Babayanın Qarabağ sayıqlaması: Bu, müzakirə oluna bilməz! – Cavab

20-03-2019, 10:52           
Babayanın Qarabağ sayıqlaması: Bu, müzakirə oluna bilməz! – Cavab
Sabiq dövlət müşaviri Qabil Hüseynlinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Ermənistan Madrid prinsiplərindən imtina edə bilərmi?

- Ermənistan Madrid prinsiplərindən imtina edə bilər. Amma əvəzində hansısa prinsipi, şərtləri Ermənistan qəbul etməyə məcbur olacaq. Madrid prinsiplərindən imtina etmək danışıqlardan imtina etməyə bərabərdir. Madrid prinsipləri 2007-ci ilin iyul ayında qəbul edilib və hər iki tərəflə razılaşdırılıb. Keçən müddət ərzində danışıqlar əsasən bu prinsip əsasında aparılırdı. Belə görünür ki, ermənilərin getdikcə iştahası artır. Heç əvvəllər Azərbaycan da Madrid prinsplərinə razı deyildi və buna görə də yenilənmiş Madrid prinsipləri variantını hazırlayaraq, ATƏT-in Minsk Qrupuna təklif etmişdi. O zaman Ermənistan tərəfdən Madrid prinsipləri tənqid edilmirdi və danışıqların əsası kimi qəbul edilirdi. İndi belə görünür ki, Paşinyanın gəlişindən sonra erməni siyasətçilər (Babayan da Ermənistanda siyasi hakimiyyət uğrunda mübarizə aparan şəxsdir) kəskin tələblər irəli sürməklə elektrol bazanın rəğbətini qazanmağa çalışır. Yəni Madrid prinsiplərindən imtina etmək, Kazan, Sankt-Peterburq prinsipləri əsasında danışıqları aparmaq törəmə fikirlərdir. Danışıqların bazasını təşkil edən prinsiplər formalaşdırılıb ki, bunlar beynəlxalq hüququn normalarına əsaslanır. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normalarına uyğun olaraq, Helsinki Yekun Aktının əsas prinsipləri olan ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmək və xalqların bərabərliyi prinsiplərini nəzərə alınaraq həll edilməsi bu baza prinsiplərinin əsasını təşkil edir. Son dövrlərdə əksər dövlətlər, eləcə də beynəlxalq qurumlar bildirir ki, sərhədlərin pozulmamasına, yəni ərazilərin dəyişdirilməməsinə dair Madrid prinsipi beynəlxalq hüququn cavan, ancaq çox mühüm prinsipidir. Bu yeni dünya nizamının formalaşdırılması və dünyada ərazi iddialarına uyğun olaraq qarşıdurmanın yaradılmasının qarşısını alır. Bu mənada beynəlxalq münasibətlərdə qarşıdurmaların, müharibələrin qarşısını almaq üçün əsas prinsip kimi qəbul edilir.

- Ermənilər xalqların öz müqəddəratını təyin etmə prinsipini əsas götürür. Bu prinsipdə hansısa reformasiyaya ehtiyac varmı?

- Öz müqəddəratını təyin etmək hüququ çox qoca prinsiplərdən hesab edilir. Bunun qəbul edilməsi ötən əsrin əvvəllərinə təsadüf edir. Öz müqəddəratını təyin etmək əvvəl sosial demokratların, daha sonra kommunistyönümlü dairələrin əsas şüar tutduğu ideyalardan biri idi. Bu millətlərarası münasibətləri proletar, sosialist inqilablara cəlb etməyin bir vasitəsi idi. Əvvəl bu ideyanı Roza Lüksemburq deyilən sosial demokrat xanım irəli sürüb, daha sonra marksizm-leninizmdə bundan istifadə edilib. Amma son dövrlərdə beynəlxalq hüquq xalqların öz müqəddəratını təyin etmək prinsipinin vaxtını keçirmiş fikir olduğunu qəbul edir və onun müxtəlif variantlarda təzahür etməsini əsas, hökmran millətin səlahiyyətinə buraxır. Yəni hökmran olan millət öz ərazi bütövlüyü çərçivəsində xalqların müqəddəratını təyin etmək hüququnun normalarını müəyyənləşdirə bilər. Formalar muxtar respublika, vilayət, əyalət və diyar, genişləndirilmiş idarəetmə formasında ola bilər, amma heç vaxt ərazi bütövlüyündən üstün şəkildə çıxış edə bilməz. Azərbaycan da beynəlxalq hüququn bu normasına əsaslanaraq, hər zaman bildirib ki, Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququnu öz ərazi bütövlüyünü təyin etdikdən sonra onlarla danışaraq həll edəcək və onlara ən yüksək muxtar respublika hüququ verəcək.

- Qarabağ separatçılarının keçmiş “müdafiə naziri” Samvel Babayan ötən gün müsahibələrinin birində Qarabağın həlli ilə bağlı yeni təklif irəli sürüb. Bu təklif Qarabağın həlli ilə bağlı danışıqların müzakirə mövzusu ola bilərmi?

- Babayanın Rusiyanın mandatı, yaxud kiminsə rəhbərliyi altında təklif etdiyi həll planı beynəlxalq hüquqa tamamilə ziddir. Əvvəla, dünya praktikasında mandat əsasında ərazinin idarə edilməsi II Dünya müharibəsindən sonra BMT tərəfindən təsbit edilib. Fələstin və İsrail dövlətlərinin yerləşdiyi ərazilər əvvəl BMT-nin mandatı altında idarə edilirdi. Sonra həmin ərazi iki yerə bölünərək, həm İsrailə, həm də Fələstinə dövlət qurmaq səlahiyyəti verilib. Yəni hansı xalq bacarıqlı tərpənsə, dövlətini quracaq. Ancaq həmin vaxtdan mandat vermək hüququ heç kimə tətbiq edilməyib. Ona görə də Babayanın bu “fikri” beynəlxalq hüququn müddəası deyil. Ona görə də bunu danışıqların müzakirəsi mövzusuna çevirmək olmaz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.