Deputat açıqladı: - Növbəti islahat bu sahədə olacaq
18-03-2019, 15:39
Ölkə prezidenti 2018-ci il aprel seçkilərindən sonra Azərbaycan cəmiyyətini daha yüksək inkişaf səviyyəsinə qaldırmaq üçün çox ciddi, inqilabi xarakter daşıyan islahatları genişləndirməyə başlayıb.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. O bildirib ki, artıq bunun haqqında cəmiyyətdə kifayət qədər məlumat var:
“Son əfv sərəncamı inqilabi xarakter daşıyan hadisə kimi dəyərləndirilməlidir. Bu, ilk növbədə, ölkə Prezidentinin uzun illərdən bəri humanizmə söykənən xarakterindən doğan ənənəsinin yeni bir mərhələsi idi. Bundan sonra da bu proses davam edəcək”.
F.Ağamalı vurğulayıb ki, yaxın gələcəkdə növbəti ciddi addımlar atılacaq:
“Cəmiyyətimizdə problemlərin daha koordinasiyalı şəkildə həll olunması üçün ölkə Prezidentinin iradəsi ortadadır. Bu baxımdan məhkəmə-hüquq sistemində də islahatların aparılması gözlənilir. Bunun anonsunu cənab Prezident mədəniyyət və incəsənət xadimləri ilə görüşündə də verib. Bu gün məhkəmə-hüquq sistemində problemlərin olması gerçəyi heç kimə sirr deyil. Orada təəssüflər olsun ki, korrupsiyanın, rüşvətxorluğun qarşısını tam şəkildə almaq mümkün olmayıb. Baxmayaraq ki, Ədliyyə Nazirliyi bütün imkanları və resursları ilə buna qarşı mübarizə aparır. Ancaq ölkə üçün bu, kifayət deyil. Bu halları aradan qaldırmaq üçün ölkə Prezidentinin iradəsinə söykənən daha radikal, fundamental addımlar atılacağı gözlənilir. Məhkəmə-hüquq sistemində aparılacaq islahatlar məhkəmələrin tamamilə azad olmasını, burada ASAN Xidmətdə olduğu kimi korrupsiya və rüşvətxorluq hallarının 0-a endirilməsini hədəfləyən bütün tədbirləri özündə əks etdirəcək. Bu, ciddi məsələdir. Yaxın zamanlarda məhkəmə-hüquq sisteminin yenidən və əsaslı şəkildə fəaliyyətini qurmaq üçün ölkə prezidentinin müvafiq qərarları olacaq”.
Deputat vurğulayıb ki, ayrı-ayrı dövlət strukturlarının məhkəmələrə ilk növbədə təsir imkanları məhdudlaşdırılmalıdır:
“Məsələn, istənilən xidmət sahəsində vətəndaşla, sahibkarla həmin xidmət sahəsinin rəhbərliyi arasında problem yaranır. Bu zaman müəyyən mənada vətəndaşın, sahibkarın hüquqları pozulur. O, nahaqdan cərimələrə məruz qalır. Bu kimi hallarda vətəndaş öz hüququnu qorumaq, məruz qaldığı haqsızlığı aradan qaldırmaq üçün məhkəməyə müraciət edəndə bir sıra çətinliklərlə üzləşir. Həmin xidmət sahəsinin rəhbərliyi müxtəlif kanallarla məhkəmə sisteminə təzyiq göstərir. Nəticədə vətəndaşın haqlı mövqeyi deyil, xidmət sahəsinin haqsız mövqeyi müdafiə olunur. Belə hallar çoxdur. Millət vəkillərinə də onlarla bu cür şikayətlər daxil olur. Azərbaycanın məhkəmə sistemində vicdanlı, təmiz, haqqa söykənən, qanunun aliliyinə hörmət edən və qanunun tələblərindən çıxış edən hakimlərimiz də var. Lakin təəssüf ki, bununla bərabər neqativ hallara yol verən hakimlərin sayı da kifayət qədər çoxdur. Onlar məhkəmə sistemindən tamamilə uzaqlaşdırılmalıdır”.
F.Ağamalı bildirib ki, Azərbaycanın hakimiyyət bölgüsündə məhkəmə xüsusi yer tutur:
“Bu gün ali icraedici hakimiyyətdə ciddi islahatlar, struktur dəyişiklikləri gedir. Qanunvericilik strukturunda ciddi xarakter daşıyan problemlər yoxdur. Ən müxtəlif sahələri əhatə edən qanunlar qəbul edilir. Milli Məclisdə bu gün işlək atmosfer mövcuddur. Ancaq məhkəmə sistemində üstün cəhətlərlə bərabər, çatışmayan məqamlar da kifayət qədər çoxdur. Təbii ki, bu sahədə ciddi islahatlar aparılacaq”.