“Bakıda elə binalar var ki, öz pəncərəndən digərinin mənzilini rahat izləyə bilirsən” - deputat

5-03-2019, 15:57           
“Bakıda elə binalar var ki, öz pəncərəndən digərinin mənzilini rahat izləyə bilirsən” - deputat
“Bakıda xaotik, qarın-qarına tikilən bu hündürmərtəbəli binalar Ədalət Şükürovun layihəsi əsasında tikilib. Hesab edirəm ki, ölkə başçısı bu sahədə islahatları həyata keçirməklə Bakını qarın-qarına tikilən binalardan xilas edəcək”.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.

Millət vəkili deyib:

“Hələ mən bir müddət əvvəl Milli Məclisdə çıxışım zamanı demişdim ki, bu gün Bakıda tikilən çoxmərtəbəli bianaların hamısı Ədalət Şükürovun layihəsi əsasında tikilib. O zaman elə bildilər ki, bu hansısa bir memardır. Amma mən müğənni Ədalət Şükürovu nəzərdə tuturdum. Onun bir musiqisi var “səhərəcən pəncərəndən baxan mənəm-mən”. İndi Bakıda tikilən binalar onu xatırladır. Hər kəs öz pəncərəsindən digərinin mənzilində baş verənləri rahatca izləyə bilir. Odur ki, bu şəhərsalma sahəsində nə baş verib, artıq olub. Heç olmasa ziyanın yarısından qayıdaq. İndi durub tikilən binaları sökməyəcəyik. O zaman hər iki binadan biri sökülməlidir. Bu da əlavə problemə yol açar. Hesab edirəm ki, ölkə başçısının növbəti islahatlarından biri şəhərsalama sahəsində olacaq və bu xaosa son veriləcək”.

O, qeyd edib ki, bu gün Bakıda kifayət qədər şəhərsalma mədəniyyətindən çox uzaq addımlar atılıb:

“Bu sahədə həyata keçiriləcək islahat nəticəsində tikinti sahəsindəki özbaşınalığın qarşısı alınacaq. Bundan sonra qarın-qaına tikilən binaların şahidi olmayacağıq. Daha birinin balkonundan digərinin balkonuna tullanılmayacaq. Heç olmasa bundan sonra belə səhvlərə yol verilməyəcək. Çünki indiyədək bu sahədə boşluq olduğundan kim necə gəldi elə də hərəkət edib. Bu islahatla şəhərsalmada bir mədəniyyət formalaşıdırılacaq”.

Ölkə başçısı tərəfindən həyata keçirilən genişmiqyaslı islahatları şərh edən millət vəkili bildirib ki, bu islahatlar ölkə başçısı tərəfindən 2018-ci ildə seçkiöncəsi verilən vədlərin həyata keçirilməsi istiqamətində atılan real addımlardır.
“Ölkə başçısının mədəniyyət xadimləri və nümayəndələri ilə son görüşü deyərdim ki, çox böyük önəm kəsb edir. Çünki dövlətin qüdrəti təkcə silahla müəyyən olunmur, dövlətin qüdrəti onun mədəni səviyyəsi ilə müəyyən olunur. O baxımdan da bu görüşü mədəniyyət sahəsinə olan diqqət və qayğı kimi dəyərləndirmək olar.

Hesab edirəm ki, bu görüş mənəvi, psixoloji cəhətdən əhəmiyyətli idi. Bu görüş çox mehriban və səmimi bir şəraitdə baş tutdu. O görüşdə iştirak edənlər fikirlərini rahatca ifadə etdi.

Bu görüşdə mədəniyyət işçilərinə stimul verildi, başa düşdülər ki, dövlət və onun başçısı onların arxasındadır. Eyni zamanda onların üzərinə də böyük yük qoyuldu ki, siz işinizdə kifayət qədər ciddi dönüş yaratmalısınız.

Bu görüşlə ölkə başçısı bir daha mən xalqla birlikdəyəm mesajını vermiş oldu” , – deyə deputat qeyd edib.

Millət vəkili eyni zamanda təhsil, elm, ali məktəb, akademiya, mədəniyyət sahəsində də islahatların həyata keçirilməsinin zəruriliyini qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.