“Deyirəm, oğlun gəlsin, fermada işləsin, deyir, Hadı müəllim, ayıb deyil, sənin oğlun fermada işləyər?!” - deputat
5-03-2019, 10:09
Deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ilə “Açıq hava, açıq söhbət” rubrikasında baş tutan söhbətimizin ikinci hissəsini təqdim edirik. Bu bölümdə onun haqqında ayrı-ayrı media orqanlarında və sosial şəbəkələrdə yayılan məlumatlara, şayiələrə də aydınlıq gətirməsini istədik. Etiraz etmədi, detallı şəkildə suallarımızı cavablandırdı.
(Əvvəli ötən sayımızda)
- Maraqlıdır, sizin kostyumlarınızı kim geyinir?
- Mənim böyük ailəmdə onun da müştəriləri var, indi istəmirəm adlarını çəkim. Kostyumu alıram, əynimə bir az böyük olanda verirəm böyük oğlum geyinir. Yaxud kiçik oğlum kiçik ölçülü kostyumumu geyinir. Ya da qızlarımın paltarını yoldaşım, yoldaşımın paltarını qızlarım geyinir. Bizim ailəmizdə belə şeylər normal qəbul olunur. Bu da haradan gəlir? Mənim anam Bəylərova Firuzə xanım Lənkəranda tanınmış tacir Kəlba Yunusun qızı olub, bəy qızı olub. Amma o ailədə bir tezis olub: varlı adam o adam deyil ki, çox qazana, varlı adam o adamdır ki, daha çox qənaətcil ola və pulunu daha çox səmərəli xərcləyə. Bunu Quranda da yazıblar, Allahın sevmədiyi əməllərdən biri israfçılıqdır. Biz bunu demişik. İndi mən bunu deyəndə başqa yerə yozurlar. Mən demişdim ələbaxan olmayaq. Başladılar ki, Hadı müəllim görün nə deyib...
Mən demişdim ki, dağ rayonlarında, tutaq ki, Yardımlı, Lerikdə yaşayan, əl-ayağı üstündə olan ailələrə yardım heyvanla verilsin. Nə qədər müzakirə elədilər? Görürsən, deyirlər Hadı müəllim danışmasın. Hadı müəllim dünya təcrübəsinə istinad edir, kitabları oxuyur, danışır. Onda da nə dedilər: Hadı müəllim ünvanlı yardımın qoyunla verilməsini təklif edir. Amma bu ideya qəbul olundu. İndi nəyə gəlib çıxdıq? Özünüməşğulluq ideyasına. Danışdığımın biri də yaşayış minimumunun qaldırılması idi də. Biz bəzən hadisələri bir az qabaqlayırıq, deyirik qənaətcil olaq, ələbaxımlıq olmasın, məşğulluq olsun, iş yerləri yaradılsın. Məsələn, təhrifin biri nə idi? Səsimi də qoyurlar. Biz dedik populyar və qeyri-populyar iş yerləri. Məsələn, təhsili olmayan adamların süpürgəçi işlədiyini dedik. Bir qadın gəldi dedi, Hadı müəllim, bunun nəyi pisdir, səhər üç saatlıq işə gedirəm, sosial işçi kimi çalışıram, süpürürəm, çıxıb gedirəm evə. Amma bunu götürüb qabartdılar ki, Hadı Rəcəbli deyir süpürgəçilik əla peşədir. Mən tək süpürgəçilikdən danışmamışam. Mənim dediklərimin hamısının canında nə var?.. Məsələn, qadın 8-ci sinfi bitirən oğluna iş axtarır, deyirəm gəlsin, fermada işləsin, deyir, Hadı müəllim, ayıb deyil, mənim uşağım fermada işləsin, sənin oğlun fermada işləyər?! Bəs harada işləmək istəyir? Qayıdır ki, “oxranada yer var?” İndi mən bunları misal gətirirəm. Dünya praktikasına, sosial elmi biliklərə əsaslanaraq. Bu məsləhətlərdir. İstəməyən başqa yol seçsin. Beləliklə, biz hara gəlib çıxdıq? Passiv və aktiv sosial müdafiə sisteminə. Görün, nə qədər qrup insanların problemləri həllini tapdı. 2 milyon 200 min insanın problemləri ən pis halda əlli faiz düzəlibsə, bu, çox ciddi hadisədir. Şəhid ailələri, Qarabağ əlilləri, qaçqın-köçkünlər üçün mənzil tikintisi, onlara verilən müavinətin artması... 500 minə yaxın köçkünün müavinəti əlli faiz artdı. Hər ailə üzvünə vuranda görün nə qədər puldur. Bunların hamısını qoyub deyəsən ki, Hadı Rəcəbli dedi ki, filan-filan...
- Bu günlərdə sizin obyektlərin, açığını deyim ki, fantastik görünən siyahısını yayıblar, özü də konkret “ünvanlar” göstərilməklə. Bu barədə nə deyə bilərsiniz?
- Mənimçün yüzlərlə obyekt sayıblar. Yazıblar ki, Lənkəranda 4 şadlıq evi Hadı Rəcəblinindir. O dörd dənədən birinin hətta mənim qohum-əqrəbama ilişiyi varsa, mən o 4 şadlıq evinin dördünü də həmin adamlara bağışlayıram. Yazıblar Bakıda Hadı Rəcəblinin qızının xəstəxanası, klinikası var...Tamam yalandır. Ona uyğun bir balaca fakt tapsalar, bağışlayaram onu yazanlara. Yazıblar Hadı Rəcəblinin qızının uşaq bağçaları kompleksi var. Bir balaca uyğunluq tapsalar, o bağçanı da həmin adamlara bağışlayıram. “Hadı Rəcəblinin villaları, Nardaranda, harada...” Yalan! Ya da yazıblar ki, 7 dənə dükanım, 8 dənə benzindoldurma məntəqəsi, daha nə bilim nələrim, nələrim var. İfrat dərəcədə yalandır! İnanın, fantaziyadır, mən buna gülürəm.
- Hadi müəllim, yəqin seçkilərə qatılanda gəlir deklorasiyası təqdim etmisiniz. Orada nələri göstərmisiniz?
- Nəyimiz var, onu. Mənzilim, bağ evim var. Mənim dörd balam var, ağıllı, zəhmətkeş uşaqlardır, hərəsinin də bir tikə çörəyi, evləri, maşınları var. Mənim ailəmin də, əlbəttə, nəyisə ola da bilər. 7 il bundan qabaq biri uydurmalarla dolu şəkilləri, fotomontajı səhifəsinə qoymuşdu, sonra da bir başqa dələduz Lənkəranda nəsə çəkib yaymışdı. Biz elan etdik ki, bunlar yalandır, iftiradır. Ancaq sonra o youtube-dən silinməyən kadrları götürüblər, üstünə 100 dənə də yalan əlavə ediblər və qoyublar səhifələrə. Artıq mənim Lənkərandakı seçicilərim etiraz səslərini qaldırıblar. Bu günlərdə onlar saytların birinə məktubla müraciət edərək müraciətlərinin saytda yayımlanmasını istəyiblər.
Lənkəranın bir qrup ziyalısı və Qarabağ veteranları adından görün nə yazılıb: “Son günlər yenidən, dövlətə sədaqətlə xidmət edən, Ulu öndərin siyasi kursunun davamçısı Hadi Rəcəbli ətrafında bir sira müxalif saytlarda, feysbuk səhifələrində guya onun milyardlarla ölçülən mal və mülkləri vardır kimi yanlış və təhrif olunmuş materiallar dərc olunur. Bir seçici kimi biz və bütün lənkəranlılar Hadi Rəcəblini yaxşı tanıyırıq. Bəzi üzdəniraq saytların yazdığı kimi, şadlıq sarayları, villaları, benzindoldurma məntəqələri, mağazalar, kompüter mərkəzlərinin ona və qohumlarına məxsus olmamasını təkidlə israr edirik”. Mənim gəlinlərim, nəvələrim zarafatla deyirlər ki, ay papa, ay baba, sən niyə bunları bizdən gizlətmisən? (gülür-E.P.) Deyirəm bax, görürsünüz ədalətsizliyi, haqsızlığı?
Mənim ana tərəfdən 9 xalam, dayım var, ata tərəfdən 8 əmim, bibim var. Hərəsinin Lənkəranda 6-7 uşağı yaşayır. Ortaya çıxan, zirək, ağıllı balalar, elmə həvəsli adamlardır. Onlar deyirlər ki, ay Dadaş - mənə “Dadaş” deyirlər - gəl, bunları məhkəməyə verək...Vəkil tutublar. Açıq deyirəm, vəkillər mənim qərarımı gözləyir. Mən Modern.az da, sizdə də, digər saytlar da da təkzib verdim. Biz hüquqi dövlətdə yaşayırıq. Mənim toxunulmazlıq statusum var. Qardaş, mənim 72 yaşım var, deputatam, illərin adamıyam, nəyimsə ola bilər də. Amma sən yaz ki, 4 şadlıq evi, benzindoldurma məntəqələri, 7 mağazası var... Nələr yazmırlar. Mən bunların hamısına təəssüflənirəm. Belə adamlara təəssüf edirəm ki, onun-bunun pulunu saymaqla yaşayırlar. Gedin, siz də hərəkət edin, çalışın!
- Müxalifətdən, sizi tənqid edənlərdən təkliflər gözləyirsinizmi?
- Mən iqtidar-müxalifət münasibətlərini necə görmək istəyirəm? Əgər müxalifət həqiqi müxalifətdirsə, orada söyüş söyən, təhqir edən, təhrif edən yoxdursa... İqtidar-müxalifət münasibətlərində baş prinsip əskikliklərin mübarizəsi və vəhdəti olmalıdır. Bu mübahisələrdə sonda xalq udmalıdır, xalqın xeyrinə nəsə olmalıdır. Sən hakimiyyətə gəlmək uğrunda mübarizə aparırsan, o başqa şeydir. Amma sən hakimiyyəti, dövləti dağıtmaq istəyirsənsə, o tamamilə başqa söhbətdir. Dünyada heç bir normal müxalifət hakimiyyəti dağıtmaq barədə fikirləşmir, əksinə, hakimiyyətə ideya verir, təklif verir. Bəli, mən böyük məmnuniyyətlə ideyaları qəbul edirəm. Amma bu, o demək deyil ki, sənin fikrin hökmən qəbul olunmalıdır, Quran ayəsi deyil ki. Gəl, fikir mübadiləsi edək və bu təkliflərə bütün hallarda baxacağıq.
- Müxaliflərin bir-birinin ardınca atılan addımların niyə məhz indi işıq üzü gördüyü ilə bağlı öz arqumentləri var. Onlara cavabınız necədir: niyə məhz indi?
- Bu addımlar əvvəldən planlaşdırılırdı. Yadınıza gəlirsə ötən ilin noyabrında, noyabrda biz parlament müzakirələrində nə qədər fikirlər səsləndirdik və büdcədən əlavə vəsait ayırdıq. Pensiyaçılar üçün 350 milyondan artıq vəsait ayrıldı, biz dedik ki, pensiyaların artması ilə bağlıdır. Yaxud səhiyyəyə əlavə maliyyə ayrıldı. Parlamentə daxil olan əvvəlki büdcə təqribən 700 milyon manat artımla təsdiq olundu.
- Bu artımlardan sonra dövlət büdcəsinə yenidən baxıla bilərmi?
- Həmişə büdcənin mədaxil-məxaricində olan fərqləri may ayında müzakirə edirik. Yenə də ola bilər. Möhtərəm prezidentimiz səsləndirdi, yanvar ayında büdcəyə nəzərdə tutduğumuzdan əlavə 105 milyon manat vəsait gəlib. Bu, o deməkdir ki, gələn vəsait yenə də xalqa qayıdır. Mart-aprel aylarında zaman-zaman bu addımlar atılacaq. İnşallah, martın sonunda, adamlar bu vəsaiti alanda bunun ləzzətini, dadını hiss edəcəklər. O pulu alanda görəcəklər ki, bu, nə qədər ciddi dəyişiklikdir. Yenə də ona təəssüf edirəm ki, bu qədər yaxşı işlərdən bir kəlmə də yazmayasan, ancaq sənin işin-gücün o olsun ki, onu-bunu müzakirə edəsən, özü də təhrif olunmuş qaydada, yalan, kütləyə oynayan məlumatlarla.
- Hadı müəllim, sizdən niyə bu qədər çox yazırlar, heç fərqindəsinizmi?
- Çünki mən bu qrup insanların içərisindəyəm, sosial durumu qismən ağır olan, sosial cəhətdən daha zəif qorunan qrupla işləyirəm və xalqın sözünü də, dövlətin gördüyü işləri də deyirəm. Siz görmüsünüz, bizim qanun layihələrinin müzakirəsində QHT-lərin rəhbərləri, nümayəndələri iştirak edir. Bu, nə deməkdir? Bu, xalqın səsidir də. Əslində təkcə mənim təhrif olunmuş ifadələrimdən söhbət getmir. Məqsəd nədir? Mən hakimiyyəti təmsil edirəm, o isə hakimiyyətin əleyhinədir. Ona görə belə iddialar bütün dövlət adından, onu müdafiə edənlər üçün səsləndirilir. Yalan, iftira, təhrif yazan həmin adamlar populizmlə məşğul olurlar. Bunlar nədən mənə daha çox ünvanlanır, mən ortaya gətirilirəm? Birinci, mənim çalışdığım sahə qıcıq doğuran sahədir. Gərək Hadı Rəcəbli durub desin ki, maaşlar “32 dəfə qalxmalıdır”... Mən belə şey deyə bilmərəm axı. Bəziləri bunu istəyir. Mənim dediklərimin arxasında elmi əsaslar, dünya təcrübəsi və şəxsi mənəviyyatım dayanır. Mən 15 yaşımda 45 manata fəhlə işləmişəm, məgər çətinlik nədir, bilmirəm? Mən bu qayğıların içində böyümüşəm, kasıb ailədən çıxmışam, 6 uşaq olmuşuq, əziyyətlə böyümüşük. Mənim anam müəllimə olub, atam sıravi qulluqçu olub. Onların kiçik maaşı ilə böyümüşük. Bir otaqda 6 uşaq yatmışıq. Zaman gəlib, uşaqlar hamısı sağlam böyüyüb, təhsil alıb. Anamın ən böyük məsləhəti bu olub: dünya kasıblıq çevrəsindən çıxmağın iki yolunu tapıb, başqa yolu yoxdur. Bir yol təhsil, savaddır, ikinci yol sağlamlıq, idman əzmidir, əzmkarlıqdır. Bu iki keyfiyyət insanda olanda adam ucala bilir. Görün nə qədər uşaqlar var, heç kimin qohumu deyillər, gör necə önə çıxıblar. Mənim arxamda kim olub? Heç kim.
- Deyirsiniz ki, sizin hansısa ifadəniz, bütün gördüyünüz yaxşı işlər arxa plana keçirilir, hədəfə çıxarılırsınız. Sizcə, burada məqsəd nədir?
- Bunlar məni yox, cəmiyyəti qıcıqlandırmaq üçün belə iftiralar yayırlar. Bu, təkcə mənim yox, hakimiyyətin əleyhinə olan kampaniyadır. Təkcə mənimmi əleyhimə aparırlar bu kampaniyanı? Yox! İqtidarı təmsil edən, sözünü deyən hər bir siyasətçinin, məmurun ünvanına aparırlar bu yalan kampaniyasını! Daha adları sadalamadan demirəm kimlərin, kimlərin əleyhinə. Nə qədər yalan, iftira yazmaq olar. Yazılanların böyük əksəriyyəti yalandır! Mən 50 ildir peşəkar siyasətdəyəm, komsomolun ikinci katibi, sonra birinci katibi, icraiyyə komitəsinin sədri, birinci katib kimi çalışmışam. Bu, mənim həyat yolumdur. İndi gəlib bir uşaq mənim şəklimi qoyur internetdə, başlayır ünvanıma söyüş söydürməyə. Sən axı saytında təhqiri qoymamalısan. Mən bunları məhkəməyə vermək istəmirəm. Onların hamısını sivil, söyüşsüz, yalansız, təhrifsiz siyasi mübarizəyə çağırıram, heç olmasa Allahdan qorxun, deyirəm. Mən dediyim, açıq-aydın görünən bu qədər yaxşı işlərdən yazmırlar, amma pis işdən, hansısa nöqsandan, deyək ki, qanun pozuntularından və digər çatışmazlıqlardan on dənə də üstünə qoyub yazırlar.
Qafqazda əmin-amanlığın mərkəzi Azərbaycan, təminatçısı İlham Əliyevdir, stabilliyin, sosial sabitliyin mahiyyətində Azərbaycan prezidentinin siyasəti dayanır. Gəlin Azərbaycanın uğurlarını görək, bu sabitliyi qoruyaq, xalqın, onun hər bir vətəndaşının güzəranının yaxşılaşmasına çalışan möhtərəm prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşək.
“Yeni Müsavat”