Bakıda ermənilərin dediyi oldu: Mətin Yaşaroğlu “Sputnik-Azərbaycan”dan çıxarılmasından DANIŞDI

13-03-2019, 00:17           
Bakıda ermənilərin dediyi oldu: Mətin Yaşaroğlu “Sputnik-Azərbaycan”dan çıxarılmasından DANIŞDI
Son iki həftədir Sputnik Azərbaycan İnformasiya Agentliyi ətrafında qalmaqallı xəbərlər dolaşır. Agentliyin şef-redaktoru Mətin Yaşaroğlunun (Məcidli) vəzifəsindən istefa verməsi çox ciddi müzakirələrə səbəb olub. Bu hadisə ətrafında əsas ittihamlar Agentliyin Rusiyadakı baş ofisinə və Bakıdakı direktoru Əziz Əliyevə yönəlib. İttihamlarda qeyd olunur ki, M.Yaşaroğlu Sputnik daxilindəki erməni şəbəkəsinin, xüsusilə baş redaktor Marqarita Simonyanın təzyiqləri nəticəsində vəzifəsindən istefa verib.
Bütün bunlara baxmayaraq, indiyədək M.Yaşaroğlu baş verənlərin səbəbləri barədə açıqlama verməyib. Dünən isə Sputnik-in mətbuat xidməti rəsmi açıqlama yayaraq M.Yaşaroğlunun öz istəyi ilə işdən getdiyini və hadisənin siyasi motivli olmadığını bəyan edib.

Bundan sonra “Bizim Yol”un əməkdaşı M.Yaşaroğlunun özü ilə əlaqə saxlayaraq münasibət bildirməsini xahiş edib. Bizimyol.info Mətin Yaşaroğlu ilə müsahibəni təqdim edir:

– Mətin bəy, artıq iki həftəyə yaxındır ki, mediada və sosial şəbəkələrdə sizin Sputnik Azərbaycan-ın şef-redaktoru postundan ayrılmağınızla bağlı çoxsaylı yazılar və açıqlamalar dərc olunub. Martın 11-də isə Sputnik Azərbaycan İnformasiya Agentliyinin mətbuat xidməti Sizin işdən öz arzunuzla ayrılmağınız barədə məlumat yaydı. Siz yenə də susmaqda israrlısınız?

– Məni tanıyanlar yaxşı bilirlər ki, heç zaman konflikt adamı olmamışam və istənilən iş yerimdə sakitcə üzərimə düşən işi layiqincə yerinə yetirməyə çalışmışam. Gedişimlə bağlı yayılan açıqlama o şəkildə olmasaydı, əslinə qalsa, bu dəfə də baş verənlər barədə susacaqdım. Amma yayılan bəyanatdan sonra, sadəcə, baş verənlər barədə danışmağı özümə borc bilirəm. Peşə etikasını əsas tutaraq martın 15-nə qədər, yəni rəsmi olaraq, öz postumda sayıldığım üçün işlədiyim şirkətlə mənim aramda olan məsələlər barədə danışmağı düzgün hesab etmirdim. Baxmayaraq ki, bu vaxta qədər mənə dəfələrlə müsahibə verməyi, hətta ayrıca mətbuat konfransı keçirməyi təklif etmişdilər.

İlk olaraq, yazılanlara münasibət bildirim. İşdən kənarlaşdırılmağımla bağlı həm KİV-də, həm də sosial şəbəkələrdə həqiqət yükü müxtəlif olan çoxsaylı informasiya və şərhlər yer alıb. Milli Məclisin deputatları, ictimai fəallar, media mənsubları məni müdafiə ediblər. Mənə dəstək olan, öz mövqelərini səmimi şəkildə açıqlayan bütün insanlara təşəkkürümü bildirirəm.

– Sizi işdən kənarlaşdırıblar, ya özünüz getmisiniz?

– Şirkətin açıqlamasında da qeyd olunduğu kimi, mən işimdən rəsmi olaraq çıxarılmamışdım. Mənə şef-redaktor postundan gedəcəyim şərtilə əmək haqqım tam olaraq saxlanılaraq şirkət daxilində başqa bir işlə məşğul olmaq təklif olunmuşdu. Bu isə o demək idi ki, mən redaksiyanın informasiya siyasətindən tam olaraq kənarlaşdırılırdım. Şəxsən mənim üçün bu, “bir kənarda otur, pulunu al və işimizə qarışma” anlamına gəlirdi. Hətta, bir növ turistik-işgüzar səyahətlər də təklif olunurdu: Berlinə, Ankaraya və s. şəhərlərə daha geniş təcrübə qazanmaq üçün getməliydim… Qısası, mən həmin təklifdən imtina etdim və işdən getmək qərarı verdim.

– Gedişinizin səbəbləri arasında siyasi amil vardımı?

– Yəqin ki, bu sual bu məsələ ətrafında gedən müzakirələr zamanı ən çox verilən sualdır. Hər şeydən əvvəl qeyd edim ki, dövlətlərarası layihə olan “Sputnik Azərbaycan” İnformasiya Agentliyində şef-redaktor vəzifəsində işləməyin özü siyasi post tutmaq anlamına gəlir. 3 il əvvəl bu posta dəvət alarkən harada işləyəcəyimi aydın təsəvvür edirdim və bu müddətdə heç də asan olmayan fəaliyyətimlə əlimdən gələnləri etmişəm. Bu fəaliyyətimlə deyə bilərəm ki, dövlətimin və cəmiyyətimizin qarşısında alnım açıqdır. Mənə işimlə bağlı rəhbərlik tərəfindən bildirilən iradlar arasında bu faktor digərlərinin sıralarında səslənirdi.

Əgər kimlər üçünsə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yanaşma tərzində, münaqişənin işıqlandırılma formasında, ümumiyyətlə, milli maraqlar məsələsində siyasi amil yoxdursa, bu, artıq həmin adamların problemidir. Mənim Qarabağ münaqişəsi ilə bağlı mövqeyim Azərbaycan dövlətinin və ölkə prezidentinin siyasətindən fərqli deyil. Qeyd edim ki, işlədiyim 3 il ərzində Azərbaycanın və dünyanın informasiya məkanında bu mövqenin dövlətçilik prinsiplərindən fərqli şəkildə nümayiş etdirilməməsi üçün əlimdən gələn hər şeyi etmişəm. Bu qədər cəlbedici görünən iş təklifindən imtina etməyimin özüm üçün müəyyən etdiyim başlıca bir səbəbi var: bir azərbaycanlı jurnalist kimi Qarabağ münaqişəsi ilə bağlı öhdəmə düşən işin, yəni mövqe ifadə edən yazıların dərcində iştirakımın sıfıra endirilməsi faktı ilə üz-üzə qalmağım…

Məsələni çox uzadaraq redaksiyadaxili söhbətləri mətbuata çıxarmaq fikrindən qətiyyən uzağam. Mənim istəyim və iştirakım olmadan yayılan söz-söhbətlərdən sonra, əminəm ki, dövlətin müvafiq qurumları məsələdən xəbərdardır.Mənim istəyim də ancaq Azərbaycanın milli maraqlarının qorunması ilə bağlı olub. Bu işi mənim və yaxud digər şəxsin həyata keçirməsinin önəmi yoxdur. Sadəcə olaraq, onu qeyd edə bilərəm ki, baş verənləri qətiyyən Rusiya-Azərbaycan, Qərb-Azərbaycan münasibətləri səviyyəsinə gətirməyi düzgün hesab etmirəm. Mən həmişə dövlətimin yanında olmuşam.

– Sosial şəbəkələrdə belə məlumatlar səsləndirildi ki, sizin Sputnik Azərbaycan-dan kənarlaşdırılmağınızda ermənilərin xüsusi rolu olub. Həqiqətənmi ermənilərin bu məsələdə təzyiqləri var?

– Bir məsələ hər kəsə aydındır ki, ermənilərin dünyanın bir çox nüfuzlu kütləvi informasiya orqanlarında təsir imkanları yetərincədir. Həmişə belə olub. O ki qaldı Sputnik Azərbaycan-da baş verənlərə, öz iş prinsipimdə topladığım komanda ilə birgə Azərbaycan həqiqətlərini dünyaya və ölkə oxucularına çatdırmağa çalışmışam. Cənab Prezident İlham Əliyevin “Rossiya seqodnya” BİA-nın rəhbəri Dmitriy Kiselyova verdiyi müsahibədə dediyi kimi, “Sputnik kimi iri və çoxşaxəli beynəlxalq agentliyin imkanlarından Azərbaycan naminə yararlanmağa” çalışırdıq.

– Redaksiyada baş verənlərin Rusiya-Azərbaycan münasibətlərinə təsiri nə dərəcədə ola bilər? Sizcə, məsələdə bu amil də varmı?

– Hesab edirəm ki, ümumiyyətlə, Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirmək istəyən qüvvələr həmişə mövcud olub. Bəzi məlum şəbəkələrin emissarları Rusiya-Azərbaycan münasibətlərini korlamaq üçün əlindən gələni edir. Bu, sosial şəbəkələrdəki müzakirələrdən də hiss olunur. Yuxarıda da qeyd etdim, əminəm ki, Azərbaycan dövlətinin müvafiq qurumlarında bu barədə yetərincə məlumatlar var və həmin qurumlar belə şəbəkələrin əməllərini puç etmək üçün əlindən gələni edəcək. Hər bir azərbaycanlı jurnalist kimi, mən də bütün məsələlərdə dövlətimin yanındayam, Azərbaycanın mənafeyi mənim üçün birinci dərəcəlidir.

– Baş verən hadisələrlə bağlı bu günə qədər yalnız kiçik bir açıqlamanız olmuşdu. Sputnik Azərbaycan-da işləyən əməkdaşların millətini sevən insanlar olduğunu demişdiniz. Son bəyanatdan sonra da bu fikrinizdə qalırsınız?

– Əlbəttə, qalıram. İstefa səbəbləri barədə yazılanlar arasında məni narahat edən əsas məqam Sputnik Azərbaycan-da çalışan insanların da tənqid atəşinə tutulması və “erməni pullarına” işləməsi kimi ittihamlar oldu. Nəzərinizə çatdırıram ki, “Sputnik” dövlət agentliyidir və Rusiya büdcəsindən maliyyələşir. Redaksiyadakı jurnalistlərin əkəsriyyətini işə mən dəvət etmişəm və onların hər birinin millətini, dövlətini sevən insanlar olmasına əminəm. Sayt Rusiya büdcəsindən maliyyələşsə də, dünyanın 32 dilində yayımlanır və biz bu böyük arenada, məhz haqqında danışdığım yaradıcı insanlarla Azərbaycan həqiqətlərini, ölkənin turizm potensialını, müxtəlif sahələrdəki uğurlarını önə çıxarmaq üçün çalışırdıq.

Və əminliklə deyə bilərəm ki, redaksiyada çalışan yaradıcı insanların Sputnik Azərbaycan-ın uğurlarında rolu az olmayıb. Həmin agentlikdə işləyən həmkarlarıma gələcək fəaliyyətlərində uğurlar arzulayıram.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.