BDU-nun gənc dekanı universitetdəki dəyişikliklərdən danışdı - MÜSAHİBƏ
18-03-2019, 12:49
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunun Bakupost.az-a müsahibəsi
- Vüqar müəllim, zəhmət olmasa, təhsiliniz haqda məlumat verərdiniz.
- Bakı şəhərində doğulmuşam. Orta təhsilimi 190 nömrəli məktəbdə başa vurub, 1995-ci il də BDU-nun Beynəlxalq jurnalistika ixtisasına qəbul oldum. 1999-cu ildə bu ixtisasın magistratura pilləsinə daxil oldum. 2001-ci ildən BDU-da fəaliyyət göstərirəm, unuversitetin əməkdaşıyam.
- Necə oldu ki, dekan vəzifəsini sizə təklif etdilər?
- Vallah, mən nə deyim (gülür), yəqin, ictimai fəaliyyətim, məqalələrim, müəyyən yazılarım görüldü, qiymətləndirildi və təklif edildi.
- İki illik dekan fəaliyyətinizdə fakültədə hansı dəyişikliklər və ya yeniliklər etmisiniz?
- Maksimum dərəcədə çalışmışam ki, treninqlər və praktik məşğələlər daha çox olsun. Niyə? Çünki jurnalistika nəzəriyyə ilə praktikanın vəhdətini sevən bir ixtisasdır. Yalnız auditoriyaya girib, mühazirələr söyləməklə kifayətlənmək olmaz. Jurnalistika təcrübəni, praktikanı sevir və biz də jurnalistika fakultəsi olaraq, təkcə nəzəri yox, eyni zamanda praktik vərdişlərlə tələbəmizi gələcək peşə fəaliyyətinə hazırlamalıyıq. Bu, bizim borcumuzdur. Ona görə də son iki il ərzində bir çox seminarlar, treniqlər keçirildi. İstər "jurnalistlər klubu”nun yaradılması, istər "tələbədən tələbəyə” layihəsinin daha da aktiv mərhələyə keçməsi, "beynəlxalq jurnalistika məktəbi”nin təşkil olunması və s. təşkilatların yaradılmasının məqsədi tələbələrimizin təkcə peşəkar jurnalist kimi yetişdirmək deyil, eyni zamanda onarın dünya görüşünün artırılmasıdır.
2017-ci ilin sentyabrından bugünə kimi müxtəlif sahələrdə çalışan mütəxəssislərlə, ictimai-siyasi xadimlərlə, millət vəkillərimizlə, peşəkar jurnalistlərlə təxminən 150-yə yaxın görüş keçirilib. Məqsəd - tələbələrimiz özlərinə maraqlı olan suallara cavab tapa bilsinlər. Bundan başqa, bizim tədris teleradio studiyasında son iki il ərzində üç dildə - Azərbaycan, rus və inglis dilində BDU həftəlik xəbərlər proqramı yayımlanır. Bir faktı da qeyd edim ki, son iki il buraxılışlarımızda böyük faiz göstəricisi ilə bizim məzunlarımız peşə fəaliyyəti ilə məşğuldular.
- Ümumiyyətlə, tədris planında əsasən, dördüncü kursun son semestri praktika keçirilir. Sizcə, bu, jurnalistika ixtisası üçün az müddət deyilmi?
- Bizim ixtisasda heç vaxt dördüncu kursun son semestri gözlənilməyib. Biz çalışmışıq ki, istedadlı tələbələrimizi müxtəlif saytlara yönləndirək, onların orada məqalələri yayımlansın, ən azı xəbər hazırlamaq prosesində aktiv iştirak etsinlər. Televiziyaya marağı olan tələbələrimiz varsa, TV kanalları ilə çox gözəl əlaqələrimiz var, onlardan yararlansınlar. Biz əgər dördüncü kursun son semestrini gözləsək, gələcək fəaliyyətimizdə o qədər də effekt verməz. Jurnalistika birinci kursdan praktikanı sevir. Gözlə ki, son semestr gəlsin, o zaman sən illərini itirəcəksən. Mən özüm də elə olmuşam. İkinci kursdan jurnalist işləmişəm. Artıq üçüncü kursdan parlament müxbiri kimi fəaliyyət göstərirdim.
- Müəllimlərə bağlı tələbələrin şikayətləri olurmu və olursa, əsasən nədən şikayət edirlər?
- Tələbə müəllim münasibətləri elədi ki, ümumiyyətlə, müəllimin də tələbədən şikayəti olur, tələbənin də müəllimdən şikayəti olur, mən bunu gizlətməyəcəm. Təbii ki, mənim praktikamda da belə şeylər olub. Amma jurnalistika fakültəsinin ümumi bir fərqliliyi var. Bu fərqlilik isə müəllim tələbə münasibətinin son dərəcə səmimi, ailə atmosferində qurulmasıdır. Müəllimlərimiz tələbələrimizə təkcə tələbə gözündə deyil, gələcəyin həmkarı gözündə baxırlar. Burada "mən müəlliməm, mən hər şeyi bilirəm” deyə anlayış ola bilməz. Jurnalist hər gün öz üzərində işləməlidir. Ümumiyyətlə, medianın nə qədər dəyişdiyinin şahidi oluruq, buna görə də hamımız bu yeniliklərə hazır olmalıyıq.
- Sizcə, tələbələr üçün cavan kadrlar daha əhəmiyyətlidir, yoxsa yaşlı nəslin nümayəndələri?
- Hər ikisi. Mən onu qeyd edim ki, jurnalistikada nəsillərin vəhdətinin olması çox vacibdir. Gənc nəsil nə qədər yeni, dinamik, müasir tendensiyaları tələbələrə öyrədirsə, yaşlı nəsil də bir o qədər mənəvi dəyərlər, irsimiz, milli jurnalistikamızdan gələn o ab-havanı özündə ehtiva edir, onları tələbələrə çatdırır.
- Rəhbəri olduğunuz fakültədə daha hansı dəyişikliklər etməyi düşünürsünüz?
- İnşallah, bizdə tədris planında dəyişikliklər ediləcək. Çünki indiki tədris planı 2014-cü ildə qəbul olunmuş tədris planıdır və yəqin ki, bu il həm bakalavr, həm də magistraturada dəyişikliklər etməyi planlayırıq. Müəyyən fənlər var ki, onları başqa yeni fənlər əvəz edəcək, müasir jurnalistikanın çağırışlarına cavab verən yeni metodlar düşünürük. Əlavə olaraq yeni-yeni layihələr hazırlanır. Bunlardan biri də "Kitab Qurdu’’ klupu təşkil olundu. Hər ay bir kitabı müzakirə edəcəyik, mən özüm də bu layihəyə qatılacam. Tələbələrlə birlikdə istənilən bədii və ya ictimai-siyasi məzmunlu kitablar seçilir və nümayiş olunur. Hətta müəllif özü azərbaycanlı olsa, dəvət etməyi düşünürük. Növbəti görüşümüz isə aprel ayında baş tutacaq.
- Vüqar müəllim, ümumiyyətlə, Azərbaycanda jurnalistikanın fəaliyyəti sizi qane edirmi?
- Təbii ki, qane edir. Həm informasiya portallarında, həm televiziyamızda müəyyən inkişaf prosesləri özünü göstərir. Jurnalistikada bir məqam var. Jurnalistika həmişə üzdədi deyə, o, müsbət və mənfi cəhətləri ilə daha çox nəzərə çarpır. Təbii ki, çatışmazlıqlar var. Amma ümumi götürdükdə bu gün Azərbaycan jurnalistikası inkişafdadı. Dövlət tərəfindən də jurnalistikaya böyük diqqət və qayğı var.
- Bir çox hallarda media rəhbərləri universitetlərin jurnalistika fakültəsindən şikayət edirlər ki, işə götürməyə peşəkar jurnalist tapa bilmirlər. Bu tənqidlərlə razısınız?
- Bəli, edirdilər, keçmiş zamanlarda. Amma indi nəinki şikayət edirlər, əksinə tez-tez bizdən uşaq götürürlər və bugün peşəkar jurnalistika ilə məşğul olanların əksəriyyəti bizim məzunlardır. Ümumiyyətlə, biz o tendensiyanı dağıtmışıq, təbii ki, yaxşı mənada.
- Bu irəliləyiş təkcə BDU-ya aiddi, yoxsa başqa universitetlərə də?
- Xüsusilə Bakı Dövlət Universitetinə aiddir. Amma digərlərinin də haqqını yemək olmaz. Həm Xarici Dillər Universitetində həm də, Slavyan Universitetində kifayət qədər istedadlı jurnalistika tələbələri var. Mənim şəxsən tanıdığım, əlaqədə olduğum çox tələbə var.
- Vüqar müəllim, sizcə, jurnalistin əsas fəaliyyət prinsipləri nələr olmalıdır? Və bu meyarları Azərbaycanda jurnalistlərin neçə faizi fəaliyyətində ehtiva edir?
- Jurnalist peşəkar fəaliyyətdə sosial məsuliyyət hissini unutmamalıdır. İstər Azərbaycan jurnalistləri, istərsə də xarici ölkə jurnalistləri bu prinsipə əməl etməlidir. Peşə etikasına riayət olunmalıdır. Funksional olaraq isə xəbər və maarifləndirmə funksiyası daha çox olmalıdır. Düzdü, bizdə əyləndirmə funksiyası da var, amma mən ən çox jurnalistikanın iki vacib funksiyasını öndə tuturam. Azərbaycan jurnalistləri üçün daha vacibdi, çünki bu gün ölkəmizə qarşı informasiya müharibəsi aparılır. Jurnalistlərimiz isə informasiya müharibəsinin əsgərləridir. Onlar ölkəmizlə bağlı müsbət irəliləyişləri, həqiqətləri dünyaya çatdırmalıdırlar. Bu, bizim həm jurnalist, həm də vətandaş olaraq borcumuzdur. Azərbaycan jurnalistikası XIX əsrdə məhz maariflənmə, aydınlanma üzərində köklənmiş jurnalistika olub. Yadımıza salaq, Həsən bəy Zərdabini, Cəlil Məmmədquluzadəni, Əli bəy Hüseynzadəni, bu dahi şəxslər böyük məktəb yaradıb gediblər. Həmin ziyalılarımız mövhumata qarşı, cahilliyə qarşı xalqın gözünü açmağa çalışıblar. Biz də çalışmalıyıq ki, bu funksiyanı unutmayaq. Azərbaycanın ali jurnalistləri keçmişimizi, qayələrimizi, kökümüzü ideyalarımızı unutmamalıdır. Hansı ki, bu ideyalar üzərində Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Məhz bu səbəbdən biz maarifləndirməni unutmamalıyıq.