Yaponiyanın texnologiya nəhəngindən "Intel"ə 2 milyardlıq sərmayə
Bu gün, 16:44

Yaponiyanın texnologiya nəhəngi “SoftBank” ABŞ-ın çip istehsalçısı “Intel-ə 2 milyard dollar sərmayə qoyacağını açıqlayıb. Razılaşmaya əsasən, “SoftBank” “Intel”in səhmlərini hər birini 23 dollardan alacaq.
Xəbərin ardından “İntel”in səhmləri birjada 5 faizdən çox bahalaşıb.
Bu addım təkcə texnologiyaya inamın göstəricisi deyil, həm də ABŞ hökumətinin çip istehsalını ölkə daxilində artırmaq siyasətinin nəticəsi kimi dəyərləndirilir. Belə ki, son günlər Prezident Donald Tramp “Intel”in rəhbəri Lip-Bu Tanın vəzifədən uzaqlaşdırılmasını tələb etmiş, hökumətin şirkətə ortaq ola biləcəyi barədə xəbərlər isə müzakirələri gücləndirmişdi. İddialara görə, Ağ Ev daha əvvəl ayrılmış dövlət subsidiyalarını səhmlərə çevirərək şirkətin təxminən 10 faizinə sahib olmağı nəzərdən keçirir.
Eyni zamanda, son illər “Intel rəqabətdə geri qalıb. “Nvidia”, “AMD”, “TSMC” və “Samsung” kimi rəqiblərlə müqayisədə həm məhsul keyfiyyəti, həm də istehsal gücü baxımından geridə olduğu qeyd olunur. Şirkətin CEO-su Lip-Bu Tan vəziyyəti dəyişmək üçün yenidənqurma planına start verib, bəzi yan sahələri bağlayıb və “İntel Foundry” bölməsində 15-20 faiz işçi ixtisarı elan edib.