“Bir vaxt Rövşən Məmmədovun rəhbəri olmuşam, indi o...” - Faiq Hüsiyevlə MÜSAHİBƏ

18-03-2019, 15:35           
“Bir vaxt Rövşən Məmmədovun rəhbəri olmuşam, indi o...” - Faiq Hüsiyevlə MÜSAHİBƏ
Azərbaycanın əməkdar jurnalisti Faiq Hüsiyev AzTV-nin İnformasiya Proqramları studiyasının baş direktoru vəzifəsindən azad edilib və Teleradio Akademiyasına rektor təyin olunub. Bu təyinat bəzi saytlarda “İnformasiya Proqramları Studiyasının baş direktoru vəzifəsindən qalmaqallı şəkildə uzaqlaşdırıldı” kimi təqdim olunub. F.Hüsiyev bu və digər məsələlərlə bağlı ONA-nın suallarını cavablandırıb.

- Faiq müəllim, baş direktor vəzifəsindən getməyiniz və Teleradio Akademiyasına rektor təyinatınızla bağlı nə deyə bilərsiniz?

- Onsuz da mən rektorun səlahiyyətlərini icra edirdim...

- Amma siz İnformasiya Proqramları studiyasında baş direktor idiniz...

- Teleakademiyanın fəaliyyətini tam şəkildə reallaşdırmaq, bütün istiqamətlər üzrə gücləndirmək lazım olduğundan, mənə burada ehtiyac duyuldu və mən təklifi dəyərləndirib, öz istəyimlə bura gəlmişəm. Bəzi saytlar bunu təhrif olunmuş formada təqdim edirlər. Guya hansısa qalmaqal olub və sair. Mənim Rövşən Məmmədovla (AzTV-nin sədr əvəzi Rövşən Məmmədov nəzərdə tutulur - red.) həmişə yaxşı münasibətim olub. Biz növbəli şəkildə “Həftə” proqramını aparmışıq. Bir vaxt mən onun rəhbəri olmuşam, indi o, mənim rəhbərimdir. Bu, televiziya mühiti üçün normal bir haldır. İşgüzar münasibətlərimiz hər zaman səmimi olub. Kimlərinsə belə məqamları tərsinə incələməsini başa düşmürəm. Dezinformasiya xarakterli məlumatlar saytların informasiya mənbəyi kimi güvənini azaldır, bəzən də ara vurmaq xarakteri daşıyır.

- Teleakademiyanın fəaliyyəti nədən ibarət olacaq?

- Teleakademiya 2010-cu ildə yaradılsa da, indiyədək sırf televiziya kursları səviyyəsində fəaliyyət göstərib. Əslində mənim də, Rövşən Məmmədovun da arzusu Teleradio Akademiyasının gələcəkdə ixtisaslaşdırılmış ali təhsil məktəbinə çevrilməsidir. Çünki televiziya fəaliyyəti ilə yanaşı, hər ikimizin elmi işlərimiz də məhz jurnalistika ilə bağlıdır. Təbii ki, Teleradio Akademiyasının gələcəkdə ali təhsil ocağı olması, sadəcə, bizim istəyimizdən asılı deyil. Buna ali siyasi qərar olmalıdır. Etiraf etmək lazımdır ki, jurnalistika fakültələrinin məzunları müasir televiziya kadrları səviyyəsində hazırlanmırlar. Bilirəm ki, bunun bir çox səbəbləri var, amma ixtisaslaşdırılmış akademiyada təhsil, dinamik fəaliyyətdə olan baza müəssisəsinin mövcudluğu bizim akademiyaya böyük üstünlüklər verir. Bu gün pedaqoji təhsil müəssisələri də jurnalist hazırlayır. Bu nə dərəcədə düzgündür? Hazırda ölkəmizdə bir çox sahələr üzrə ixtisaslaşdırılmış akademiyalar var. Nəyə görə Teleradionun öz akademiyası olmasın? Əslində buna çox böyük ehtiyac var.

- Hər halda, hələ ki, ali məktəb deyilsiniz. İndiki mərhələdə ilkin addımlarınız nədən ibarət olacaq?

- Mən sizinlə, sadəcə, öz arzumu bölüşdüm. Əslində ilkin addımlarımızı çoxdan atmışıq. Bu, öz əməkdaşlarımıza müxtəlif kursların keçirilməsindən ibarət olub. İxtisasartırma xarakterli kurslar təşkil edilib. Sonuncu dəfə, təqribən bir ay öncə Rusiyadan tanınmış televiziya jurnalistləri Oleq Şommer və Mariya Qladkix akademiyamızın qonağı olmuşdu. Çox maraqlı məşğələlər təşkil etmişdik.

- Yəni akademiyanızda potensial var?

- Düşünürəm ki, Teleradio Akademiyası müasir dövrün tələblərinə cavab verə bilən, yeni təfəkkürlü, ideoloji baxımdan mütərəqqi peşəkarlar hazırlamaq gücünə malikdir. Tədris prosesinə cəlb etdiyimiz yerli mütəxəssislər böyük təcrübəyə malik, Azərbaycan televiziyasında öz imzaları ilə tanınan jurnalistlər, rejissorlar və operatorlardır. Dəvət olunan müəllimləri də bizim tələblərə cavab verən peşəkarların sırasından seçirik. Qeyd etdiyim kimi, indiyədək keçirdiyimiz ustad dərslərinə Rusiya və Ukraynadan mütəxəssislər dəvət etmişdik. Belə təcrübə peşə hazırlığı yanaşmasında effektivdir. Hazırda Türkiyədən də müəllimlərin dəvət olunması ilə bağlı danışığımız var.

- Bəs nə üçün dinləyiciləri müsabiqə yolu ilə dəvət edirsiniz? Olmaz ki, kimin istəyi varsa, gəlib oxusun?

- Düşünürəm ki, müsabiqə yolu ən optimal variantdır. Kobud səslənsə də, hər yoldan keçəni bu sahəyə buraxmaq olmaz. Bu, həm də peşə indeksinin dəyərini artırır. Əslində müsabiqə yolu ilə, heç bir ödəniş olmadan kənardan dinləyicilərin qəbul edilməsi jurnalistikaya, televiziyanın digər sahələrinə marağı olan gənclər üçün nadir bir fürsətdir. Biz hazırlayacağımız dinləyicilərə AzTV-nin yeni kadr bazası kimi baxırıq və onların ən bacarıqlılarını işlə təmin edəcəyik. Razılaşın ki, belə yanaşmanın özü artıq bizim məramımızın nə qədər düzgün olduğunu göstərir.

- Qəbul şərtləri necədir?

- Elanda əhatəli məlumat var. İnternet səhifəmizdə, sosial şəbəkələrdə bu elanlar artıq yerləşdirilib. Elan telekanallarımızda da yayımlanacaq. Yetər ki, müraciət edənlər müsabiqə mərhələsini keçə bilsinlər. Təbii ki, şərtlərimiz də asan deyil, çünki biz yeni, mütərəqqi televiziyaçı tipi deyəndə, həmin adamın hərtərəfli bilik səviyyəsinə və peşəyə yiyələnmək potensialına, həmçinin dünyagörüşünə də baxacağıq. İnanın ki, hətta indinin özündə belə ədəbi dil normalarını bilməyən, ekvatorla Ekvadoru dəyişik salanlar, Luvr kəlməsinin qız adı olduğunu zənn edənlər, Süveyş kanalının Fars körfəzində olduğunu yazanlar istehsalat prosesində çalışırlar. Nə etməli... Odur ki, savadlı dinləyicilər arasından seçim etmək bizim üçün prioritet olacaq. Əgər biz akademik kurslardan danışırıqsa, bu, ən azından öz adına uyğun olmalıdır. Doğrudan da hər şeyi peşəkar kadrlar həll edirsə, deməli, onları layiqlilərin sırasından seçib hazırlamaq lazımdır.

- Bəlkə belə biliklərin çoxu heç onlara lazım olmayacaq? Çox vaxt görürsünüz ki, illərlə öyrəndikləri heç vaxt lazım olmur...

- Mənə görə, müasir televiziya savada əsaslanan bilik və bacarıqların dinamik tərzdə reallaşmasıdır. Televiziya sahəsində qazanılan biliyin tətbiqi yoxdursa, onun nə mənası var? Əgər jurnalistin hazırladığı materiallarda onun intellekti öz əksini tapmırsa, bu, ən azından onun qabiliyyətsizliyidir. Və yaxud savadsız rejissor nəyə quruluş verə bilər? Videokameranın texniki parametrlərini bilməyən operator hansı keyfiyyətdə çəkiliş edə bilər? Televiziyalarda bazar mühiti təəssüf ki, peşə indeksini aşağı salıb. Əslində əksinə olmalı idi - rəqabət daha intellektual yanaşmanı ortaya qoymalı idi. Bizdə isə bayağılıq üstün gəlib. Təbii ki, bu, geniş müzakirə mövzusudur. Hamı deyir ki, bu pisdir, amma mövcud vəziyyəti yaxşılaşdırmağa doğru addım atmaq istəmirlər.

- Telekanalları reytinqlər daha çox maraqlandırır...

- Orası elədir. Amma digər məqamlar da var. Əslində bu gün televiziya cəmiyyətin ideoloji əsaslarını formalaşdırır. Həm də müasir cəmiyyətlərin idarə olunmasında televiziya əsas mexanizmlərdən birinə çevrilib. Hakimiyyətlə cəmiyyət arasında siyasi kommunikasiya məhz televiziya vasitəsilə reallaşdırılır. Odur ki, yeni ideoloji dəyərlər konsepsiyası işlənilməlidir. Yeniləşən Azərbaycana yenilənmiş ideologiya da lazımdır. Biz köhnə ideoloji mexanizmləri əldə rəhbər tutub irəli gedə bilmərik. 10-15 il bundan əvvəl aktual olan mexanizmlər artıq köhnəlib. Dəyişkənlik dövrün əsas tələbidir. Televiziya sahəsində bu məqam olduqca aktualdır. Rəqəmsal informasiya dövründə yaşayırıq. İnternet, sosial şəbəkələr televiziyanın əsaslı rəqibinə çevrilir. Biz milli televiziya məhsulları hazırlaya bilərik. Niyə televiziya sahəsində bizim öz brendlərimiz olmasın? Müasir dövrün sürət tempinə uyğunlaşa bilməyənlər çox geridə qalır. Amma bu uyğunlaşma da yüksək formada olmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.