Xəstəxanalarda əməliyyat qiymətlərinə yeni qayda gəlir: NƏZARƏT

4-03-2019, 18:49           
Xəstəxanalarda əməliyyat qiymətlərinə yeni qayda gəlir: NƏZARƏT
Ölkədə aparılan sosial-iqtisadi islahatlar çərçivəsində tibb sahəsində də bir sıra yeniliklərin olacağı gözlənilir.

Cebhe.info-ya daxil olan məlumata görə, xüsusilə xəstəxanalarda tibbi əməliyyatların qiyməti ilə bağlı məsələ diqqət mərkəzindədir. Hazırda bu, hər xəstəxanada daxili qaydalarla tənzimlənsə də, yaxın zamanda qiymət siyasətində yeni məqamlar ortaya çıxa bilər. Başqa sözlə desək, xəstəxanalarda əməliyyat qiymətlərinə ümumi nəzarət planlaşdırılır. Məqsəd əhalinin tibbi xidmətə olan ehtiyacının vaxtında və onlar üçün ciddi problem yaratmadan ödənilməsidir. Xatırladaq ki, hazırda xəstəxanalarda qiymət təkcə əməliyyatın profilinə uyğun müəyyən edilmir. Burada xəstəxananın məşhurluq dərəcəsi, həkimin kimliyi və s. amillər də rol oynayır. Buna görə də eyni əməliyyatlar müxtəlif xəstəxanalarda fərqli qiymətlərlə təklif olunur ki, burda da qiymət çox zaman sosial müdafiəyə ehtiyacı olan insanlar maliyyə durumuna adekvat olmur.

Məlumata görə, qiymətlərə nəzarət icbari tibbi sığorta tam olaraq qüvvəyə minənə qədər davam edəcək. Daha sonra isə məsələ icbari tibbi sığorta ilə tənzimlənəcək

“Əməliyyat qiymətləri heç vaxt xəstənin durumuna uyğun olmur”.

Bunu Cebhe.info-ya açıqlamasında Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, əhalinin aldığı əməkhaqqı aşağıdır. Bunun isə yeganə yolu icbari tibbi sığortadan keçir:

“Əməliyyatda istifadə olunan bütün avadanlıqların gömrük qiymətləri qalxıb. Əməliyyat elə-belə olmur. Özəl xəstəxanalar bu avadanlıqları pulla alır. Dövlət xəstəxanalarında isə mənzərə tam fərqlidir. Əslində özəl sektora dövlətin müdaxilə etmək səlahiyyəti yoxdur. Əgər dövlət istəyirsə ki, vətəndaşın tibbi xərcləri ucuz başa gəlsin, o zaman ölkəyə daxil olan dərman və tibbi avadanlıqların gömrük rüsumu ləğv olunmalıdır. Əgər nəsə sahibkara 10 manata başa gəlirsə, təbii ki, onu 11 manata satır. Qiymətlərə nəzarət və müdaxilə ilə iş bitmir. Bazar iqtisadiyyatının xüsusiyyəti ondan ibarətdir ki, azad rəqabətə imkan verilməlidir. Hər şey monopoliyada və bir adamın əlində cəmləşməməlidir”.

Həkim icbari tibbi sığortanın Azərbaycanda tətbiqini çox vacib sayır:

“Bunun tətbiqi isə Azərbaycansayağı deyil, dünyada olduğu kimi sivil qaydada olmalıdır. Belə olan halda biz bu problemdən qurtara bilərik. Başqa halda mümkün deyil. Çünki camaatın durumunu yaxşı bilirik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.