“İşin arxasında yüksək rütbəli bir şəxs var, onların borcu 100 milyonlarla ölçülür...”
30-10-2015, 00:26
teref.az bizimyol.info-ya istinadən bildirir ki, AMAY Ticarət Mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin vəkili Osman Kazımov Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. Bizimyol.info xəbər verir ki, vəkil Abdulla Abdullayev barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü "qanunsuz və sifarişli" adlandırıb.
"Məhkəmə hökmünün qəribəliklərindən biri odur ki, hökmdə cinayət işi materiallarına istinadən vurulmuş ziyanın ödənildiyi, bunun digər şəxslərə şamil edildiyi, amma Abdulla Abdullayevə tətbiq olunmaması qeyd edilir. Məhkəmə praktikası tarixində uzun müddətdir ki, qanunsuz hökmlərə şahid oluruq. Xüsusən də siyasi motivli işlərdə məhkəmələrin qeyri-obyektiv hökmlər çıxardığını görmüşük. Amma ziyanın ödənildiyi halda, hökmdə bunun təqsirləndirilənə tətbiq edilməməsinin ilk dəfədir şahidi oluram", - deyə vəkil bildirdi.
"Bir günün içində həm cinayət işi başlanılıb, həm də cəlbetmə qərarı ortaya çıxıb"
əkil qeyd edir ki, bu cinayət işi əsasən, AMAY ticarət mərkəzinin Xətai rayonu ərazisində yeni inzibati binasının tikintisi ilə bağlıdır: "Həmin binanın müəyyən bir müddətə tikilib başa çatdırılması Abdulla Abdullayevə həvalə edilib və hansısa yubilyeydə təhvil verilməsi ilə bağlı üzərinə öhdəlik qoyulub. Abdullayev də həmin binanın tikintisinin 90 faziini tiksə də, tam başa çatdırmaq üçün müəyyən vəsaitə ehtiyac yaranıb. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən bu məqsədlə pul vəsaitinin ayrılması nəzərdə tutlub. Buna görə də fondun rəhbərliyi tərəfindən Abdulla Abdullayevin Müşahidə Şurasının sədri olduğu "Birlik Bank"a müqavilə əsasında pul ayrılıb ki, AMAY-ın tikintisi başa çatdırılsın. Razılaşmaya əsasən, "Birlik Bank"a ayrılan pul firmalar vasitəsilə tikintiyə yönəldilib. Bu da qanunvericiliyin tələbinə uyğun olaraq edilib ki, böyük miqdarda pul vəsaitinin bir dəfəyə ayrılması mümkün deyil. Ayrı-ayrı firmaların yaradılması təşəbbüsü də SKMF-dən gəlib. Eyni zamanda "Texnika Bank"dan 40 milyon vəsait də AMAY-ın tikitisinin başa çatdırılması üçün ayrılıb və sərf edilib. Burada da ayrı-ayrı firmalar yaradılması təklifi "Texika Bank"ın rəhbərliyi tərəfindən edilib".
Vəkil qeyd edib ki, bu kreditlərə görə, AMAY-ın binasının ərazisi girov qoyulub: "Cinayət işi materiallarından da aydın olur ki, qoyulmuş girovun məbləği ayrılan kreditin həcmindən artıqdır. "Texnika Bank"ın nümayəndəsi də məhkəmədə bildirib ki, kredit onlara tam ödənilmişdir. Həmçinin SKMF-dan götürülən kreditin bir hissəsi nağd, bir hissəsi isə girov əmlakın hesabına ödənilmişdir. Buna baxmayaraq, kredit müqaviləsi başa çatmadığı halda SKMF hansısa təsir və təzyiqlərə görə, Baş Prokurorluğa müraciət etmişdir. Halbuki bu məsələdə mübahisə yaranacağı halda, mülki qaydada məhkəmədə həll edilməli idi. Qeyd edim ki, bu məsələ ilə bağlı 2007-ci ildə "Birlik Bank" məhkəməyə verilib və 2012-ci ildə İdarə Heyətinin sədri Səriyyə Səmədova barəsində məhkəmə hökmü çıxarılmışdır. Yəni əmələ bir dəfə hüquqi qiymət verilməsinə baxmayaraq, yenidən eyni məsələ ilə bağlı Abdulla Abdullayev barəsində cinayət işi başlanılıb".
Osman Kazımov əlavə edib ki, A.Abdullayev barəsində cinayət işinin başlanması zamanı da qanunsuzluğa yol verilib: "SKMF Baş Prokurorluğa 12 mart 2014-cü il tarixində müraciət edib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi müstəntiqinin cinayət işi başlama və icraata qəbul etmə qərarı isə 11 mart 2014-cü il tarixindədir. Yəni ərizə olmadığı halda, əsas olmadan Abdulla Abdullayevə cinayət işi başlanılıb. Bu isə absurddur və bir daha göstərir ki, bu cinayət işinin də, hökmün də səbəbkarı, sifarişçisi, yüksək vəzifəli qərəzli şəxsdir. Çünki material daxil olandan sonra bir ay müddətinə araşdırma aparılmalı və sonra cinayət işi başlamalıdır. Amma bir gün ərzində həm cinayət işi başlanılıb, həm də cəlbetmə qərarı ortaya çıxıb".
""Gənclik" metrosu ətrafında 130 dollara mənzil tikmək mümkündürmü?"
Osman Kazımov bildirib ki, bina tikintisi ilə məşğul olan "Xudafərin" MMC epizodu üzrə irəli sürülmüş ittihamın da A.Abdullayevə aidiyyatı olmayıb: "MMC-nin sahibi, müqavilələri bağlayan, pul alan və digər hərəkətləri edən tamam fərqli adamlardır və heç birində Abdulla Abdullayevin adı yoxdur. İstintaq isə hesab edir ki, faktiki rəhbər Abdullayevdir. Məhkəmə də hökmdə bu qənaətə gəlib. İstintaq Abdullayevə bu epizod üzrə məniməsəmə ittihamı vermək üçün ekspert həmin mənzillərin bir kvadrat metrinə sərf olunan məbləği 130 dollardan hesablayıb. "Gənclik" metrosu ətrafında 130 dollara mənzil tikmək mümkündürmü? Digər qanunsuz məqam ondan ibarətdir ki, 269 nəfəri bir qərarla zərərçəkmiş şəxs qismində tanıyıblar. Onların əksəriyyəti isə istintaqda və məhkəmədə dindirilməyib. Dindirilənlərin əksəriyyəti isə bildiriblər ki, mənzillərini alıblar və şikayətləri yoxdur. Həmçinin bir mənzilin 2-3 nəfərə satılması halı olmayıb".
Vəkilin sözlərinə görə, A.Abdullayevə qarşı 144 milyon manatlıq leqallaşdırma ilə bağlı ittiham verilsə də, heç bir sübut yoxdur. "Qeyd edilir ki, bir hissəsini burda, bir hissəsini isə İranda təyinatı istintaqa məlum olmayan fəaliyyət növünə sərf edib. İstintaq müəyyən edə bilməyibsə, bunun obyekti nə ilə qiymətləndirilib? Ümumiyyətlə leqallaşdırma ittihamı üzrə də heç bir sübut yoxdur. Ancaq məhkəmə hökmündə bu ittiham sübutsuz da nəzərə alınıb".
Vəkil vurğulayıb ki, A.Abdullayev barəsində seçilən həbs-qətimkan tədbiri də heç bir əsas olmadan seçilib: "Cinayət işi materiallarına sonradan məktublar əlavə ediblər ki, guya müxtəlif vaxtlarda Abdulla Abdullayevə məktub göndəriblər, gəlməyərək istintaqdan yayındığına görə, onun barəsində həbs-qətimkan tədbiri seçilib. Ancaq biz Poçt-rabitə xidmətinə sorğu verdik və məlum oldu ki, Abdulla Abdullayevin adına belə məktublar ümumiyyətlə göndərilməyib".
"100 milyonlarla dollar borcu olanları krediti ödəyəndən sonra buraxırlarsa, Abdullanı niyə saxlayırlar?"
Vəkil A.Abdullayevin kredit borcuna görə deyil, sifarişlə həbs edildiyinə əmindir: "Bir müddət əvvəl böyük midarda kredit borcu olan məşhur iş adamları hüquq-mühafizə orqanları tərəfindən saxlanıldılar və borclarını ödədikdən sonra sərbəst buraxıldılar. Halbuki onların borcu 100 milyonlarla ölçülür. Abdulla Abdullayev isə vaxtından da əvvəl, kredit müqaviləsi başa çatmadan borcunu ödədiyi halda, 13 il müddətinə azadlıqdan məhrum edilib. Heç qəsdən adam öldürənlərə də bu qədər cəza vermirlər".
O qeyd etdi ki, hazırda A.Abdullayevin işi Bakı Apellyasiya Məhkəməsində baxış mərhələsindədir. "Son günlərdə ölkə başçısı sahibkarlarlara qarşı təzyiqlərə son qoyulması üçün müəyyən addımlar atıb, tapşırıqlar verib. Ümid edirik ki, apellyasiya şikayətinə baxış zamanı iş adamı, 6 min iş yeri olan bir mərkəzin sahibi Abdulla Abdullayevin məsələsində də müsbət dəyişillik olacaq", deyən vəkil vurğuladı ki, Azərbaycan məhkəmə instansiyalarında A.Abdullayevin azad olunmasına nail olunmayacağı təqdirdə Avropa Məhkəməsinə müraciət edəcəklər.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 sentyabr 2015-ci il tarixli hökmü ilə A.Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlərə isə şərti azadlıqdan məhrum etmə cəzası verilib. Novruzov Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu və Qurbanov Vidadi Qəmbər oğlu 9 il müddətinə, Nadejda İlyasovnaya isə 8 il müddətinə şərti azadlıqdan məhrum edilib. Hökmdən apellyasiya şikayəti verilib.