"Mən başa düşürəm, Ramin Quluzadənin həmin sahədə təcrübəsi yoxdur…" - deputat

7-03-2019, 10:25           
"Mən başa düşürəm, Ramin Quluzadənin həmin sahədə təcrübəsi yoxdur…" - deputat
Ermənistan Baş naziri Nikol Paşinyanın Xocalı soyqırımının ildönümü ərəfəsində İrana səfəri və burada keçirdiyi görüşlərdə yaşanan bəzi olaylar Azərbaycanda birmənalı qarşılanmadı. Bir çox politoloqlar görüş zamanı yaşananları Azərbaycana verilmiş mesaj kimi qiymətləndirdi və sərt mövqe ortaya qoydular.

Bəs, adında Azərbaycanın bütövlüyü prinsipini daşıyan BAXCP bu barədə nə düşünür? Azərbaycan hər iki dövlətin bu psixoloji təcavüz siyasətinə necə cavab verməlidir?

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Ovqat.com-a müsahibəsində bu suallara da cavab verib. Müsahibəni təqdim edirik:

– Qüdrət bəy, Paşinyanın İran səfərini necə qiymətləndirirsiniz? Sizcə, bu səfərlə hər iki ölkə Azərbaycana hansısa mesajlarmı verirdi?

– Əlbəttə, bu mesajlarla İran Azərbaycana münasibətdə dost olmayan, dini-mənəvi dəyərlərdən uzaq, fars şovinizmi siyasəti yürütdüyünü bir daha nümayiş etdirdi. Paşinyan isə Ermənistanın başı əzilməyəcəyi təqdirdə, işğala son qoymayacağını növbəti dəfə bəyan etdi. Bir daha təsdiqləndi ki, şovinist fars molla rejiminin islam həmrəyliyi və qardaşlığı barədə dedikləri cəfəngiyyatdan, bizim İranla dost olmaq cəhdlərimiz isə özümüzü aldatmaqdan başqa bir şey deyil. Müsəlmanların torpağını işğal etmiş, qadınlarına, qızlarına qarşı ən ağır cinayətlər törətmiş, namussuzluğa əl atmış bir qeyri-müsəlman dövlətin başçısının bu cür hörmətlə qarşılanması, – həm də Xocalı soyqırımı günü, – təkcə siyasi mövqe deyil, həm də hansı mənəviyyata sahib olmanın nümayişidir. Həmin səfər çərçivəsində ermənilərin Qarabağla bağlı səsləndirdikləri şüarlara göz yumulması İranın, kiçik dövlət olsa da Ermənistana nə qədər möhtac olması və nə qədər rəzil vəziyyətdə olduğunu göstərir. İranın Qarabağla bağlı rəsmi mövqeyini, – hansı ki, səfir Cavad bəy bu günlərdə təkrar açıqladı, – Paşinyan qarşısında dilə gətirə bilməməsi dediklərimizin təsdiqidir. Görünür, ağır sanksiyalara məruz qalan İran Ermənistan baş nazirinin Qərblə yaxın münasibətlərindən faydalanmağa çalışır. Amma bilirsiniz, bu, nəyə oxşayır? Bizdə bir atalar sözü var: “Suda boğulan saman çöpündən yapışar”.

– Hər bir dövlət bu cür psixoloji savaşlara əks həmlələrlə cavab verir. Sizcə, Azərbaycanın cavabı necə olmalıdır?

– Düşünürəm ki, Azərbaycan hökuməti İrana münasibətdə daha cəsarətli siyasət yürütməlidir. Elə siyasət ortaya qoyulmalıdır ki, İran Azərbaycan dövlətinə və İranda öz ata-baba yurdlarında yaşayan 30 milyon Azərbaycan türkünə hörmət etsin. İran vətəndaşlarımızı müxtəlif yollarla əməkdaşlığa cəlb etməyə çalışır, islam pərdəsi altında özünə siyasi tərəfdarlar toplayır. Son zamanlar DTX tərəfindən İranın casus şəbəkəsinin ifşa olunması fikrimizi təsdiqləyir. Vətəndaşlarımıza İranın siyasətinin mahiyyəti açıqlanmalıdır. İrana qarşı ideoloji iş aparılmalı, vətənpərvər ziyalılarımızın, gənclərimizin İranın təxribatçı dini-ideoloji, kəşfiyyat savaşına qarşı daha yüksək səslə danışmalarına imkan yaradılmalıdır. Beləcə, İranın Azərbaycanda özünə tərəfdar tapa bilmək potensialı sıfra endirilməlidir.

İkinci siyasət İranda yaşayan 30 milyona yaxın azərbaycanlıların milli-mədəni hüquqlarının tanınmasını bütün səviyyələrdə dəstəkləməkdir. Ən azı ona görə ki, beynəlxalq hüquqa görə, insan hüquq və azadlıqları heç bir ölkənin daxili məsələsi deyil. İran da həmin ölkədə yaşayan bütün xalqların milli-mədəni hüquqlarına hörmət göstərməyə borcludur.

Üçüncüsü, Cənubi Azərbaycanla mill -mədəni birliyimiz üçün İranla viza rejimi aradan qaldırılmalı, hər il ən azı min cənublu müxtəlif ali məktəblərə pulsuz qəbul olunmalı, çoxsaylı birgə mədəni tədbirlər keçirilməlidir.

– Mənə ən qəribə gələn budur ki, İrandakı fəal soydaşlarımızın da əsas şüarlarından biri Qarabağla əlaqədardır – “Qarabağ bizimdir, bizim olacaq” kimi. İranın bir ovuc ermənisi isə əks şüarla Paşinyanı qarşıladı. Sözsüz ki, bu iki ziddiyyətli mövqe İranda etnik qarşıdurmaları körükləyə bilər. İran indiki çətin anında niyə bu gərginlikdə maraqlıdır?

– Bu onu göstərir ki, İran özünün 30 milyonluq azərbaycanlı vətəndaşına hörmət etmir. Məsələn, azərbaycanlılar İran mətbu orqanlarında vaxtaşırı müxtəlif cür təhqir olunurlar. Onlar barədə təhqiramiz lətifələr qoşulur.

Fəal soydaşlarımız Paşinyanın bu cür qarşılanmasına ciddi etiraz etməli, İran parlamentinin, Prezident sarayının qarşısında çoxminli siyasi aksiya keçirməli idi. O zaman fars rejimi də baş verənlərdən nəticə çıxarar və Ermənistan siyasətinə yenidən baxardı. Təəssüf ki, İrandakı soydaşlarımızın fəallığı arzulanan səviyyədə deyil. Düzdür, indi “Traxtur” komandasının oyunlarında çoxsaylı azarkeşlər zaman-zaman milli-siyasi şüarlar səsləndirir, divarlara azadlıq ideallarını yazırlar. Amma bütün bunlar yetərli deyil. Açığını desəm, azərbaycanlılara yönəlik siyasətin iki başlıca məqsədi var: biri, soydaşlarımızda çatışmamazlıq komleksi yaratmaq, digəri isə İran xalqları arasında təfriqə salmaqla mövcud rejimə qarşı birgə demokratik mübarizənin aparılmasını əngəlləməkdir. Mən də bu səbəbdən üzümü soydaşlarımıza tutub deyirəm: Azərbaycan türkləri özlərini demokratik mübarizədən təcrid etməməli, İranın demokrat qüvvələrini dəstəkləməlidir. İran demokratikləşərsə, ölkədə milli hüquqlar tanınar və zamanla Azərbaycan türkləri də bu ölkənin həqiqi sahibinə, vətəndaşına çevrilərlər.

– Sizcə, bunun səhvi həm də bizdə deyilmi? Azərbaycan dövləti yerləşdiyi məkanın ən ciddi təsir potensialına sahibdir. İstər İranda, istər Gürcüstanda, istərsə də Şimali Qafqazda eyni tarixi köklərə, ortaq taleyə, mədəniyyətə malik soydaşlarımız var. Yeri gələndə, onlar bizim yumşaq gücümüzə çevrilməli və həmin qüvvələrdən çəkinən bütün qonşularımız bizimlə davranışına diqqət etməli olduqlarını düşünməlidirlər. Amma nədənsə, qonşularla yaxşı yola getməyi düşünən bizlərik. Onlar isə bizi öz insanlarımızla təhdid edir, nəsə qoparmağa çalışırlar.

– Mən də ona görə deyirəm ki, İran bizə qarşı bizim öz vətəndaşlarımızdan istifadə edir, biz isə İrandakı soydaşlarımızı milli maraqlar naminə dəstəkləyə bilmirik. Qonşular arasındakı münasibətlərin pisləşməsindən çəkinirik. Onlar isə bunu qiymətləndirə bilmir, bizim zəifliyimiz kimi qəbul edirlər.

– Məlumdur ki, İran ağır sanksiyalarla üz-üzədir. Ölkənin pespektivi heç də işıqlı görünmür. Mümkün dağılma prosesində Cənubi Azərbaycan hansı yolu tutmalıdır?

– İrandakı proseslər iki istiqamətdə gedə bilər. Bir variant Çexoslovakiya variantıdır. Bu varianta görə, cənublu soydaşlarımız o qədər güclənir ki, dinc yolla farslardan ayrılırlar. İkinci variant Cənubi Azərbaycanın demoqrafik artımıdır. Yəni əhalinin sayı o qədər artır ki, etnik azlıqdan etnik çoxluğa çevrilir.

Qeyd edim ki, bu siyasət müxtəlif ölkələrdə etnik azlıqların üzərində dayandığı metodlardan biridir. Hesab edirəm ki, demoqrafik artım nəticəsində yaxın zamanlarda İranda dövlət hakimiyyəti tamamilə Azərbaycan türklərinin əlinə keçə və soydaşlarımız orda türk dilini dövlət dili elan edə bilərlər. Beləcə, İran türk dövlətinə çevrilər. Biz o zaman farsların milli hüquqlarını sivil xalq kimi tam təmin etməliyik.

Bu, variantlardan biridir və Avropada, Amerikada məskunlaşan bir çox soydaşlarımız məhz bu variant üzərində dayanırlar. Onların fikrincə, İran tarixən Azərbaycan dövləti olub və tarix təkrarlana bilər. Bundan sonra biz Türkiyə ilə ittifaq yaradar və böyük Türk Birliyinin əsasını qoya bilərik.

– Yeri gəlmişkən, son zamanlar mətbuatda da Azərbaycan-Türkiyə ittifaqı təklifi gündəmə gətirilir. Siz isə, deyəsən, daha geniş ittifaqın tərəfdarısınız. Ümumiyyətlə, Türkiyə-İran-Azərbaycan ittifaqına necə baxırsınız?

– Həyatda hər şey mümkündür. Tarixi proseslər bizim şüurumuzdan asılı olmayaraq formalaşır, inkişaf edir. Türkiyə-İran-Azərbaycan birliyinin yaranması üçün bəzi addımlar atılmalıdır. İlk növbədə, bayaq dediyim kimi, İrandakı soydaşlarımızın demoqrafik artımı siyasi hakimiyyətə gəlmək qədər genişlənməlidir.

Digər tərəfdən isə, Türkiyə nüvə gücünə çevrilməlidir. Müsahibələrimdə dəfələrlə qeyd etdiyim kimi, bu gün nüvə gücü milli dövlət təhlükəsizliyinin və müdafiəsinin əsas amilinə çevrilib. Nüvə gücünə malik dövlətlər özlərini xarici təcavüzlərdən daha rahatlıqla sığortalaya bilirlər. Məsələn, bu gün Pakistanın və Hindistanın nüvə silahları olmasaydı, indi Orta Şərqdə müharibə qaçılmaz olacaqdı. Eynilə Rusiyanın nüvə silahları olmasaydı, çoxdan Avropada 3-cü Dünya müharibəsi başlayacaqdı. Mən ona görə də İranın nüvə silahı əldə etmə ehtimalını həmişə müdafiə etmişəm. Çünki İranın nüvə gücünə çevrilməsi Türkiyənin də eyni yolu tutmasına mənəvi-siyasi haqq qazandırardı. Türkiyə nüvə dövlətinə çevrildikdən sonra isə təhlükəsizliyini qarantiya altına alar, regionun ən güclü dövlətlərindən birinə çevrilər, beləcə, Yaxın Şərqdə müharibələrə son qoyulardı. Rusiya da bu prosesin qarşısını almaqda çətinlik çəkərdi. Düşünürəm ki, Türkiyə milli nüvə silahını özü yaratmasa belə, onun texnoloji layihələrini Pakistandan almalıdır. Əslində rəsmi Ankara da bunun fərqindədir. Onun son zamanlar atom reaktorları qurması sabah asanlıqla nüvə dövlətinə çevrilməsinə yol aça bilər.

Üçüncüsü, Azərbaycan Qarabağ problemini həll etməlidir. Heç bir alyans ərazi problemi olan dövləti öz tərkibində görmək istəməz. Hətta dünyanın ən böyük hərbi ittifaqı olan NATO belə, yeni üzvlərinin qarşısına alyansa daxil olmamışdan əvvəl öz ərazi bütövlüyünü təmin etmək vəzifəsi qoyur. Çünki alyansın digər üzvlərini bəri başdan hansısa konfliktin içinə atmaq istəmir. Azərbaycan da Qarabağ problemini həll etmədən ən yaxın strateji müttəfiqimiz olan Türkiyə belə, bizimlə eyni ittifaqa girib Rusiyanı qarşısına almaq istəməz. Rusiya isə bu ittifaqın yaranmasına imkan verməz.

Bir sözlə, Cənubi Azərbaycan milli hüquqlarını, biz Qarabağ problemini həll etmədən, Türkiyə isə nüvə gücünə çevrilmədən nə Azərbaycan-Türkiyə, nə də sizin dediyiniz Türkiyə-Azərbaycan-İran birliyindən danışmağa dəyər. Bunlar hələlik arzu və istəklərdir. Amma gələcəkdə nə olacaq, bütün ehtimalları istisna etmədən zamanın öhdəsinə buraxaq.

– Son zamanlar Rusiya da İran kimi ABŞ-ın sərt sanksiyaları ilə üz-üzədir. Bu da onun başının özünə qarışmasına yol açır. Belə bir vəziyyətdə Azərbaycan və Türkiyə ortaq proje ilə çıxış edib cənublu qardaşlarımızı milli hüquqlarının bərpası istiqamətində təşkilatlandıra bilərmi? Bəlkə, İranı təşvişə salan da elə bu ehtimaldır və o, bizə Ermənistan kartı ilə gözdağı vermək istəyir?

– Sözsüz ki, İran da Rusiya kimi Dağlıq Qarabağ probleminin həllində maraqlı deyil. Bu, birmənalı şəkildə belədir. Əks halda Paşinyanla görüşlərində İran rəsmiləri ona Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsinin vacibliyini xatırladardılar. İran rəsmiləri bu sözü heç vaxt demirlər. Bu da onu göstərir ki, Qarabağ konfliktində İran da maraqlıdır. Görünür, konfliktin davamını Azərbaycanı özlərindən asılı vəziyyətdə saxlamaq üçün ən uyğun variant kimi görürlər. Eyni sözlər Rusiya üçün də keçərlidir. Bir çox beynəlxalq ekspertlərin fikrincə, Qarabağ probleminin çözümsüzlüyü Rusiyaya Azərbaycan və Ermənistanı özündən asılı vəziyyətdə saxlamaq imkanı verir. Yəni həm şimal, həm cənub qonşularımız Qarabağ problemindən Azərbaycana qarşı istifadə etməyə çalışırlar.

Siz o məsələdə haqlısınız ki, Azərbaycandan daha çox Türkiyənin Cənubi Azərbaycan məsələsini gündəmə gətirmək imkanları var. Üstəlik, bizdən fərqli olaraq, cənublular özlərini türk adlandırırlar. Bu baxımdan Türkiyəyə də böyük hörmət və sayğı ilə yanaşırlar. Deməli, Türkiyənin onlara təsir etmək və dəstək vermək imkanları var. Çində uyğurların hüquqları pozulanda rəsmi Ankara bunu ötkəm səslə dilə gətirir və biz də bunu böyük qürur hissi ilə qarşılayır, “nə yaxşı ki, Türkiyə var” deyirik. Türkiyə böyük bir dövlət kimi Çinə etiraz edə bilirsə, İrana da öz sözünü deməlidir. Ordakı Azərbaycan türklərinin hüquqlarını daha ciddi şəkildə müdafiə etməlidir. Türkiyənin dövlət maraqları da tələb edir ki, Azərbaycan türkləri İranda ciddi bir faktora çevrilsin.

– Bəs, biz nə etməliyik? Axı Cənubi Azərbaycan türkləri bizə bir köynək daha yaxındırlar. Biz Türkiyədən onlara ciddi dəstək tələb etməklə yanaşı, özümüz də bu proseslərə seyrçi qalmamalıyıq.

– Bir az öncə söylədim, ilk növbədə İranla viza rejimi aradan qaldırılmalıdır. Azərbaycanlıların oradan rahat şəkildə bizim ölkəmizə gəlmələrinə imkan yaradılmalıdır. Onsuz da bura gələnlərin böyük əksəriyyəti farslar yox, öz soydaşlarımızdır. Onlar buraya gəlib-getdikcə biz bir millət olaraq qaynayıb-qarışacağıq.

Atılması vacib ikinci addım soydaşlarımızın dil islahatlarına nail olmaqdır. Bilirsiniz ki, cənubdakı qardaşlarımızın dilinə çoxlu fars sözləri keçib. Bəzilər hətta o qədər çox fars sözləri işlədir ki, başa düşmək çətin olur. Bizim münasibətlərimiz yaxşılaşdıqca, mədəni əlaqələrimiz genişləndikcə, bu problem də ortadan qalxacaq. Hesab edirəm ki, bu işdə ədəbiyyat və mədəniyyət adamlarına da xeyli işlər düşür. İran problemini dilə gətirən ədəbi əsərlər yazılmalı, mahnılar bəstələnməli və bu əsərlər televiziyalarda səsləndirilməlidir.

Mənim fikrimcə, İranla bağlı siyasətimizdə əsas iş mədəni-mənəvi birliklərin yaranması olmalıdır. İkiyə bölünmüş xalqlar arasında mədəni birliklərin yaranması ən vacib məsələlərdəndir və siyasi ittifaqlardan daha böyük önəm daşıyır…

– Sözünüzə qüvvət, dünən bir otelçiylə söhbətləşirdim. Dediyinə görə, İrandan bu il turist gələnlərin sayında xeyli azalmalar var. Deyəsən, İran Azərbaycana gəlmək istəyən turistlərin viza haqlarını xeyli qaldırıb, bu da turist axınına mənfi təsir göstərir. Belə görünür ki, İran soydaşlarımızın bura gəlməsindən xeyli narahat olmağa başlayıb.

– Elədir. İran tərəfi bura gələnlərdən pul alır. İqtisadi sanksiyaları bəhanə edib soydaşlarımızın Azərbaycana gəlməsinə müəyyən maneələr yaradırlar. Soydaşlarımız indi həm bizə viza pulu verməli, həm də öz gömrüklərinə pul ödəməlidirlər…

– İndiki çətin durumda İranı anlamaq mümkündür. Dediyiniz kimi, rəsmi Tehran bu kimi inteqrasiyanı perspektiv təhlükə hesab edirlər. Bəs, bizimkilər niyə bunu asanlaşdırmağın yolunu tapmırlar?

– Bizimkilər öz mövqelərini belə əsaslandırırlar ki, viza rejimi asanlaşarsa, Azərbaycana təxribatçı, dini ekstrimist qruplar, terrorçular, dövlətçiliyimizin əleyhinə təbliğat aparanlar daha rahat keçə bilərlər. Halbuki onlar sərt viza rejimlərində də bunu edə bilərlər. Üstəlik, dövlətə bağlı qüvvələrdirlərsə. Viza rejimi bunun qarşısını almır, axı.

– Elədir. Ən əsası isə, dini rejim sosial şüurlarda çöküş mərhələsinə qədəm qoyub. Yaxın Şərqdə yaşananlar insanlarda teokratik dövlət sisteminin yarğılanmasına yol açıb. Bizim tipli sekulyar dövlət formaları həm bizim insanlarımızda, həm də İranda daha çox təqdir olunur. Bəs, onda bu psixoloji üstünlüyümüzə rəğmən, biz niyə inteqrasiyalardan çəkinirik?

– Bəli, ona görə deyirəm ki, vətəndaşlarımıza açıq şəkildə İranın siyasətinin nədən ibarət olduğu deyilməlidir. Məsələn, mən İran-Azərbaycan münasibətlərinin yaxşılaşmasını istəyən bir siyasətçiyəm. Amma İran rəsmilərinin Paşinyanı o şəkildə qarşılaması məni çox hiddətləndirib. Ona görə də imkan vermək lazımdır ki, Azərbaycan vətəndaşları bu barədə açıq etirazlarını bildirsinlər. Yaxud bəzi iqtidaryönümlü jurnalistlərə İran əleyhinə yazmamaq tövsiyə olunub, bu siyasət dəyişməlidir. Ümumiyyətlə, hesab edirəm ki, Paşinyanın bu səfəri Azərbaycan hakimiyyətinin indiyədək yürütdüyü İran siyasətinə yenidən baxmağa vadar etməlidir.

– Sizə elə gəlmir ki, Azərbaycan televiziya və radiolarında Cənubi Azərbaycan mövzusunun davamlı gündəmə gətirilməsi, xüsusi proqramların hazırlanması zamanı da yetişib?

– Təbii. Əvvəllər o cür xüsusi proqramlar var idi, indi onlar da bağlanıb. Sovet dövründə Cənubi Azərbaycanla bağlı daha çox veriliş və proqramlar hazırlanırdı. Müstəqilliyimizin ilk illərində də bu ənənə davam etdirilirdi. Görünür, qıcıq doğurmamaq üçün indi bu cür proqramlar da tele-ekranlardan uzaqlaşdırılıb. Məncə, bununla yanaşı, həm də ortaq milli-mədəni tədbirlər keçirilməli, təbliğ olunmalıdır. Ordan buraya çoxlu aşıqlar, şairlər dəvət edilməli, musiqi proqramları hazırlanmalıdır. Burdan da oraya eyni qaydada mədəniyyət xadimlərinin səfərləri təşkil olunmalıdır. Təmaslar, əlaqələr artırılmalıdır. Bu, bizim həm Diaspora Komitəmizin, həm Xarici İşlər, həm də Mədəniyyət Nazirliklərimizin bir nömrəli işi olmalıdır.

Düşünürəm ki, biz İran siyasətimizi ciddi şəkildə dəyişməliyik. Paşinyanın məlum səfərində yaşananlar bir daha sübut etdi ki, biz indiyə qədər İrana münasibətdə çox yumşaq siyasət yürütmüşük. Halbuki İran Azərbaycanın bir işarəsiylə orda yüzminlərlə insanın küçələrə axışa biləcəyindən çəkinməli idi.

O gün Əflatun Amaşov Milli Məclisdə gözəl bir məsələ qaldırdı. Dedi ki, maşınla Bakıdan çıxan kimi, Xırdalandan sonra Azərbaycana aid bir radio verilişinə qulaq asa bilmirsən. Radioda bütün dalğalar ancaq İranı tutur. Mən həmişə təəccüblənirəm ki, bizim müvafiq orqanlar hara baxır? Rabitə və Yüksək Texnologiya Nazirliyi nə işlə məşğuldur? Bu məsələ dəfələrlə qaldırılıb. Mən başa düşürəm, Ramin Quluzadənin həmin sahədə təcrübəsi yoxdur… Sizə ad çəkmədən bir hadisə danışım. Bir dəfə gənc bir oğlan nazir təyin olunmuşdu. Bir ili tamam olanda jurnalist ona fəaliyyətilə bağlı sual vermişdi. Nazirin cavabı isə belə olmuşdu: “Yavaş-yavaş işi öyrənirəm”.

– Yəni deyirsiniz ki, Ramin Quluzadə də yavaş-yavaş öyrənir? Gəlin, ümid edək ki, o, adını çəkmədiyiniz digər nazirdən bir qədər tez öyrənəcək.

– İnşallah.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.