı həvəsə gəliblər. Onlar da vəsait tələb edirlər. İndi bu məsələlər araşdırılır. Yəni, Sığorta İdarəsinin verdiyi siyahıda bu adamların vaxtilə pul aldığı göstərilir. Əslində, burada Milli Məclisə aid olan məsələ yoxdur. İndi bu adamlar mənim yanıma ona görə gəlirlər ki, bizə etibar edirlər, bizə inanırlar".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.