Hərbi Akademiyanın rəisi:“Prezidentin qarşımıza qoyduğu məsələ xaricdən asılılığı aradan qaldırmaqdır” – MÜSAHİBƏ

18-03-2019, 07:21           
Hərbi Akademiyanın rəisi:“Prezidentin qarşımıza qoyduğu məsələ xaricdən asılılığı aradan qaldırmaqdır” – MÜSAHİBƏ
Fevralın 20-də Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılmasının 20 ili tamam oldu. Azərbaycan Respublikası Prezidentinin 20 fevral 1999-cu il tarixli fərmanı ilə yaradılan Silahlı Qüvvələrin Hərbi Akademiyası bu gün respublikada ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanması ilə yanaşı hərbi elmi tədqiqatların aparılması, hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrənilməsi sahəsində işlər həyata keçirir.

Akademiyanın rəisi general-leytenant Heydər Piriyev azeridefence.com saytına müsahibə verib.

Teref.az müsahibəni oxucularına təqdim edir:



– Cənab general-leytenant, müsahibəmizə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaranmasından bu günə keçdiyi yola nəzər salaraq başlamaq istərdik. 20 ildir fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Azərbaycanın müasir hərbi təhsil və hərb elmi sistemindəki yeri və rolu nədən ibarətdir?

– Ümummilli liderimiz Heydər Əliyevin qərar və sərəncamları əsasında hələ keçən əsrin sonlarında Azərbaycanda yeni hərbi təhsil müəssisələrinin əsası qoyuldu, ordu üçün zəruri olan müxtəlif ixtisaslı zabitlərin hazırlığı respublika daxilində təşkil edildi. Hazırda 20-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması da Ulu Öndərin adı ilə bağlıdır. Məhz onun 1999-cu il fevral ayının 20-də imzaladığı fərmanla Silahlı Qüvvələrin Hərbi Akademiyasının əsası qoyulmuşdur.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması ordu quruculuğunun daha uğurla aparılması üçün yüksək peşəkar səviyyəli zabit kadrların hazırlanması zərurətindən irəli gəlirdi. Qeyd edim ki, Akademiyanın təşkilindən əvvəl zabitlərimiz ali hərbi biliklərə yiyələnməsi üçün xarici ölkələrə göndərilirdilər. Bununla belə, qərara alındı ki, milli təhsil ənənələrinə söykənərək ali savadlı kadrların hazırlanması respublika daxilində təşkil edilsin və bu istiqamətdə ilk addım 1997-ci ildə atıldı. Həmin il Müdafiə nazirinin əmri ilə 4 aylıq akademik kurs təşkil olundu. Türkiyə Respublikası zabitlərinin iştirakı ilə yaradılan bu kurslara hərbi hissələr və idarəetmə strukturlarında xidmət edən məsul vəzifəli zabitlər cəlb edildilər. Lakin ilk təcrübə göstərdi ki, mənimsənilməsinə ehtiyac duyulan biliklərin hamısını 4 ay ərzində əhatə etmək mümkün deyil. Ona görə 1999-ci ildə bu kursda təhsil müddəti 9 aya qədər uzadıldı və həmin kursu 24 zabit uğurla başa vurdu.

Dövlət başçısının imzaladığı məlum fərmana əsasən Hərbi Akademiyanın qarşısında qoyulan əsas vəzifələr – ali hərbi təhsilli komandir və qərargah zabitlərinin hazırlanması, onların ixtisasının artırılması, hərbi sahədə elmi tədqiqatların aparılması və dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsinin təmin edilməsi kimi müəyyənləşdirilib. Başqa sözlə, bu təhsil müəssisəsi ali hərbi təhsilli taktiki və əməliyyat səviyyəli zabitlərin hazırlığı ilə bərabər mühüm dövlət orqanlarında ölkənin müdafiəsinin təşkilinin aktual məsələlərini həll etməyə qadir olacaq kadrların hazırlanması vəzifəsini də öz üzərinə götürməli idi.

Sərəncamın imzalanmasından artıq 20 il ötür. Bu illər ərzində Silahlı Qüvvələrin Hərbi Akademiyası uğurlu bir inkişaf yolu keçərək respublikanın hərbi təhsil sistemində özünə layiq olan yeri tutub. Bu dövrdə Akademiyanı yüzlərlə zabit bitirib və ali hərbi biliklərə yiyələniblər. İndi ordumuzun elə bir hissəsini, birləşməsini, yüksək idarəçilik strukturunu tapmaq mümkün deyil ki, orada Hərbi Akademiyanın məzunu ilə rastlaşmaq mümkün olmasın.

Hazırda Hərbi Akademiyada təhsil Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişləri və Müdafiə nazirinin müvafiq əmrləri və sərəncamları əsasında qurulub. Qarşıya qoyulan vəzifələrin həllinə nail olmaq üçün Müdafiə Nazirliyinin rəhbəliyinin qayğısı nəticəsində Akademiyada zəruri maddi-texniki baza yaradılıb, səmərəli təhsil üçün beynəlxalq və milli təcrübəni özündə əks etdirən tədris proqramları qəbul edilib.

Xüsusilə vurğulamaq istərdim ki, Hərbi Akademiyada əsas böyük işlər 2014-cü ildən sonra görülüb. Həmin dövrdə Akademiyanın ştat quruluşunda dəyişiklik aparıldı, əməliyyat-taktiki və əməliyyat-strateji fakültələr yaradıldı, magistr səviyyəsində qiyabi təhsil verilməsinə başlandı. Təhsil ocağına qəbul üçün tələblər daha da gücləndirildi. 2014-cü ildə eyni zamanda biz elm şöbəsini yaratdıq. Eləcə də cənab Müdafiə nazirinin qərar və sərəncamları ilə Hərbi Akademiyada Adyunktura təsis edildi. Adyunkturada həm fəlsəfə doktoru, həm də elmlər doktoru proqramı üzrə hazırlıq aparılır. Az bir vaxtda, xeyli sayda hərbçi alimlərimiz yetişdi. Ötən illər ərzində Akademiyada bir neçə beynəlxalq konfranslar da keçirdik.

-Hərbi Akademiyanın tədris proqramları barədə nələri söyləyə bilərsiniz?

-Bizim tədris proqramlarımızın başlıca xüsusiyyəti ondan ibarətdir ki, bir tərəfdən hərbi fəaliyyət üçün zəruri olan müasir biliklər, yeni elmi-nəzəri qənaətlər dinləyicilərə çatdırılır, digər tərəfdən də bu elmi-nəzəri biliklər praktika ilə sıx şəkildə əlaqələndirilir. Praktika ilə bağlılıq əslində, Hərbi Akademiyanın divarları arasında əldə edilən təcrübənin əsasını təşkil edir. Məhz nəzəriyyə ilə praktikanın düzgün əlaqələndirilməsi, müasir döyüş praktikasında özünü göstərən yeniliklərin ümumiləşdirilərək dinləyicilərə çatdırılması onların dərin bilikli zabitlər kimi yetişməsinə imkan yaratmaqdadır. Bu isə ordunun hissə və birləşmələrinin daha səmərəli şəkildə idarə edilməsində özünün müsbət cəhətlərini göstərməkdədir. Bu gün Azərbaycan Ordusunda tək birlik komandirləri deyil, onların müavinləri, hərbi hissə komandirləri, onların müavinləri və s. rəhbər heyətin demək olar ki, onların hamısı Akademiya təhsillidir. Fikrimcə, təhsil inkişaf etdikcə, savadlı zabitlərimiz olduqca, ordu da gözəl idarə olunacaq. Müdafiə nazirimizin də göstərişi var, artıq tabor komandirləri Akademiya təhsilli olmalıdırlar. Belə olduqdan sonra idarəetmə də rahatlaşacaq, döyüşlərin aparılması da, hazırlanması da. Məmnunluqla qeyd edilməlidir ki, 2016-ci ilin aprelində erməni hərbi qüvvələrinin təxribatlarına cavab verərək ciddi uğurların əldə edilməsində Silahlı Qüvvələrin Hərbi Akademiyasının məzunlarının da rolu az olmayıb.

Bayaq qeyd etdiyim kimi, 2014-cü ildən etibarən Hərbi Akademiyada magistr səviyyəsində qiyabi təhsil verilməsinə başlanıb. Magistr proqramının tətbiqinə başlanması Hərbi Akademiyada təhsilin keyfiyyətinin daha da təkmilləşdirilməsinə yol açıb.

Bundan başqa onu da qeyd edim ki, bizim çox gözəl elektron kitabxanamız var. Dünyada hərb elmi ilə bağlı olan kitab, jurnallar, başqa digər vəsaitlər bizim elektron kitabxanamızın bazasına daxil edilir. Akademiyada təhsil alanlar elektron kitabxanamızdan yüksək səviyyədə istifadə edə bilirlər.

– Bir az da Hərbi Akademiyanın beynəlxalq mərkəzlərlə əməkdaşlığı barədə danışaq.

-ABŞ-ın Dəniz Akademiyası, Türkiyənin Milli Müdafiə Universiteti, Rusiya, Belarus, Ukrayna, Baltikyanı dövlətlər, Bolqarıstan, Rumıniya, İsveç, Çexiya eləcə də NATO-ya üzv olan bir çox dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq edirik. Bu yaxınlarda ABŞ-dan nümayəndə heyəti Akademiyamıza gəlməlidir. Bizim təşkil etdiyimiz kurslarda Bolqarıstandan, Rumıniyadan, İsveçdən, Türkiyədən nümayəndələr iştirak ediblər. Pakistanla da dostluq əlaqələrimiz var. Pakistandan ildə ən azı 3-4 nümayəndə heyəti mütəmadi olaraq bizim Akademiyaya gəlir. Əməkdaşlığımız adını çəkdiyim dövlətlərlə məhdudlaşmır. Türkmənistan, Özbəkistan və Qazaxıstan və s. dövlətlərdən də Akademiyamızla maraqlanırlar. Lakin burada dil və dövlətlərarası diplomların tanınması kimi bəzi problemlər var. Düşünürəm ki, bu məsələlər həllini yaxın vaxtlarda tapacaq. Onu da qeyd edim ki, biz də müxtəlif ölkələrələ təlim kurslarında iştirak etmək üçün nümayəndələr göndəririk.

-Hərbi Akademiyada Müdafiə Nazirliyindən başqa, digər güc strukturları və dövlət qurumlarının da nümayəndələri təhsil alırlarmı?

-Hərbi Akademiyanın nəzdində Xarici dil və Tərəfdaşlıq Mərkəzi, Strateji Araşdırmalar və Dövlət Müdafiəsinin İdarəetmə Akademik Kursu, Hərbi Diplomatiya Kursu və Təkmilləşdirmə kursları da uğurla fəaliyyət göstərir. Qeyd etmək istəyirəm ki, Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursu (SADMİAK) da Hərbi Akademiya ilə bir ildə yaradılıb və bu gün biz bu kursun da yaradılmasının 20 illiyini qeyd edirik. İndiyə kimi SADMİA kursunun 400 nəfərdən artıq məzunu olub. Onların sırasında Azərbaycan Respublikasının müxtəlif nazirliklərinin və digər dövlət strukturlarının məsul vəzifələrində çalışan nümayəndələr var. Bu kurslarda Prezident Administrasiyası, Fövqəladə Hallar Nazirliyi, DİN Daxili Qoşunlar, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və digər qurumların əməkdaşları iştirak ediblər.

Müharibəni dövlət, döyüşü ordu aparır. Ona görə də, kurslarımızda dövlət qurumlarının səfərbər olunması və onların idarə edilməsi və s. bu kimi məsələlər tədris olunur. Yekunda da biliklərin praktik tətbiqini əks etdirən böyük bir hərb oyunu keçiririk.

Müdafiə nazirinin 19 oktyabr 2015-ci il tarixli əmri ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının nəzdində yaradılmış Xarici dil və Tərəfdaşlıq Mərkəzi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qanunla müəyyən olunmuş digər hərbi birləşmələrinin şəxsi heyəti, habelə digər dövlət müəssisələrində çalışan dövlət qulluqçularının xarici dil biliklərinin təşkili, təkmilləşdirilməsi və qiymətləndirilməsini həyata keçirir. Həmçinin Müdafiə Nazirliyinin balansında olan xüsusi təyinatlı təhsil müəssisələrinə xarici dil üzrə pedaqoji işçilərin işə qəbulunun və fəaliyyətinin qiymətləndirilməsini, eyni zamanda yerli, regional və beynəlxalq tədbirlərin keçirilməsini təmin edən təsisatdır. Bundan başqa Mərkəzdə NATO qərargahlarında xidmət edəcək və xarici kuslarda təhsil alacaq namizədlərin seçilməsini və dil bacarıqlarının qiymətləndirilməsi təşkil olunur.

Silahlı Qüvvələrin tələbatına uyğun hərbu qulluqçuların xarici dildə ünsiyyət bacarıq və vərdişlərin formalaşdırılması məqsədilə 2015-2018-ci tədris illərində Xarici dil və Tərəfdaşlıq Mərkəzində təməl, orta və təkmilləşdirmə səviyyəsi üzrə intensiv ingilis dili kursları, Amerikan və Mərkəzin müəllimləri tərəfindən keçirilən Amerikan ingilis dili kursları, erməni dilinin müxtəlif səviyyələrini əhatə edən intensiv kurslar, rus dili təməl səviyyəsi üzrə, eləcə də kiber təhlükəsizlik üzrə kurslar təşkil olunub. Ümumilikdə bu kurslarda 350-dən çox hərbi və dövlət qulluqçusu təhsil alıb. Azərbaycan Ordusunun şəxsi heyətindən başqa bu kurslarda Türkiyə Respublikasının hərbi qulluqçuları da təhsil alıb və hazırda da təhsil alırlar.

Yaxın perspektivdə Mərkəzin fəaliyyətində nəzərə alınmış tədbirlər planına əsasən fars və gürcü dili kursları, sülhməramlı taborların şəxsi heyəti üçün əməliyyatlara göndərilmədən öncə təməl ingilis dili kursları təşkil ediləcək.

Xarici dil və Tərəfdaşlıq Mərkəzi tərəfindən keçirilən ən önəmli vəzifələrdən biri də Silahlı Qüvvələrin şəxsi heyətinin xarici dil bacarıqlarının qiymətləndirilməsi və sertifikatlaşdırılmasıdır. Mərkəzin qısa müddətli fəaliyyəti ərzində Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün dəfələrlə STANAG imtahanları keçirilib, imtahanlarda ümumilikdə yüzdən artıq hərbi qulluqçudan 50 nəfəri dörd bacarıq üzrə nailiyyət qazanaraq müvafiq sertifikatlarla təltif olunublar. Baxmayaraq ki, Ukraynanın, Gürcüstanın NATO ilə əlaqələri pis deyil keçmiş sovet respublikaları içərisində xarici dil kurslarında iştirakla bağlı STANAG səviyyəli diplomları yalnız biz veririk.

Yarandığı dövrdən etibarən mərkəzimiz bir çox ölkələrin xarici dil mərkəzləri və məktəbləri ilə ikitərəfli əməkdaşlıq çərçivəsində geniş fəaliyyət göstərir. Belə ki, hər il Gürcüstan, Litva, Latviya, Bolqarıstan, Sloveniya kimi ölkələrin dil mərkəzləri və test komissiyalarını təmsil edən nümayəndə heyətləri, eyni zamanda Beynəlxalq Dil Koordinasiya Bürosunun rəhbər şəxslərinin Xarici dil və Tərəfdaşlıq Mərkəzinə işçi səfərləri təşkil olunur.

-Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası həm də NATO-nun Sülh Naminə Elm Proqramında iştirak edir. Bu təşkilatla əməkdaşlıqdan Akademiya nə qazanıb?

-Hərbi Akademiyamız NATO-nun Sülh Naminə Elm Proqramının fəal iştirakçılarındandır. Elm sahəsində NATO ilə sıx əməkdaşlığımız var. Biz NATO ölkələrinin təcrübələrindən də maksimum şəkildə yararlanmağa çalışırıq.

-Cənab general-leytenant, qeyd etdiniz ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasında 2014-cü ildən etibarən Adyunktura yaradılıb. Adyunkturanın fəaliyyəti barədə bir qədər geniş məlumat verə bilərsinizmi?

-Azərbaycan Ordusunda hərbi təhsil sisteminin daha da təkmilləşdirilməsi, yüksək ixtisaslı hərbi elmi və elmi-pedaqoji kadrların hazırlanması üçün Müdafiə nazirinin müvafiq əmri ilə 2014-cü ildə Akademiyanın nəzdində Adyunktura fəaliyyətə başlayıb. Adyunkturada həm fəlsəfə doktoru, həm də elmlər doktoru proqramı üzrə hazırlıq aparılır.

Nazirlər Kabinetinin 25 iyun 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların siyahısı”na əlavə edilib. Nazirlər Kabinetinin 9 iyul 2014-cü il tarixli Qərarı ilə “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatı”na “73 – Milli təhlükəsizlik və hərbi elmlər” elm sahəsi daxil edilib və bu elm sahəsinin 4 elmi ixtisası müəyyənləşdirilib. Bu ixtisaslara “7301.01-Hərbi nəzəri elmlər”, “7302.01-Hərbi xüsusi elmlər”, “7303.01-Hərbi təbabət” və “7304.01-Milli təhlükəsizlik” aiddir. Fəlsəfə doktoru proqramı üzrə adyunkturada əyani təhsil müddəti 3 il, qiyabi və dissertantlıq yolu ilə 4 il, elmlər doktoru proqramı üzrə isə əyani təhsil müddəti 4 il, qiyabi və dissertantlıq yolu ilə 5 ildir.

Adyunkturada təkcə Müdafiə Nazirliyinin deyil, Prezident Administrasiyasının, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Ədliyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin və respublikanın digər dövlət orqanlarının nümayəndələri təhsil alırlar.

Hərbi Akademiyada aparılan elmi tədqiqatların nəticələrinin müdafiəsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının 26 dekabr 2017-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası nəzdində FD.05.001 Dissertasiya Şurası yaradılıb. Azərbaycan hərb tarixi üçün yeni bir hadisə olan bu Şuranın əhəmiyyətli fəaliyyəti nəticəsində hərb elmləri üzrə ilk milli hərbi araşdırmaların müdafiəsini təşkil etmək mümkün olub. 2018-ci il ərzində Hərbi Akademiyanın Adyunkturasında təhsil alan 3 zabit fəlsəfə doktoru və 1 zabit elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işlərini uğurla müdafiə ediblər. Adyunkturanın 3 adyunktu dissertasiya işini uğurla başa çatdırıb və onların müdafiəsinə icazə verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim olunub.

Biz Adyunkturanı yaradanda düşünürdük ki, zabitlər buna maraq göstərəcəklər ya yox. Doğurdan da birinci il çox çətin oldu. Bizə Nazirlər Kabinetinin qərarı ilə 14 fəlsəfə doktoru üçün, 4 elmlər doktoru üçün yer ayırılmışdı. Birinci il onları yığa bilmədik. Amma indi həmin yerlər üçün böyük müsabiqə yaranıb. Ötən il 70-dən artıq nümayəndə arasında müsabiqə keçirdik. Bu il çox güman ki daha çox olacaq. Sevindirici faktlardan biri də odur ki, artıq bizim gənclər hərb elminə meyil edirlər. Birinci qəbulda gələnlərin hamısının yaşı 40-dan yuxarı idi. Ötən il gələnlər 25, 26, 28 yaşında olan gənclərdir. Bunların təbii ki, gələcəyi, inkişafı, böyük perspektivləri var.

-Təhsil və elm sahəsi dinamik yanaşmalar tələb edir. Zaman-zaman yenilənmə zərurəti yaranır. Bu kontekstdə, Akademiyanın yaxın perspektiv üçün planları maraqlı olardı.

-Doğrudur. Zaman və ehtiyaclar yeniliklərin tətbiqini zərurətə çevirir. Misal üçün təcrübəmizdən çıxış edərək, xarici dil mərkəzini yaratmağımızı deyə bilərəm. Biz bu kursa tək ingilis dili ilə başladıq. Çünki o vaxt ehtiyac o dilə idi. İndi tələblər artıb və biz onu genişləndiririk. Təbii ki, dünyada gedən proseslər, baş verən hadisələr, meydana çıxan yeni texnologiyalar fonunda bizdə də dəyişiklər gedir. Misal üçün ingilis dilindən sonra Akademiyada erməni dilinin tədrisi başlanıldı. Ondan sonra rus, fars, indi gürcü dilinin tədrisinə başlamğı planlaşdırırıq.

Akademiyada bundan başqa “Diplomatiya” kursu yaradılıb. Biz istəyirik ki, bu gün Azərbaycanı, Azərbaycan Ordusunu digər dövlətlərdə təmsil edən insanlar daha hazırlıqlı, bilgili olsunlar.

Elm sahələri də getdikcə genişlənir. Müxtəlif istiqamətlər götürülür. Bu il Hərbi təbabət sahəsini əlavə etdik. Hansı ki əvvəl yox idi. Gələcəkdə bura tələblərdən asılı olaraq yeni sahələr əlavə oluna bilər.

-Cənab general-leytenant, Akademiya tərəfindən Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyatların, eləcə də dünyada baş verən müharibələrin öyrənilməsi, onların təhlili istiqamətində hansı addımlar atılır?

-Silahlı Qüvvələrin Hərbi Akademiyasında bu qeyd olunan mövzularda daim araşdırmalar aparılır, təhlillər hazırlanır. Eləcə də özümüzün hərbi əməliyyatlarımızın hamısı təhlil və tədris olunur. Yaxın və uzaq coğrafiyalarda baş verən 70-dən artıq müharibələrin təhlillərini aparmışıq.Hesab edirəm ki, bizim bu təhlillərin çox böyük faydası var. Ən azından dinləyicilərimizin gələcəkdə bu müharibələrdə yaşanan səhvləri təkrarlamaması, onların daha yaxşı şəkildə idarə olunması üçün lazımdır. Hazırlanan təhlillər həm də dinləyicilərin özlərinin iştirakı ilə müzakirə olunur, bəzən yeni fikirlər hesabına daha da zənginləşdirilir.

– Cənab general-leytenant, Hərbi Akademiyanın AMEA, Azərbaycan Texniki Univeristeti, keçmiş Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnsititutu, eləcə də AMEA Yüksək Texnologiyalar Parkı və digər institutlarla əməkdaşlığı var. Dünyanın hər bir yerində milli hərbi sənayenin inkişafında hərbi elmi mərkəzlər mühüm rola malikdir. Göründüyü qədər Silahlı Qüvvələrin Hərbi Akademiyası da belə layihələrdə yer almağa başlayıb. Elmin sənayeyə çevrilməsi istiqamətində fəaliyyətləriniz barədə məlumat verməyinizi xahiş edirik.

-Elmi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması və bu istiqamətdə inteqrasiyanın daha da gücləndirilməsi üçün respublikanın elm və təhsil müəssisələri ilə sıx əlaqələrimiz mövcuddur. Bunun nəticəsi kimi, 2016-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Azərbaycn Milli Elmlər Akademiyası (AMEA) arasında elmi-texniki və təhsil sahələrində birgə əməkdaşlığa dair memorandum imzalanıb. Bundan başqa respublikanın müxtəlif elmi və ali təhsil müəssisəsi ilə elmi-texniki əməkdaşlıq sahəsində memorandumlar imzalamışıq. Bu müəssisələr arasında ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiylar Nazirliyinin Elmi-tədqiqat laboratoriyası, keçmiş Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu, AMEA-nın Tarix İnstitutu, Milli Tarix Muzeyi və digərləri var. Akademiyanın professor-müəllim heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu, AMEA və NATO-nun elan etdiyi qrant müsabiqələrində iştirak edib və 5 qrant layihəsi üzrə qalib olublar. AMEA-nın alimləri ilə bizim alimlərin birgə fəaliyyəti nəticəsidə bir sıra işlər görülüb. Onu da xüsusilə vurğulamaq istəyirəm ki, Hərbi Akademiyanın alimlərinin işləri hansısa kağız üzərində qalmayıb. Hazırlanmış məhsullar Ordumuzda və Sərhəd Qoşunlarında istifadə mərhələsindədir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə AMEA arasında elmi-texniki sahələrdə birgə əməkdaşlığın nəticəsi olaraq hərbi təyinatlı müxətlif məmulatlar işlənib hazırlanıb və uğurla sınaqdan keçirilib. Bunlardan Hərbi Akademiya ilə AMEA Yüksək Texnologiyalar Parkının mütəxəssislərinin birgə işləyib hazırldıqları “İldırım RP-10” radiopartladıcısının ötən ilin sonlarında Təlim Mərkəzlərindən birində sınaqları keçirilib. Daha sonra həm adını qeyd etdiyim bu radiopartladıcı, həm də Hərbi Akademiyanın və AMEA Yüksək Texnologiyalar Parkının mütəxəssislərinin birgə işləyib hazırladıqları “Sipər” sərhəd mühafizə sisteminin sınaqları olub.

“İldırım RP-10” radiopartladıcısı özünün imkanlarına görə, unikal bir sistemdir. Təhlükəsizlik tələblərinə tam cavab verən bu sistem xüsusi təyinatlılar, mühəndis-istehkam qoşunları daxil olmaqla, ordunun müxtəlif strukturlarında istifadə oluna bilər.

Bundan başqa, Hərbi Akademiya və AMEA-nın Yüksək Texnologiyalar Parkının birgə əməkdaşlığı çərçivəsində yaradılmış müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının ilkin sınaqları uğurla keçirilib.

“Sipər” sistemində gözəl nəticə əldə olundu və onun tətbiqinə başlanılıb. Qeyd etdiyim kimi, işlərimiz bununla yekunlaşmır. Çoxlu sayda və fərqli təyinatlı – zərbə və kəşfiyyat PUA-ların hazırlanması istiqamətində işlərimiz var.

Qeyd edim ki, Akademiya hərbi sənaye sahəsində də elmi araşdırmaları davam etdirir. Üstün cəhətimiz odur ki, biz nəzəriyyəni praktikada tətbiq edirik. Birgə yaratdığımız məhsulların taktiki-texniki xüsusiyyətləti xarici ölkələrdə istehsal edilənlərdən dəfələrlə yaxşıdır.

İnanıram ki, gələcəkdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Azərbaycanın müdafiə sənayesinin inkişafında da böyük rolu olacaq.

Qeyd etdiyim kimi, tək AMEA ilə deyil, Azəbaycan Texniki Universiteti, keçmiş MSN-in Elmi Tədqiqat İnstitutu, Milli Aviasiya Akademiyası və FHN-in Akademiyası ilə də əməkdaşlıq edirik. Mütəxəssislərimiz Müdafiə Nazirliyinin tabeliyində olan zavodların, habelə Texniki Universitet və Milli Aviasiya Akademiyasının laboratoryalarından istifadə edirlər. Əməkdaşlıq etdiyimiz elm və təhsil müəssisələri bizə bu şəraiti yaradır, köməklik göstərirlər.

-Cənab general-leytenant, hərb elminin gələcək inkişaf istiqamətlərini necə görürsünüz? Necə düşünürsünüz, qarşıdakı illərdə əsas diqqət hansı istqamətlərə yönələcək?

-Bu gün bizim iki istiqamətdə fəaliyyət göstəririk: hərbi praktika və hərbi nəzəriyyə. Praktika nəzəriyyəsiz, nəzəriyyə də praktikasız tamamlanmır. Biz bunları paralel aparmağa çalışırıq. İlk gündən də məqsədimiz bu olub. Hərbdə sahələr çoxdur. Artilleriyası var, hava hücumundan müdafiəsi var, mühəndis istehkam var, rabitə, aviasiya və s. var. Digər ən böyük istiqamət texniki tərəfdir. Biz bunu daha çox inkişaf etdirmək istəyirik. Bu gün sirr deyil ki, müasir silah və texnikanın əksəriyyətini xaricdən alırıq. Cənab prezidentin qarşımıza qoyduğu məsələlərdən biri də xaricdən asılığı aradan qaldırmaqdır. Özü də elmi əsaslarla yaradılan məhsullar hesabına. Xaricdən aldığımızdan da dəfələrlə yaxşı olar. Az öncə qeyd etdiyim kimi bir mühüm üstünlüyümüz də odur ki praktikamız var. Biz hər şeyi görürük, yaşayırıq. Hansı şəraitdə döyüş aparmaq üçün nə lazımdır, istehsal edilən silah hansı tələblərə cavab verməlidir kimi suallara praktik olaraq cavab verə bilirik.

-Cənab general, sonda əlavə etmək istədiyiniz fikirləriniz varmı?

-Silahlı Qüvvələrin Hərbi Akademiyası barəsində çox şey danışmaq olar. Tapşırığımızı, nə işlə məşğul olacağımızı bilirik. İstiqamətlərimiz müəyyəndir. Davam edən işlərimiz var. Elmi Tədqiqat laboratoriyalarının qurulması və inkişaf etdirilməsi bu sahədə qarşımızda duran vacib məsələlərdəndir. Hərbi Akademiya tək Müdafiə Nazirliyinin deyil, bütün silahlı qüvvələrin akademiyasıdır. Burada digər təşkilatların, nazirliklərin əməkdaşlarının təhsil aldığını nəzərə alsaq, Hərbi Akademiyanın təhsil və elmimizdə yerini aydın görərik. Hesab edirəm ki, növbəti illərdə cənab Ali Baş Komandanın və Müdafiə nazirimizin diqqət və qayğısı sayəsində Akademiyanın imkanları daha da genişlənəcək, alimlərimiz hərb elminin inkişafına daha böyük töhfələr verəcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.