Elman Sadıqov: “Banklar biznesə kredit ayırmır, yoxsa…”
28-10-2019, 09:28
“Bu gün normal qaydalarla kredit istəyib, imtina cavabı alan yoxdur”
Ölkə prezidentinin iştirakı ilə bu ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş hökumət müşavirəsində biznes kreditləşməsinin aşağı olması, istehlak kreditlərinin həcminin sürətlə artması narahatlıq doğuran məqam kimi qeyd olunub. Keçmiş iqtisadiyyat naziri Şahin Mustafayev isə bu məsələdə bankların məsuliyyət daşıdığını bəyan edib.
Azərbaycanda biznes kreditləşməsinin aşağı səviyyədə olmasının səbəbləri, vəziyyətdən çıxış yolları barədə iqtisadçı, bank-maliyyə sahəsi üzrə ekspert Elman Sadıqovla söhbətləşdik. Müsahibəni təqdim edirik.
– Elman bəy, hazırda Azərbaycanda istehlak kreditlərinin sürətli artımı diqqəti cəlb edir, ölkə rəhbərliyi səviyyəsində bundan narahatlıq ifadə olunub. Bu artıma hansı amillər səbəb olur?
– Narahatlıq haqlı və əsaslı narahatlıqdır. Bu narahatlıq əslində istehlak kreditlərinin artması ilə bağlı deyil. Problem istehlak kreditlərinin biznes kreditlərinə nisbətən yüksək templə artımındadır. Başqa cür ifadə etsək, real sektorun kreditləşməsinin zəif templə getməsindədir. Bunun səbəblərini isə qısaca təhlil etməyə çalışaq. Əslində istehlak kreditlərinin bu ildən etibarən sürətlə artması iqtisadi qanunauyğunluğun nəticəsidir. Baxın, 2015-ci ildən bəri Azərbaycanda demək olar ki, istehlak kreditləşməsi həyata keçirilməyib. Dörd il ərzində əhalinin tələbi üst-üstə yığılıb. İstehlak kreditləri bütün dünyada əhalinin tələbatı böyük olan kreditlərdir. Bu kreditlərlə əhali müxtəlif problemlərini həll edir: toy edir, xəstəliyini müalicə edir, evini təmir etdirir və sair. Dörd ildə yığılan tələb 2019-cu ildən istehlak kreditləri verilməyə başlandıqda kütləvi şəkildə bazara axdı. Həmişə hər hansı bir məhsul uzun müddət bazara çıxmayıb sonra çıxanda ona kütləvi axın olur. İstehlak kreditləri ilə bağlı da eyni vəziyyətdir. Digər tərəfdən, bu il əhalinin sosial vəziyyətinin yüksəldilməsi üçün dövlət başçısı tərəfindən çoxsaylı sərəncamlar verildi, əhaliyə əlavə olaraq 2 milyard manatdan yuxarı vəsait çatdı. Bu da istehlak kreditlərinə olan tələbi artıran mühüm amillərdən biridir. İqtisadiyyatda belədir ki, daxil olan 1 manat pulun il ərzində dövretmə sürətindən asılı olaraq multipikasiya effektinə əsasən 3-4-5 manata çevrilir.
– İstehlak kreditlərinin artmasına görə narahatlıqların səbəbi kimi faizlərin yüksək olduğu əsas gətirilir. Faizlərdə azalma varmı? Banklar stimullaşdırıcı addım olaraq faizlərin azaldılmasına gediblərmi bu kredit növü üzrə?
– 2015-ci ilədək istehlak kreditlərinin faizi 30-dan yuxarı idi. Bu gün Azərbaycanda 30 faizin üstündə istehlak krediti yoxdur, bu, birmənalıdır. Əksər banklar istehlak kreditlərini 19-21 faizlə verirlər. İstehlak kreditləri üzrə ortalama faiz 20-24 faiz ətrafında dəyişir. Bu da bəzi banklardakı 1 ildən çox verilən istehlak kreditləri üzrə 25-26 faiz dərəcəsinin tətbiqindən irəli gəlir. Dünyanın hər yerində belədir ki, riski yüksək olduğu üçün istehlak kreditlərinin faizi də yüksək olur. Çünki bu kreditlər əsasən girov təminatı olmadan verilir. Bu gün Mərkəzi Bankın uçot dərəcəsi 7.75 faizdir. Ölkədə depozit faizləri də ortalama 9-10 faiz təşkil edir. Və banklar 9-10 faizlə depozit cəlb edirsə, istehlak kreditlərinin risk dərəcəsi, əməliyyat xərcləri və digər xərclər üzərinə gəldikdə, 1 illik istehlak kreditləri üzrə illik 19-20 faiz normaldır. Lakin bir illik istehlak kreditləri üzrə illik 21-22 faizdən yuxarı istehlak kreditləri, açığı, bahadır. 2-3-4 il müddətinə verilən istehlak kreditlərində isə risk dərəcəsi artdığı üçün faiz dərəcələri də artır. Bu da yuxarıda qeyd olunan orta faiz dərəcəsinə təsir edir.
– Elman bəy, biznes kreditləri ilə bağlı vəziyyət necədir? Mərkəzi Bankın rəhbəri bildirib ki, bu kreditlərin az olması daha çox real sektorun problemlərindən qaynaqlanır. Biznes kreditlərinin faizi hansı səviyyədədir? Banklar bu kreditləri stimullaşdırmaq üçün nə kimi tədbirlər görürlər?
– İqtisadiyyatın öz qanunları var. Əgər bir məhsul satılmırsa, günahı alan tərəfdə axtarmaq lazımdır, yoxsa satan tərəfdə? Əlbəttə, alan tərəfdə. Çünki bu, o deməkdir ki, ya alıcılıq qabiliyyəti aşağıdır, ya bu mala tələbat yoxdur, ya da ondan istifadəyə şərait yoxdur. Biznes krediti bankların təklif etdiyi məhsuldur və biznes onu almır. Niyə almır deyə soruşsanız, bunun da öz səbəbləri var. Birinci səbəb bundan ibarətdir ki, artıq banklar biznes kreditlərini əvvəlki qaydada vermək istəmirlər. Çünki əvvəl bəsit mexanizm idi, o qayda ilə kredit versələr 3-4 ildən sonra banklar yenidən problemlərlə üzləşəcəklər. Konkret desək, real sektor özünün mühasibatlıq-uçot sistemini müasirləşdirməlidir. Banklar 2001-ci ildən beynəlxalq mühasibat uçotuna keçiblər. Amma real sektor hələ də buna keçməyib. Bu gün Azərbaycanda neft-qaz sektorundakılar istisna olmaqla, barmaqla sayılacaq qədər iri şirkətlər beynəlxalq mühasibat uçotu standartlarını tətbiq edir.
“Məmur biznesə qoşulursa, həmin sahədə gec-tez monopoliya yaranır”
Cənab prezident bu günlərdə bir daha vurğuladı ki, kölgə iqtisadiyyatı yüksəkdir və ona qarşı mübarizə aparmaq lazımdır. Mikayıl Cabbarov vergilər naziri olanda müxtəlif sahələrdə uçotdan yayınmanın rəsmi statistikadan dəfələrlə yüksək həddə olduğunu, hətta bir çox çətinliklər yaratdığını deyib. “Kölgə iqtisadiyyatı” qara mühasibatlıq, qeyri-şəffaflıq deməkdir. Əgər siz banka şəffaf mühasibat, uçot, normal əsaslandırılmış biznes-plan təqdim etmirsinizsə, aldığınız pulu qaytaracağınıza bankı rəsmi rəqəmlərinizlə inandıra bilmirsinizsə, bankın sizə əvvəlki qayda ilə kredit verəcəyini gözləməyin. Əgər bu kredit veriləcəksə, problemli kreditə çevrilmə ehtimalı da yüksək olacaq. Banklar bir dəfə etdikləri səhvi daha təkrarlamaq istəmirlər. Bu gün real sektorda hərəkətlilik, kreditlərə tələb yoxdur.
Biznes kreditlərinin faizi 10-15 arasındadır. Bu, asılıdır kreditin məbləğindən, girovdan və sair. Və bu gün bankların biznes kreditlərinə böyük ehtiyacı var. Bir biznes krediti istehlak kreditindən qat-qat sərfəli və gəlirlidir – faiz gəlirlərindən əlavə, krediti alan sahibkar biznesini daha da inkişaf etdirir, bank hesablarındakı dövriyyəsi artır, işçilərinə daha yüksək maaş verir, əlavə işçilər götürür, köçürmələr və digər müxtəlif bank əməliyyatları həyata keçirir, nəticədə bank daha çox komissiya haqqı qazanır və sair. Sahibkarın işçilərinin də hamısı banklar üçün potensial müştəridir. Bu gün Azərbaycanda bankların kredit istəyən biznesə yox dediyinə dair hər hansı şikayət yoxdur. Çünki banklar normal təklifə heç vaxt yox demirlər, əksinə, biznes krediti axtarışındadırlar.
– Biznes niyə kredit istəmir, səbəb nədir? Ehtiyacımı yoxdur, alacağı vəsaiti normal xərcləmək imkanımı yoxdur? Prezident çıxışında monopolizmi və məmur himayədarlığını da kəskin tənqid etdi. Bunlar real sektorun kredit tələbatına necə təsir edir?
– Bu suallara cavab vermək üçün real sektordakı problemləri araşdırmaq lazımdır. Bir problem qeyd olunub – “kölgə iqtisadiyyatı”. Kölgə iqtisadiyyatını formalaşdıran səbəbləri isə dövlət başçısı qeyd edib – birincisi, məmurların biznes maraqları. Biznesə yanaşma tərzində sahibkar və məmurlar arasında fərq var. Hər hansı məmur biznesə qoşulursa, bu, həmin sahədə əvvəl-axır monopoliyanın formalaşmasına səbəb olur. Reallıq budur ki, məmur himayəsinə arxalanan monopoliyaların mövcud olduğu sahədə fəaliyyət göstərən digər kiçik sahibkarlar da fəaliyyətlərini şəffaf qura bilmirlər. Şəffaf qursalar rəqabətə davam gətirə bilməzlər. Çünki həmin sahənin az qala 60-70 faizini əhatə edən monopolist şirkətdə mühasibatlıq şəffaf deyil. Son 4-5 ildə vəziyyət müsbətə doğru dəyişib. Monopolist şirkətlərin bazar payı əvvəlki kimi 60-70 faiz ətrafında deyil. Rəqabət nisbətən artıb. Lakin bu da bir həqiqətdir ki, hətta bir sahə üzrə 30-40 faiz paya sahib olan şirkətdə hesabatlılıq tam şəffaf deyilsə, həmin sahədə fəaliyyət göstərib şəffaf mühasibatlıq tətbiq edən digər şirkətlər rəqabətə çətinliklə dözə bilərlər.
Cənubi Koreya təcrübəsindən görürük ki, dövlət ixraca istiqamətlənmiş monopoliyaları dəstəklədi, böyük uğurlar əldə etdi. Bizdə bu gün hansı monopolist şirkət xaricə istiqamətlənib? Bir və ya iki şirkət aktiv ixracla məşğuldur. Lakin xaricə istiqamətlənməyib. Yəni istehsal etdiyi heç bir məhsulun 50 faizdən çoxunu ixrac etmir, ixrac hesabına deyil, daxili satışlar hesabına fəaliyyət göstərir. Məsələ budur. Halbuki ölkə daxilində onlara yaradılan münbit şəraitdən istifadə edərək xarici bazarlara genişlənə bilərdilər. Bu faktdır ki, hansı məhsul xarici bazarda rəqabətə davam gətirmək üçün istehsal olunmursa, onun yüksək keyifyyətindən danışmaq mümkün deyil. Bu, bütün dünyada qəbul olunmuş gerçəklikdir.
– İndiki halda banklar nə edə bilərlər – bu gün onlara qarşı ittihamlar çoxdur – biznes kreditlərini stimullaşdırmaq üçün hansı addımlar ata bilərlər?
– Azərbaycanda bank sektorunun kapital adekvatlığı çox yüksəkdir. Bu gün bank sektorunun ümumi aktivləri 31,4 milyard manat, kapitalı isə 4,7 milyard manatdır. Yəni kapital adekvatlığı 15 faizə qədərdir ki, bu da dünya standartlarının üzərində olan bir göstəricidir. Beynəlxalq reytinq agentlikləri də bunu müsbət amil kimi qiymətləndirirlər. Lakin 31,4 milyard manatlıq bank aktivi Azərbaycan iqtisadiyyatı üçün çox kiçik rəqəmdir. 80 milyard manatlıq ÜDM-in cəmi 39 faizi deməkdir. Bu isə Azərbaycanda bank sektorunun çox kiçik olmasından xəbər verir. Yəni bizim bank sektorunun böyüməsinə ehtiyac var. Bunun üçünsə əsas şərtlərdən biri real sektorun aktivliyidir. Bu rəqəm əslində Azərbaycanda “kölgə iqtisadiyyatı”nın yüksək olduğunu göstərir. Kölgə iqtisadiyyatı yüksək olmasaydı, bu gün Azərbaycanda bank aktivləri dünya standartlarına uyğun olaraq ÜDM-in azı 50-60 faizi səviyyəsində olardı. Kreditlər isə ÜDM-in 17,3 faizi civarındadır ki, bu da həddən artıq kiçik rəqəmdir.
Əlbəttə, bankların da öz problemləri var və onların həlli üçün addımlar atılır. Düşünürəm ki, indiki vəziyyətdən real çıxış yollarını tapmaq, ortaq məxrəcə gəlmək üçün Banklar Assosiasiyası, Sahibkarlar Konfederasiyası və hökumətin müvafiq qurumları bir araya gəlib məsələni dərindən müzakirə edə bilərlər. Hər tərəf öz arqumentlərini qoysun ortaya, müzakirə olunsun və çıxış yolları müəyyənləşdirilsin. Sahibkarlar öz problemlərini, çətinliklərini desinlər, banklar da həmçinin. Hökumət nümayəndələri də hər iki tərəfin arqumentlərini qiymətləndirib, vəziyyəti dəyişmək üçün tədbirlərin hazırlanmasına şərait yaratsınlar. Əsas problem real sektorda şəffaf mühasibatlığın tətbiqidir. İlk addımlar buradan başlamalıdır. Çünki indiki şərtlərlə banklar kreditləşməyə başlasalar, 3-4 ildən sonra real sektorun problemləri banklara sıçrayacaq.
Düşünürəm ki, qısa müddətdə – 6 ayda, 1 ildə bu vəziyyəti köklü dəyişmək mümkün deyil. Amma gecikmədən addımlar atmağa başlamaq lazımdır. Çünki indiki artım səviyyəsi ilə istehlak kreditlərinin verilməsi bir neçə ildən sonra əhalinin yüklənməsi və problemlərin yaranması ilə nəticələnəcək.